Xocalı soyqırımını törədən erməni terrorçuları öz cəzalarını alırlar
Əhməd Oruc: «Dünya birliyi vaxtında ermənilərə dur, dayan desəydi indiki kimi qanlı döyüşlər olmazdı»
Müsahibimiz Azadlıq Partiyasının sədri Əhməd Orucdur.
- Əhməd bəy artıq bir aydan çoxdur ki, müharibə gedir, bu müddət ərzində əldə
etdiyimiz uğurları necə qiymətləndirirsiniz?
-Hesab edirəm ki, Azərbaycan xalqı tariximizin çox böyük, şərəfli,
qudsal dönəmini yaşayır. Bütün azərbaycanlıların torpaqlarımızın azad olması ən
böyük arzusudur. Qəhrəman Azərbaycan Ordusu, Ali Baş Komandanımız İlham Əliyev
xalqımıza zəfər müjdələri verir. Hər gün bir kəndimiz, bir şəhərimiz işğaldan
azad olunur. Bu Tarix Azərbaycanın qürurverici tarixidir, şəhidlərimizin,
yaralılarımızın olmasına baxmayaraq Vətənənin azad olunması yolunda millətimiz
qürurludu, məğrurdu. Son bir ayın tarixi hesab edirəm ki, yaxın 100 illiklərin ən
şərəfli tarixi günlərindən olacaq. Mən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə
şəfalar diləyirəm, şəhid ailələrinin hər birinin qarşısında baş əyirəm və
onlara bildirmək istəyirəm ki, bu torpaqları bizə onların övladları Vətən etdi.
Onların övladları öz həyatlarını ən müqəddəs amala fəda etdi. Biz hamımız bir
gün öləcəyik, amma bu Vətən durduqca şəhidlərimiz sağdırlar, ayaqdadırlar.
Onlar öz qanları ilə bu Vətən torpağının hər qarışını müqəddəsləşdirdilər.
- Ermənistan tərəfi Azərbaycanın dinc sakinləri və mülki obyektləri qadağan
olunmuş silahlarla, raketlərlə vurur. Onların bu hərəkəti Beynəlxalq Haqa Məhkəməsinə
və digər məhkəmələrə gedib çatacaqmı?
- Açığıı Azərbaycan prokurorluğu konkret hər bir cinayət işi ilə araşdırmalar
aparmağa başlayıb. Mən ümid edirəm ki, həmin cinayət işləri sonda beynəlxalq
tribunallara göndəriləcək. Dünya birliyinin bu cinayətlərə hansı münasibət bəsləyəcəyi
bəlli olmasa da ordumuz tərəfindən həmin canilər öz cəzalarına çatırlar. Azərbaycan
xalqına qarşı cinayətdə iştirak etmiş minlərlə erməni terrorçusu, o cümlədən
Xocalı soyqırımı iştirakçıları öz cəzalarını alırlar. Dünya birliyi vaxtında
ermənilərə dur, dayan desəydi indiki kimi qanlı döyüşlər olmazdı. Uzun müddət
böyük dövlətlər, o cümlədən Minsk qrupunun həmsədri olan ölkələr, ədalətli
mövqe nümayiş etdirməyib, əksinə təcavüzkara - ermənilərə dəstək verirlər.
Regionda və dünyada Türkiyənin yerinin və rolunun dəyişməsi ilə ermənilər öz
layiq olduğu cəzalarını aldılar. Bütün dünya bilir ki, ədalət bizim tərəfimizdədir.
Təcavüzə məruz qalan bizik, bütün döyüş əməliyyatları bizim ərazimizdə gedir.
Ən dağıdıcı raketlərlə bizim şəhərlərimiz, kəndlərimizi atəşə tuturlar.
- Sizcə, Qarabağ müharibəsinin ikinci mərhələsi nə qədər uzana bilər,
müharibənin sonunu necə görürsünüz?
- Mən hesab edirəm ki, Azərbaycan Ordusu çox doğru taktika ilə əməliyyatlar
aparır. İtkilərimizin az olması üçün ərazilərdə əvvəlcə ciddi təmizləmə işləri
aparılır. Azərbaycan xalqının ordusuna dəstəyi tamdır və sona qədər də
ordusunun arxasındadır. Azərbaycanın bu döyüşü qalibiyyətlə başa çatdırması
üçün hər cür resursu var. Ümid edirəm ki, yaxın bir neçə gündə Laçın koridoru
bağlanacaq və ermənilər təslim aktını imzalamağa məcbur olacaq.
- Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması sizin
partiyanı qane edirmi və sizin bunda rolunuz nədən ibarətdir?
- Azərbaycanın haqlı mübarizəsi ilə bağlı dünya yetərincə xəbərdardır. Qarabağ
problemini dünyanın super gücləri yaradıb və problemin uzanmasında onlar
maraqlıdırlar. Bizdə belə bir səhv fikir formalaşıb ki, guya biz həqiqəti
dünyaya çatdırsaq dünya dövlətlərinin münaqişə ilə bağlı mövqeyi dəyişəcək. Bu
belə deyil. Əslində bu problemi dünya yaradıb və bunun mahiyyətini, Azərbaycan ərazisində
ermənilərə dövlət yaradılmasının nə nəticələr verəcəyini onlar bizdən də yaxşı
bilir. Gördünüz ki, BMT Təhlükəsizlik Şurası son yığıncağında vasitəçi dövlətlər,
dünyanın super gücləri erməniləri müdafiə etməyə münaqişə ilə bağlı haqsız bir
qətnamə qəbul etməyə çalışdılar. Ona görə hesab edirəm ki, əsas diqqəti
torpaqlarımızın azad olunmağına, öz haqqımıza sahib durmağa yönəltməliyik, əsas
məsələ budur.
İlqar QURBAN