İdarə edən insan, yoxsa maşın?
Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Süni intellekt isə artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün demək olar ki, hər kəs ondan istifadə edir. O, istədiyimiz məlumatları qısa zamanda əldə etməyə imkan yaradır və gündəlik işlərimizi xeyli asanlaşdırır.
Bəzən düşünürəm ki, insanlar bu texnologiyanın təsiri altına düşərək ona həddindən artıq bağlı hala gəlirlər. Süni intellektlə söhbət etdikdə elə təəssürat yaranır ki, o, düşüncələrimizi anlayır, demək istədiklərimizi hiss edir və uyğun cavab verir. Elə vaxt olur ki, hər şeyi ondan soruşur, verdiyi cavablara əsasən qərar veririk. Bu isə bir sualı ortaya çıxarır: Gələcəyi kim idarə edəcək - insanlarmı, yoxsa süni intellektmi?
Unutmamalıyıq ki, süni intellekti yaradan da elə insanın özüdür. Onun sayəsində məlumatlara daha sürətli və rahat şəkildə çatmaq mümkündür. Lakin bu texnologiyanın sürətlə yayılması və inkişafı ilə bağlı müəyyən narahatlıqlar da mövcuddur. İnsanların iş yerlərini itirməsi, şəxsi məlumatların təhlükəsizliyi və texnologiyanın nəzarətdən çıxma ehtimalı bu narahatlıqların əsas səbəblərindəndir.
Süni intellekt artıq bir çox sahələrdə olduğu kimi jurnalistikada da öz yerini tutmağa başlayıb və media savadlılığının bir hissəsinə çevrilib. Bu texnologiya xəbərlərin hazırlanması, redaktəsi və təqdim olunması prosesində geniş istifadə edilir. Hətta bəzi hallarda xəbərləri süni intellektə əsaslanan virtual aparıcılar təqdim edir.
Bununla yanaşı, bu inkişaf bəzi hallarda insanların narazılığına da səbəb olur. Belə ki, bəzi şəxslər texnologiyadan sui-istifadə edərək insanların şəkillərini icazəsiz götürür, onları dəyişdirir və uyğunsuz görüntülər yaradırlar. Daha sonra isə həmin materiallardan istifadə edərək insanları şantaj etməyə çalışırlar.
Süni intellektdən sui-istifadə hallarından qorunmaq üçün ilk növbədə insanlar diqqətli və şüurlu olmalıdırlar. Bu gün onun vasitəsilə saxta xəbərlər, manipulyasiya olunmuş videolar və aldadıcı məlumatlar asanlıqla yayıla bilir. Buna görə də qarşılaşdığımız hər hansı məlumatı dərhal doğru hesab etmək əvəzinə, onun mənbəyini araşdırmaq və dəqiqliyini yoxlamaq vacibdir.
Media eksperti Yadigar Məmmədlinin sözlərinə görə, süni intellekt vasitəsilə qanunsuz şəkillər hazırlayan şəxslər 7000 manatadək cərimə və 5 ilədək həbs cəzası ilə üzləşə bilərlər.
Əgər süni intellektdən düzgün və məsuliyyətli şəkildə istifadə etsək, o, gələcəkdə ciddi problemə deyil, böyük imkanlara çevrilə bilər. Gələcəyin sahibi olmaq istəyiriksə, ilk növbədə süni intellektin deyil, öz ağlımızın və iradəmizin idarəsində qalmalıyıq.
Rəqsanə Əliyeva
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi
