TARİX ASAN YAZILMIR – “AZƏRBAYCAN”
Türkiyənin tanınmış qəzetlərindən biri olan Turkishnews qəzeti 31 dekabr 1989-cu il tarixindən yazıb. Qəzetin yazarı tanınmış jurnalisti Nigar Ögedayın müsahibi o şərəfli tarixi hadisənin fəal iştirakçısı olmuş, “Turan Araşdırma Mərkəzi” ib-nin sədr müavini, iqtisadçı alim, hüquqşunas Cavid İsmayıl olub. Azərbaycan oxucusu üçün də maraqlı olacağını nəzərə alaraq həmin müsahibəni təqdim edirik.
– Əfsuslar olsun ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı hətta, Azərbaycanda belə, bu tarixi bilməyənlər də var.
– Xatırladıram ki, xalqımızın təntənə ilə qeyd etdiyi 31 dekabr tarixi adi bayram tarixi deyil. Bu, Vahid Azərbaycanı “Şimal” və “Cənub” adı ilə iki hissəyə parçalayan rus imperiyasının ikiyüzillik tikanlı dəmir divarını yıxan qorxmaz Naxçıvan əhalisinin 70 il qardaş həsrətilə yaşayan Azərbaycan xalqının adına yazdığı Milli Azadlıq Hərəkatı tarixidir. Təəssüflər olsun ki, o günlərdə azadlıq uğrunda apardığımız mübarizədə torpaq uğrunda fədai olmağı, dönməzliyi, Vətən sevgisini bizlərə miras qoymuş, keçən onilliklərdə qəddarlıq və amansızlıqla məhv edilmiş “Can Azərbaycan” deyən, öz qanı ilə Azadlıq tarixi yazan ziyalılarımızı zaman-zaman unutmuşuq. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin: “Azərbaycan xalqının tarix ərzində başına gələn müsibətlər unutqanlığından irəli gəlib”- dediyi sözlər, adi sözlər deyil, siyasi karyera namınə xalq kütləsini zaman-zaman unutqanlığa alışdıran adları “bizdən” olan, lakin “düşmən dəyirmanına su axıdan” bəzi ziyalılarımızı, dövlət məmurlarını özlərinə qayıtmağa, unutqanlığa son qoymağa çağıran müdrik kəlamdır. Əgər qanlı düşmənın son illər xalqımızın başına gətirdiyi fəlakətləri hər hansı təsirin nəticəsində kimsə unutsa və unutdurmağa çalışsa şəhidlərimizin ölməz ruhu onları bağışlamayacaqdır!!!
– Bu gün Dünya Azərbaycanlılarının təntənə ilə qeyd etdikləri 1989-cu ilin 31 dekabr tarixi hadisələri ilə xalqını, vətənini odlu məhəbbətlə sevən bir vətəndaş kimi, szin də bağlı olduğunuz mətbuatdan məlumdur. Həmin mübarizə günlərini necə xatırlayırsınız?
– Bəli, mən də bu hadisələrin canlı şahidi və ən fəal iştirakçılarından biri olmuşam.
Rus İmperiyasının odlu buxovundan xilas olmaq üçün Azərbaycanın bütün əyalətlərində, xüsusən Bakı şəhərində indiki “Azadlıq meydanı”nda “Azadlq”, “Azadlıq” deyə hayqıran milyonlarla insanın səsi Kremlin divarları arasında əks-səda verirdi. Belə bir tarixi şəraitdə Naxçıvan əhalisi İmperiyanın tərkibindən çıxmaq qərarına gəldi. Bu məqsədlə 1989-cu ilin dekabr ayında bütün Naxçıvan Vilayətinin əhalisi sərhədboyu çadırlar qurdu. Gecələr nəfəsi belə donduran şaxtadan qorunmaq üçün tullanmış maşın təkərlərini yandırıb ətrafı işıqlandıran, sərhəd dirəklərini sökməyə şərait yaradan tonqallar qalandı. İmperiyanın ayrı-ayrı qərargahlarda xidmət göstərən sərhədçiləri coşub-daşan insanların təhlükəli vəziyyətini görüb,”kazarmalara” çəkildilər. İkiyüzillik İmperiyanın dağılmasını təhdid edən bu hadisələri,təbii ki, qəbul etməyən Moskva mətbuatı və televiziyası qollarından istismar zəncirini qırıb atan naxçıvanlılara qarşı aramsız iftira və böhtanlar yağdırırdı.
“Qanlı Qarabağ tarixi” yazan, qədim arxeoloji mədəniyyətə malik olan Xocalını Azərbaycanın siyasi xəritəsindən silən, türkün qatı düşmənı,əli qanlı M.S.Qorbaçov əyalətdə baş verənləri həssaslıqla izləyirdi. Onun sərhəd hadisəsində məkrli məqsədi var idi. Parisdə erməni diasporasının Naxçıvanla əlaqədar tərtib etdiyi planı həyata keçirməyə siyasi-psixoloji şərait yaratmağa şalışırdı. Həmin plana əsasən türkə qarşı zaman-zaman irticaçı nəsillər yetirən keşiş Vazqen və şairə Silva Kaputyan, Heydər Əliyevin amansız düşmənı olan tarixçi Xanzadyan, Xocalıda “divara mıxlanmış 13 yaşlı türk qızının diri-diri alın dərisini, sonra sinə və qarın dərisini soydum, beş dəqiqədən sonra türk qızı qan itirdi və öldü”- deyə, mətbuatda, sonra öz kitabında qəddar “erməni qəhrəmanlığı”ndan fəxrlə danışan Zori Balayan dəfələrlə M.S.Qorbaçovun qəbulunda olurlar. Parisdə çıxan “Humanite” qəzetində bu barədə ətraflı məlumat verilir. Diaspor Parisə çağırdığı Aqanbekyanı, sözün əsl mənasında, istintaqa çəkir. Onu ittiham edirlər ki, “deyirdin nüfuzlu nümayəndələr M.S. Qorbaçovun qəbulunda olublar, o, Qarabağı da, Naxçıvanı da bizə verəcəyinə söz verib. Bəs,Naxçıvan hanı?”
Bu görüşdən sonra dünya terror bandasının – “Asala”nın rəhbəri olan Paris diasporunun sualına qəddar M.S. Qorbaçov cavab olaraq, 1918-1920 -ci illərdə ingilislərin hamiliyi ilə günahsız və silahsız Naxçıvan əhalisini süngüyə keçirən, Arazın o sahilinə qaçmağa məcbur edən erməni-daşnaq bandasının yazdığı qanlı tarixi təkrar etməyə hazırlaşır. M.S.Qorbaçov tikanlı sərhəd divarının darmadağın edilməsini bəhanə gətirərək Mərkəzi Komitənin axşam keçirdiyi bürosunun qərarı ilə rus ordusunun bütün hissələrini bir sutkada Naxçıvan Vilayətindən çıxardı, hərbi “kazarmalara” SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin dünyada məşhur “ALFA” adı ilə tanınmış xüsusi təxribat sərhəd qoşununu yerləşdirdi və bu başkəsənlərə komandanlığı öz köməkçisi qatı daşnaq Şahnazaryana tapşırdı. “Alfa”nın məqsədi Vilayətdə insanları müxtəlif yollarla provokasiyaya çəkmək və onları Arazın o tayına keçirmək idi. Ancaq tədbirli ziyalılarımız əhalinin təxribata getməsinə imkan vermədi. Bu səbəbdən də “ALFA” öz mübarizəsində dönməz olan Naxçıvan əhalisinə qarşı açıq şəkildə üz-üzə durmaqdan çəkindi. Çağrılmamış “qonaqlar” gəldikləri yolla da geri döndülər.
– Siz Naxçıvan əhalisinin Moskvaya qarşı olan bu qırılmaz müqavimətini necə qiymətləndirirsiniz?
– Düşmənə qarşı canı ilə, qanı ilə bir yumruqda birləşmək naxçıvanlılara babalarımızdan miras qalıb. Bütün dünya gördü ki, keçilməz, toxunulmaz sayılan SSRİ sərhədlərini dağıtmaq olar. Sərhədləri dağıtmaqla azadlıq ruhumuzun pik nöqtəyə çatdığını dünyaya bəyan elədik. İlk dəfə olaraq Naxçıvan sovetlərin tərkibindən çıxmağı qərara aldı. Atılan bu addımlar çox önəmlidir. Vilayətin sovetlərin tərkibindən çıxmasını Naxçıvan televiziyası müxtəlif xalqların dillərində bütün dünyaya bəyan etdi.
– Belə demək olarmı ki, sərhəd hadisəsində istədiyinə nail ola bilməyən M.S.Qorbaçov erməni diasporuna vəd etdiyi sözdən- yəni Naxçıvan məsələsindən üz çevirmişdi?
– Əksinə, o,daha qanlı plana əl atdı. Hərbi formasını dəyişmiş rus əskərləri ilə çiyin-çiyinə Naxçıvana yol açmağa can atan erməni bandasına qarşı Sədərək dağlarında cəsur igidlərimiz ölüm-dirim döyüşləri aparırdıqları bir gündə general Surkovun komandanlığı altında xüsusi təlimat görmüş böyük bir ordu hissəsi İrəvan istiqamətindən Vilayətin qapısı hesab edilən Sədərək kəndinə daxil oldu. Rus komandanı Vilayət Partiya Komitəsindən icazə
almadan ordunun bir hissəsini Sədərəkdə, çar Nikolayın dövründən rusların hərbi “kazarması” yerləşmiş Qıvrak kəndində, o biri hissəsini də Culfa-Ordubad istiqamətində Naxçıvan şəhərinin çıxacağında yerləşdirdi. O, Şərur dəmir yolu stansiyasını hərbiləşdirmək istəyirdi. Bəhanəsi bu idi ki, Bakıdan İrəvana keçən yük qatarlarının qabağını guya camaat kəsir,ermənilərə gedən ərzağı və başqa zəruri yükü buraxmır.
– Doğrudanmı məsələ deyilən kimi idi?
– Əlbəttə, xeyr. Surkov da gözəl bilirdi ki, Bakıdan gələn qatarların Naxçıvana keçməməsi üçün erməni bandası “Mehri” deyilən stansiyadan dəmir yolu xəttini neçə ay əvvəl dağıdıb, məhv etmişdi. Bu bir bəhanə idi. Rus generalı əmin idi ki, Qarabağda günahsız insanlarımızın tökülən qanını naxçıvanlılar heç zaman unutmaz. Əgər dəmir yolu hərbiləşdirilsəydi, stansiyada rus əskəri görünsəydi, qışın o şaxtalarında dizə qalxan qarın içərisində gecəni-gündüzə qatan, hətta qadınlarımız belə buna dözməzdi. Naxçıvan əhalisini Arazın o tayına tökmək üçün Surkovun gözlədiyi də bu idi. Ancaq o illərdə Vilayət başçıları və tədbirli ziyalılar təxribatçı düşmən ordusunun başçısının qarşısında xalqın adından qəti tələb qoydular: – Bakı-İrəvan qatar yolu erməni bandası tərəfindən Mehridən darmadağın edilib. Gedin yolu bərpa edin,sonra bizim dəmir yolunu hərbiləşdirin. Əgər bizim camaatdan kimsə dəmir yolu stansiyasına ayaq bassa,onu yerindəcə güllələyin.
Ayağa qalxmış xalqı və qonşu Türkiyə faktoru M.S.Qarbaçovun bu qanlı planının qarşısını aldı.
– O, vaxt Moskvada nəşr edilən “Moskovski novosti” qəzetinin 14 yanvar 1990-cı il tarixində Sszin bir dəstə qorxmaz insanla birlikdə sərhəddi sökdüyünüz məqamın fotoşəkli verilmişdi. Bu foto ilə bağlı nə deyə bilərsiniz?
– Bu foto 8 yanvar Naxçıvan- Türkiyə sərhəddini yenicə dağıtmağa başladığımız zaman Moskvadan gələn jurnalistər tərəfindən çəkilib. Bu ərazidən keçən SSRİ dövlət sərhəddi ərazicə Azərbaycanın torpağı olmasına baxmayaraq sərhəd nəzarətini həyata keçirən sərhəd dəstələri Ermənistanda yerləşən komandanlığa tabe idi. Bu baxımdan məhz onların Türkiyə ilə dövlət sərhəddinin dağılmasının nəyin bahasına olursa olsun qarşısını almaq lazım idi. Xalqımız bunu çox yaxşıbilirdi. 8 yan var biz yollandaıq Türkiyə ilə sərhəd sahəsinə. Qalın qar örtüyü, maşınlar üçün yolun olmaması zaman -zaman insanların gəldiyi maşınların çöldə qara bataraq hərəkətini dayandırsa da xalqımız maşınlardan enərək o qarda -şaxtada sərhəddə doğru piyada irələliyirdilər. Bizim UAZ markalı maşın xeyli qabağa getməyə nail olmuşdu. Əhalidən çox qabaqda idik. Bir hissədə bizim maşında dayandı və piyada getməli olduq. İnsanları arxadan heç görmürdük.
Artıq tikanlı məftilə gəlib çatdıq. Hardasa 5-6 nəfər idik. Çatan kimi sərhəd simlərini və dirəklərini dağıtmağa başladıq. Az keçmiş gördük ki, iki “Ural” maşınında əskərlər əllərində sərhəd itləri ilə başımızın üstünü aldılar. Rus komandir soruşdu ki, aramızda rus dilini bilən varmı? Dərhal dedim ki, mən bilirəm. O, ilk olaraq yaşımı soruşdu. Çavab verdim ki, 17 yaşım var. Komandir hökmü ilə dedi ki, bu sərhəd nəzarəti hissəsi (“Zastava”) Artaşata (Ermənistan) tabedir. Əgər dərhal gəldiyiniz yolla qayıdıb getməsəniz, dövlət sərhəddini pozduğunuz üçün sizə qarşı silah işlətməli olacağıq.
Təbii ki, mən də ona durmadan öz torpağımızda olduğumuzu, tikanlı məftilləri torpağımızda istəmədiyimizi deyirdim. Yanımdakı yoldaşlarım da tələblərimizi ucadan deyirdilər.
Biz komandirin hədəsinə əhəmiyyət vermədik, işimizə davam etmək istədik. Bu zaman komandirin əmri ilə sərhədçilər silahı döyüş vəziyyətinə gətirdilər, əllərində tutduqları
itləri üstümüzə qısqırtdılar. Onlarla birlikdə gələn reportyorlar ara vermədən bu vəziyyəti fotoaparata köçürürdülər. Qarşıdurma ciddiləşirdi. Belə bir anda əllərində balta, şana, bel, , lom, külüng və başqa kəsici alətlərlə silahlanmış xalqın Vəli dağının yamacından aşaraq, qarşısıalınmaz sel kimi bizə köməyə gəldiyini görən komandirin əmri ilə sovet əskərləri maşınlara oturub, aradan çıxdılar. Camaat sərhəddi darmadağın etməyə başladı. Aradan az keçməmiş ətraf kəndlərimizdən kifayət sayda insanlar hadisə yerinə gəlib çatdılar.
Sərhədçilər öz dəstələrinə qayıdaraq tikanlı məftillər arxasında qərargaha girib, dəmir darvazanı bağlamışdılar. Zabit ailələri də burada yaşayırdı. Heç bir təhlükədən qorxmayan insanlar darvazanın qabağında, dizdən yuxarı qalxan qarı sağa-sola dağıdıb tonqallar qaladılar və komandirə çatdırdılar ki, bura Sədərək kəndinin ərazisidir, bu torpaqlardan çıxıb, erməni qardaşlarınızın sərhəddinə keçməyincə buradan getməyəcəyik və sizi də bayıra buraxmayacağıq. Gecə yarısı olardı ki,Tiflisdən general gəldi, söz verdi ki, günü sabah əskərləri buradan çıxaracaq. Bundan sonra insanlar dağıldı. Bu ərazidə sonralar Naxçıvan-Türkiyə arasında olan tarixi “Ümid” körpüsü tikildi.
– Bu qəzetdəki şəkildən sonra nə baş verdi?
– Bu qəzetdən heç məlumatım yox idi. O, vaxt SSRİ DTK (KQB) – sının xüsusi qrupu
Naxçıvanda istintaq aparırdı. Məni DTK -ya çağırdılar və izahat istədilər. Onu da qeyd edim ki, bu fakt üzrə ümumilikdə 3 dəfə izahat vermişəm. Amma özləri də bilirdilər ki, xalqın qarşısında dura bilməyəcəklər və elə də oldu. Naxçıvan xalqı bütün dünyanı adı gələndə lərzəyə gələn SSRİ-nin keçilməz-toxunulmaz sayılan sərhəddini darmadağın etdi. Bu böyük
və şərəfli tarixdi. Şükür ki, o şərəfi yaşamaq mənə də nəsib oldu.
– Ailələr övladlarına nə verməlidirlər?
– Ailələr övladlarına milli tariximizi unutmağa qoymamalıdırlar. Bununla yanaşı milli-
mənəvi dəyərlərimizi onlara aşılamalıdırlar.
– Azərbaycana,ümumiyyətlə türk dünyasına arzularınız.
– Dünya qan içində çalxalanır. Üzdə “dost”, əməldə “düşmən” olan qüvvələr məlumdur. Azərbaycan xalqı, ümumiyyətlə türk-islam dünyası bu gün iki sifətli məkrli tarixlə yaşayır. Belə bir dövrdə ayrı-ayrı siyasi-inzibati ərazilərdə yerləşmiş bütün Türk Dünyası Dədə kökünə qayıtmalı, qüvvətli yumruğa çevrilmək üçün vahid Turan ailəsinə qovuşmalıdır!
Sonda isə bu müsahibə üçün Sizə təşəkkür edirəm. Bütün Türk ellələrinə salam olsun.
Müsahibəni aldı: Nigar Ögeday.
Türkiyə Turkishnews