Parta arxasında təhlükə: Məktəblərdə artan aqressiya

Parta arxasında təhlükə: Məktəblərdə artan aqressiya
Son dövrlərdə məktəblərdə baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur və geniş müzakirələrə səbəb olur. Təhsil ocağı kimi qəbul olunan məktəblərin təhlükəsizliyi və burada formalaşan mühit artıq daha çox diqqət mərkəzindədir. Xüsusilə yeniyetmələr arasında aqressiya hallarının artması, valideyn-məktəb münasibətləri və psixoloji dəstəyin rolu aktual mövzulardan birinə çevrilib. Bu problemlərin səbəbləri və mümkün həll yolları ilə bağlı suallar ictimaiyyəti düşündürməkdə davam edir. Mövzunun aktuallığını nəzərə alaraq, bu sahədəki mövcud vəziyyəti və çıxış yollarını müzakirə etmək üçün NDU-nun müəllimi, jurnalist və psixoloq Səadət Əliyevaya müraciət edirik.
Səadət xanım, son vaxtlar məktəblərdə baş verən hadisələrə bir ziyalı kimi mövqeyinizi bilmək istərdik.
-Artıq bir müddətdir ki, məktəblərdə baş verən anormal hadisələr xəbər saytlarının manşetinə çevrilib. İctimaiyyət nümayəndələri bu hadisələrin səbəblərini araşdırmağa çalışır. Baş verənlər cəmiyyətin hər bir üzvündə təəssüf hissi doğurur. Çünki vəhşət xarakterli hadisələrin artıq məktəb mühitinə qədər gəlib çatması hər kəsi bu məsələ üzərində düşünməyə vadar edir. Şagirdlərin niyə bu qədər aqressiv formalaşması isə getdikcə cəmiyyətin ən ağrılı problemlərindən birinə çevrilir.
Biz hər zaman məktəbi təhsil və tərbiyə ocağı kimi qəbul etmişik və bu gün əldə etdiklərimizdə məktəbin rolu danılmazdır. Məktəb şagirdlərin şəxsiyyət kimi formalaşmasında, onların vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Şagird evdə aldığı ilkin tərbiyəni məktəb mühitində inkişaf etdirir və onun şəxsiyyət kimi formalaşmasının təməli məhz burada qoyulur.
Lakin bu gün ümumi mənzərəyə baxdıqda bəzi məktəblərin bu əsas missiyadan uzaqlaşdığını müşahidə edirik. Müasir təhsil sistemində mövcud olan boşluqlar şagirdlərin həm dərsə münasibətində, həm də intizamında problemlərə səbəb olur. Bu boşluqlar daha çox nizam-intizamın düzgün formalaşdırılmaması və şagirdlərdə məsuliyyət hissinin kifayət qədər inkişaf etməməsi ilə bağlıdır. Nəticədə yeniyetmələrdə aqressiv davranışlar müşahidə olunur ki, bu da cəmiyyət üçün narahatedici amilə çevrilir.
Sizcə, məktəblər şagirdlər üçün nə dərəcədə təhlükəsiz məkandır?
-Əslində məktəblər şagirdlər və onların valideynləri üçün təhlükəsiz və etibarlı məkan olmalıdır. Bu, dəyişməz bir prinsipdir. Valideyn övladını məktəbə göndərərkən əmin olur ki, onun təhlükəsizliyi təmin ediləcək və o, müəllim nəzarəti altında olacaq.
İbtidai siniflərdə bu nəzarət və qayğı daha aydın hiss olunur. Lakin yuxarı siniflərə keçdikcə, xüsusilə yeniyetməlik dövründə müəyyən problemlər ortaya çıxır. Bu mərhələdə şagirdlər özlərini daha müstəqil hesab edir, böyükləri təqlid etməyə çalışır və bəzən davranışlarına nəzarət etməkdə çətinlik çəkirlər.
Təəssüf ki, bəzi hallarda məktəbdə şagirdlərin bir-birinə və ya müəllimlərə qarşı aqressiv davranışları, hətta təhlükəli insidentlər müşahidə olunur. Bu isə məktəbin təhlükəsiz mühit statusunu sual altına qoyur və cəmiyyət üçün ciddi narahatlıq yaradır.
Problemlərin baş verməsində valideynlərin rolunu necə qiymətləndirərdiniz?
 -Hesab edirəm ki, bu problemlərin əsas yükü müəyyən mənada valideynlərin üzərinə düşür. Valideynlərin rolu burada olduqca böyükdür. Bəzi valideynlər övladını məktəbə göndərməklə məsuliyyətlərinin böyük hissəsini yerinə yetirdiklərini düşünürlər. Halbuki təhsil prosesi valideyn, müəllim və şagirdin birgə əməkdaşlığı nəticəsində uğurlu olur.
Bu “üçbucaq modeli” yalnız o zaman effektiv işləyir ki, hər bir tərəf öz məsuliyyətini dərk etsin. Valideyn övladını yaxından tanımalı, onun davranışlarına və psixoloji vəziyyətinə diqqət yetirməlidir.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son dövrlərdə müəllim nüfuzu da müəyyən qədər zəifləyib. Şagirdin etdiyi səhvlərə müəllimin adekvat reaksiya verməsi bəzən yanlış anlaşılır. Bu isə şagirdlərdə arxayınlıq yaradır. Halbuki uşaqlarda erkən yaşlardan məsuliyyət hissi və davranış mədəniyyəti formalaşdırılmalıdır. Verilən sərbəstliyin də müəyyən sərhədləri olmalıdır.
Yeniyetmələrdə müşahidə olunan aqressivliyin əsas səbəbi sizcə nədir?
-Yeniyetmələrdə aqressiyanın artmasının bir neçə səbəbi var. Bunlara psixoloji, sosial və həyat tərzi ilə bağlı amillər daxildir. Müasir dövrdə texnologiyalardan həddindən artıq istifadə, sosial şəbəkələrə bağlılıq və fiziki aktivliyin azalması da bu prosesə təsir göstərir.
Lakin əsas səbəblərdən biri yeniyetmələrin özlərini ifadə etməkdə çətinlik çəkməsidir. Onlar problemlərini valideyn və ya müəllimlə bölüşə bilmədikdə daxili gərginlik aqressiya kimi üzə çıxır.
Hər bir yeniyetmənin həyatında onu anlayan, dinləyən və dəstək olan bir insanın olması vacibdir. Əks halda, o bu dəstəyi başqa mühitlərdə axtarmağa başlayır ki, bu da mənfi nəticələrə səbəb ola bilir.
 Bir jurnalistika mütəxəssisi kimi bu problemlərdə medianın rolunu necə qiymətləndirərdiniz?
-Müasir dövrdə sosial şəbəkələrin təsiri danılmazdır. Zorakılıq xarakterli xəbərlərin geniş yayılması bəzi yeniyetmələrdə bu davranışların təqlid olunmasına səbəb ola bilər. Bu baxımdan medianın məsuliyyəti olduqca böyükdür.
İnformasiyanın yayılması ilə yanaşı, onun auditoriyaya təsiri də nəzərə alınmalıdır. Çünki yayılan hər bir məlumat insanların şüuraltına müəyyən təsir göstərir. Bu səbəbdən jurnalistlər paylaşdıqları xəbərlərdə etik prinsiplərə riayət etməli və auditoriyanın xüsusiyyətlərini nəzərə almalıdırlar.
Məktəblərdə fəaliyyət göstərən psixoloqların rolu kifayət qədər hiss olunur, yoxsa formal xarakter daşıyır?
-Bu gün əksər məktəblərdə psixoloqlar fəaliyyət göstərir. Lakin onların işi hər zaman eyni səviyyədə effektiv olmur. Bəzi hallarda bu fəaliyyət formal xarakter daşıyır, digərlərində isə peşəkar yanaşma açıq şəkildə hiss olunur.
Əslində psixoloqların rolu son dərəcə vacibdir. Onlar şagirdlərin psixoloji vəziyyətini izləməli, problemləri vaxtında müəyyən etməli və müdaxilə etməlidirlər. Müəllimlərlə əməkdaşlıq da bu prosesdə mühüm rol oynayır.
Peşəkar psixoloq şagirdlə düzgün ünsiyyət qurmalı və onun etimadını qazanmalıdır. Şagird özünü güvənli hiss etdikdə problemlərini daha rahat şəkildə bölüşə bilir.
Problemlər və onların səbəbləri barədə danışdıq. Son olaraq problemlərin qarşısını almaq üçün sizin tövsiyyəniz nə ola bilər?
-Bu problemlərin həlli üçün ilk növbədə valideyn-övlad münasibətləri gücləndirilməlidir. Valideyn övladı ilə açıq ünsiyyət qurmalı, onu dinləməli və həyatında aktiv rol oynamalıdır.
Eyni zamanda məktəblə valideyn arasında daimi əlaqə olmalıdır. Şagirdin davranışında hər hansı dəyişiklik hiss edildikdə vaxtında müdaxilə olunmalıdır.
Digər mühüm məsələ müəllim nüfuzunun bərpasıdır. Müəllim yalnız bilik verən şəxs deyil, həm də tərbiyəçi və istiqamətverici rolunu daşıyır. Onun cəmiyyətdəki mövqeyi gücləndirilməlidir.
Nəticə olaraq qeyd etmək olar ki, bu problem təkcə məktəbin deyil, bütövlükdə cəmiyyətin problemidir. Onun həlli üçün bütün tərəflərin birgə və məsuliyyətli fəaliyyəti vacibdir.
Söhbətləşdi: Jurnalistika ixtisası üzrə I kurs tələbəsi Gülay Yalçınqızı
Müsahib: Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Səadət Əliyeva

скачать dle 12.1
Geri qayıt