“Ərdoğanın bu addımı diplomatik gedişdir” – Elçin Şıxlı
GunAz.az “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edir:
- Elçin bəy, ABŞ prezidentinin müşaviri Con Boltonun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfərinin ABŞ-Türkiyə münasibətlərinin normallaşmasına gətirib çıxaracağına dair fikirlər səslənirdi. Hətta FETÖ rəhbəri Fətullah Gülənin ekstradisiyası məsələsinin müzakirə masasında olacağı bildirilirdi.Amma gözlənilənlərin əksi baş verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boltonun görüş təklifini rədd etdi. Onun bu addımı iki ölkə münasibətlərini hansı məcraya yönəldəcək?
- Sözün düzü, nə ABŞ, nə də Türkiyənin indiki siyasətini başa düşmək olur. Çünki konkret xətt yoxdur. Tramp peşəkar siyasətçi olmadığı üçün həm ölkəsini, həm hökuməti, həm də dünyanı, deyəsən, atdığı tvitlər vasitəsilə idarə edir. Gah deyir qoşunları Suriyadan çıxarıram, gah deyir Türkiyə bizimlə qardaşdır. Bilmirəm, Ərdoğan nədən belə hərəkət edib, Boltonu niyə qəbul etməyib. Söhbət ondan gedir ki, Türkiyə hələ də NATO ölkəsidir, bölgədə dövlət kimi Tramp, Kennedi, Conson, Buşdan asılı olmayaraq ABŞ-la strateji tərəfdaşdır. Ola bilsin, hansısa taktiki gedişlərdir. Münasibətlər pozula bilməz. 6 ay bundan əvvəl heç bir ciddi əsas olmadan türkiyəli nazirə sanksiyalar tətbiq olundu, hamımız Türkiyə iqtisadiyyatının vəziyyətinin nə hala düşdüyünün şahidi olduq. Rusiyadan S-400 zenit-raket kompleksi almaq istəyirdi, müqavilə də bağlanmışdı, sonradan ABŞ “Patriot” havadan müdafiə kompleksini Türkiyəyə demək olar ki, satdı, hərbi sahədə əməkdaşlıq var.
Lakin Türkiyə və ABŞ-ın toqquşduğu bir məqam var, bu da kürd yaraqlılarıdır, yəni separatçı terrorçulardır. Zənnimcə, vaxtilə Türkiyə parlamenti yanlışlığa yol verdi, o zaman ABŞ İraqa girmək üçün Türkiyədən yol istədi, Türkiyə isə yol vermədi. ABŞ İraqa girdi, amma artıq istinad etdiyi qüvvə kürd yaraqlıları oldu. Hələ də biz, yəni Türkiyə bunun altını çəkirik. Türkiyənin kürd yaraqlıları ilə niyə barışa bilmədiyini anlayırıq, çünki onlar terroru dayandırmaq istəmirlər, Türkiyəni bir dövlət olaraq məhv etmək niyyətindədirlər. Bu da Türkiyə üçün təbii təhdiddir. ABŞ deyir ki, kürd yaraqlılarının İŞİD-lə mübarizədə xeyli köməyi dəyib, onlar bizim tərəfdaşlarımızdır, yarı yolda qoymaq istəmirik. Hərçənd böyük siyasətdə yarı yolda qoymaq məsələsi yoxdur, hərənin öz marağı olur. Bu nöqteyi-nəzərdən əsas məsələ heç Fətullah Gülənin ekstradisiyası da deyil, o, xırda bir şeydir. Böyük dövlətlər arasında bir adam üstündə dava düşməz, sadəcə olaraq o, bəhanə ola bilər. Zənnimcə, burada əsas məsələ kürd məsələsi, təbii ki, Türkiyənin özünü qorumaq məsələsidir.
- Elə Ərdoğanı qəzəbləndirən də ABŞ prezidentinin müşavirinin Türkiyədən ABŞ-ın müttəfiqi kürdləri təhlükə gözləməyəcəyinə dair zəmanət istəməsidir...
- Ərdoğanın bu addımı diplomatik gedişdir və kürd məsələsində güzəştə getməyəcək. Güzəşt olsa, təsəvvür edin, Türkiyənin problemləri birə on artar.
- Rusiyanın hərbi polis qüvvələri bu gün Menbiç ətrafında patrul xidmətini həyata keçirməyə başlayıb. Bunun hansı nəticəsi olacaq?
- ABŞ məncə, bu məsələyə də baxacaq. Rusiya patrul xidmətini həyata keçirsə də bu gün və ya sabah əsgəri səviyyədə toqquşma ola bilər, ciddi qarşıdurma baş verməyəcək.
- Türkiyənin Fərat çayının şərq sahillərində nəzərdə tutulan əməliyyatlardan gözləntiləriniz nədir?
- Fərat çayının şərq sahillərində əməliyyatların başlanacağına dair söhbətlər artıq 2 aydır gedir, amma hələ başlanmayıb. Mənə elə gəlir ki, hansısa əməliyyatın doğrudan da uğurlu olmasını istəyənlər bunu heç kəsə xəbər vermədən həyata keçirib məqsədinə çatır. Yaxud “hərbi əməliyyat keçirəcəyəm”deyib digərlərini xəbərdar edir ki, filan şərtlərim var, bu tələblərimi yerinə yetirməsəniz, belə addım da ata bilərəm. Yəni bu, siyasi oyundur, müəyyən mənada siyasi şantaj da ola bilər. Əməliyyat keçirmək istəyən dövlətin məqsədi məlum olanda sakitcə heç kimə xəbər vermədən ildırım sürətilə keçirir və məsələni həll edir.
- ABŞ Suriyadan çıxmaq barədə qərarını açıqlayıb, hərbçilərini Əfqanıstandan çıxaracağı ilə bağlı bəyanat da səslənib. Daha sonra Əsədə yönəlik bir açıqlama da yaydılar ki, tələsmirik, rejim kimyəvi silahlar əleyhinə mübarizənin dayandığını düşünməsin...
- Bayaq söylədim ki, Tramp Tvitter vasitəsilə ölkəsini və dünyanı idarə edir. Xatırlayırsınızsa, Suriyada hərbi əməliyyatlara məsul şəxs, Pentaqonun rəhbəri belə onun bu qərarına etiraz olaraq istefa verdi. Tramp bir neçə gün qabaq tvitində yazıb ki, Suriyadan çıxacağıq, amma bu proses bir-iki günün söhbəti deyil. Vəziyyət bir balaca dəyişən kimi bir tvit də atacaq ki, daha çıxası olmadıq. Proses hələ uzun çəkəcək. ABŞ o boyda əziyyətdən sonra, maliyyə və insan itkisi bahasına əldə elədiyi mövqelərini asanlıqla buraxıb gedə bilməz, heç getməyəcək də. Bu və ya digər şəkildə qalacaq, çünki Suriya ərazisində ABŞ-ın 12-dən 14-ə qədər hərbi bazası mövcuddur.
- Bəs ABŞ-ın Suriyada İŞİD-in 99 faiz məhv edildiyinə dair bəyanatı nə dərəcədə realdır?
- Ciddi məsələ deyil. Söhbət ondan gedir ki, ola bilsin İŞİD-i hansısa mövqelərdən sıxışdırıblar, amma ideya və fikir olaraq onları məğlubiyyətə uğratmayıblar. İŞİD geri otuzdurulub, amma hələ də başları əzilməyib. İdeya olaraq başı əzilməsə, onlar üzərində qələbənin çalındığını söyləmək düzgün deyil.
- İran tərəfi hesab edir ki, əslində Suriyada İŞİD məhv olmayıb, Birləşmiş Ştatların Suriyadakı strategiyası fiaskoya uğrayıb. Bu fikirlərlə nə dərəcədə razılaşmaq olar?
- Fiaskoya uğrayan bu gün-sabah İranın özü olacaq. Çünki güclü sanksiyalar altındadır və iqtisadi cəhətdən çökdürüləcək. İran ABŞ barədə həmişə deyir fiaskoya uğradı...
- Sonda Suriyanın hazırki mənzərəsini necə ifadə etmək olar?
- Suriyada 10 ildir aləm bir-birinə dəyib. Bəşər Əsədi götürsələr belə, məsələlərin düzələcəyinə inanmıram. Çünki Suriyada ABŞ, Rusiya, İran, Türkiyənin maraqları toqquşur. Onlar burada öz istədiklərinə nail olmayana qədər aləm qarışacaq. Bu proses hələ çox gedəcək.(Teleqraf.com)