20 Yanvar faciəsi izdihamla QEYD EDİLDİ

Qanlı 20 Yanvar faciəsindən 33 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.Dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi. Prezident İlham Əliyev "Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Ölkəmizin bütün idarə və müəssisələri, siravi vətəndaşlar, siyasi partiyaların təmsilçiləri, qeyri-hükümət təşkilatları əvvəlki illərdə olduğu kimi bu il də izdihama qoşularaq 20 Yanvar şəhidlərinin xatirəsini yad etdilər.
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, onun milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Keçmiş Sovet rəhbərliyinin və Ermənistan daşnak-millətçi ünsürlərin birgə təşkilatçılığı ilə təşkil olunmuş və təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun hücumuna məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 33 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Azərbaycan xalqının qorxmazlığı, əzmkarlığı və mübarizliyi imperiya qüvvələrini qorxuya saldı və onlar Qarabağın Ermənistana verilməsi planını təxirə salmağa məcbur oldular.
Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
Qafar Əliyev,
YAP Qaradağ rayon Təşkilatının sədri