Qarlı havada Bakıda neçə avtobusa ziyan dəydi?

Bakı Bus MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva GunAz.az-a bildirib ki, hava şəraitinin yaratdığı çətinliklər səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların hərəkətində fasilələr olub.
“Bəzi avtobuslarda kiçik zədələnmələr qeydə alınıb. Hazırda texniki vəziyyət yoxlanılır və bərpa prosesi davam edir. Təmir işləri operativ şəkildə həyata keçirilir, sərnişinlərin təhlükəsizliyi üçün bütün zəruri tədbirlər görülür. Lakin təmir xərcləri ilə bağlı dəqiq rəqəm yalnız proses başa çatdıqdan sonra müəyyən ediləcək”, – o vurğulayıb.
“Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev isə qeyd edib ki, son günlər buzlu yollar səbəbindən 30-a yaxın yol-nəqliyyat hadisəsi qeydə alınıb:
“Bunların əksəriyyəti yüngül qəzalar və sürtünmələrdir. Şirkətimizə məxsus avtobuslar sığortalıdır və dəymiş ziyanın məbləği sığorta şirkətləri və texniki heyət tərəfindən hesablanır. Zədələnmiş avtobusların əksəriyyəti artıq marşrut xətlərinə qaytarılıb”.