Taxta üzərində düşüncə savaşı
Əsrlərdir insanlar şahmat taxtası üzərində yalnız fiqurları deyil, düşüncələrini də hərəkət etdirirlər. Səssiz görünən bu oyun əslində zəkanın, səbrin və strategiyanın ən böyük mübarizələrindən biridir. Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq şahmat hələ də öz sirrini və cazibəsini qoruyur. Bu düşüncə oyununun insan beyninə və həyata baxışımıza necə təsir etdiyini öyrənmək üçün Naxçıvan şəhər Şahmat Məktəbinin baş məşqçisi, müəllim Fəridə Şükürova ilə həmsöhbət olduq.
Fəridə xanım, şahmat çoxları üçün sadəcə oyun kimi görünür. Bəs sizin üçün şahmat nə ifadə edir və insanın düşüncə tərzinə necə təsir göstərir?
- Məncə şahmat sadəcə oyun deyil, düşünməyi öyrədən bir həyat məktəbidir. Şahmat insanı daha səbirli, diqqətli və planlı olmağa vadar edir. İnsan hər gedişdən əvvəl düşünməyi, nəticələri hesablamağı və düzgün qərar verməyi öyrənir. Bu isə təkcə şahmat taxtasında yox, gündəlik həyatda da insana çox kömək edir. Şahmat təkcə taxta üzərində oynanılan oyun deyil, o, insanın həyata baxışını dəyişən düşüncə məktəbidir.
Bir şahmat müəllimi olaraq şahmatçı olmayan birinin görə bilmədiyi nəyi görürsünüz?
-Mən bunu filtr yaratmaq kimi yox, düşüncə alətləri vermək kimi görürəm. Məqsəd hazır nəticə vermək deyil, insanın daha sistemli və çoxşaxəli düşünməsinə kömək etməkdir. Əsas fərq sadəcə daha çox gediş görməkdə yox, düzgün həmləni qura bilməkdir. Şahmatçı olan hər kəs şahmat taxtasını bir sistem kimi görür. Təkcə indiki vəziyyəti yox, bir neçə gediş sonra yaranacaq zəiflikləri, planları və nəticələri düşünür. Bəlkə də şahmatın ən maraqlı tərəfi insana görünənin arxasını görməyi öyrətməkdir.
İstedadlı, amma tənbəl bir uşaq görəndə ona yanaşmanız necə olur? Məcbur etmək, yoxsa öz axarına buraxmaq?
-Mən bunu birbaşa tənbəllik kimi qiymətləndirmirəm. Bunun arxasında motivasiya çatışmazlığı, məqsədin aydın olmaması və ya özünə inamsızlıq dayanır. Uşağı nə məcbur etmək, nə də özbaşına lazımdır. Məcburiyyət qısa müddətdə nəticə verə bilər, amma uzunmüddətli motivasiyanı zəiflədir. Tam sərbəstlik isə potensialın itib getməsinə səbəb ola bilər. Mən daha çox yönləndirici və motivasiyaedici yanaşmanı seçirəm.
Şahmatın insan beynini həddindən artıq yorması və ya onu real dünyadan uzaqlaşdırması fikrinə münasibətiniz..
-“Şahmat beyinin gimnastikasıdır. Şahmat oynayan insanların dünyagörüşü daha geniş olur, həyata baxışları fərqlənir. Şahmat insanı yormur, əksinə, daxili sakitlik yaradır. Şahmat oynayan uşaqlar ruhən dincəlirlər. Onlar sanki taxta üzərində həyatı canlandırırlar.
Söhbətimizin sonunda isə Fəridə xanım, şahmatı heç bilməyən biri üçün bu oyunu bir cümlə ilə ifadə etmənizi xahiş edərdik.
- Şahmat taxta üzərində gedən düşüncə döyüşüdür.
Bu düşüncələr içərisində məktəbdən ayrılıram. Şahmat yalnız taxta üzərində oynanılan bir oyun deyil, həm də insanın düşünməyi, səbirli olmağı və həyatı daha dərindən görməyi öyrəndiyi bir məktəbdir. Çünki bu oyunda fiqurlar hərəkət etsə də, əsl savaş insan zehninin dərinliklərində baş verir. Bəlkə də elə buna görə şahmatda ən böyük qələbə rəqibi yox, insanın öz düşüncə sərhədlərini aşmasıdır.
Aysu Şükürova
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi
