YA HEYVANLAR İNSANLARI TANRILARI KİMİ GÖRÜRLƏRSƏ?

YA HEYVANLAR İNSANLARI TANRILARI KİMİ GÖRÜRLƏRSƏ?
İnsanoğlu niyə Tanrıya inanır? Bəli, qorxduğu üçün. Naməlumdan, tək qalmaqdan, nəzarətsizlikdən qorxur. Şüuraltımıza yeridilən “birindən mütləq çəkinməlisən” fikri bizi zəiflədir, bizi daim kiməsə möhtac hala salır. Biz özümüzdən üstün bir varlıq düşünür və sonra onun kölgəsində yaşamağa razı oluruq. Sanki azadlıqdan qaçıb, təhlükəsiz bir əsarət seçirik.
Bəs heyvanlar? Onların da bizim kimi bir Tanrıları varmı?
Bunu dəqiq bilə bilmərik. İnsan düşündüyü qədər empatik deyil. “Anlayıram” demək asandır, amma heç vaxt tam olaraq başqa bir varlığın şüuruna daxil ola bilmirik. Biz sadəcə öz baxış bucağımızdan qiymət veririk. Onların dünyasını isə yalnız təxmin edə bilirik.
Fikrimcə, heyvanlar iki cürdür: insana bağlı olanlar və insandan uzaq olanlar. Ev heyvanları min illərdir bizimlə yaşayır. Onların həyatı bizim qərarlarımızdan asılıdır. Biz onları qoruyur, bəsləyir, sevdirir, amma eyni zamanda istəsək həyatlarına son qoya bilirik. Onların taleyi bizim əlimizdədir. Onların dünyasında biz görünməyən, amma hər şeyi dəyişdirə bilən bir qüvvəyik.
Tanrı kimi.
Vəhşi heyvanlar isə bu sistemdən kənardadır. Onlar bizə tabe deyil, biz də onlara tam hakim deyilik. Sadəcə nəzarət edirik, bəzən qoruyuruq, bəzən də gecikmiş mərhəmət göstəririk. Onları “nəsli kəsilməkdə olan” adlandırırıq və bununla sanki öz vicdanımızı sakitləşdiririk. Onlara dəyər verdiyimizi deyirik, amma bu dəyər çox vaxt gec gəlir.
Bəlkə də bu, güc sahibi olan varlığın klassik davranışıdır: əvvəl məhv et, sonra qorumağa çalış.
Ev heyvanlarının Tanrısıyıq — bəli, amma tam olaraq da yox. Çünki biz seçim edə bilirik, onlar isə yox. Onlar itaət etməyə məhkumdur. Üsyan etmək, qarşı çıxmaq, inanmamaq onların seçimləri deyil. Onlar sadəcə yaşayır və bizim verdiyimiz sərhədlər daxilində mövcud olurlar.
Biz isə seçim edirik. Hətta bəzən seçimin ağırlığını daşıya bilmədiyimiz üçün Tanrı anlayışına sığınırıq.
Amma ən böyük fərq budur: Tanrı yaratdığını yemir. Biz isə yeyirik. Biz hökm edirik, amma mərhəmətdə aciz qalırıq. Biz qoruyuruq, amma eyni zamanda məhv də edirik.
Biz Tanrı kimi hökm edirik, amma Tanrı kimi davranmırıq.
Bəs onda belə çıxır ki, insan nədir?
Tanrıya yaxınlaşmağa çalışan bir varlıq, yoxsa sadəcə güc qazanmış vəhşi?
İnsan Tanrıya bənzəyir, yoxsa sadəcə güc qazanmış vəhşi bir varlıqdır?

Onur Cəbrayılov
Jurnalistika ixtisası üzrə l kurs tələbəsi


скачать dle 12.1
Geri qayıt