İnflyasiya azalır, amma niyə hiss olunmur?- Müsahibə

İnflyasiya azalır, amma niyə hiss olunmur?- Müsahibə
Rəsmi statistikaya görə, Azərbaycanda inflyasiya səviyyəsi tədricən aşağı düşür. Bu, ilk baxışdan müsbət tendensiya kimi qiymətləndirilir və insanların həyat səviyyəsinə birbaşa təsir edən mühüm göstəricilərdən sayılır. Lakin gündəlik bazar reallığı fərqli mənzərə yaradır — qiymətlərdəki artım hələ də əhalinin büdcəsində ciddi hiss olunur. Bu ziddiyyət cəmiyyətdə haqlı suallar doğurur. Mövzu ilə bağlı suallarımızı Naxçıvan Dövlət Universiteti İqtisadiyyat və marketinq kafedrasının müəllimi Əsgərova Məhsəti Rafiq qızına ünvanladıq.
-Rəsmi inflyasiya azalır, amma bazarda bu hiss olunmur. Bunun əsas səbəbi nədir?
-Əsas səbəb rəsmi göstəricilərlə real istehlak davranışı arasındakı fərqdir. Statistik inflyasiya müəyyən edilmiş orta istehlak səbəti əsasında hesablanır və bu səbət bütün əhali qrupları üçün eyni qəbul olunur. Halbuki real həyatda insanların xərcləri fərqlidir. Xüsusilə aşağı və orta gəlirli ailələr gəlirlərinin böyük hissəsini ərzaq və gündəlik zəruri mallara xərcləyirlər. Məhz bu kateqoriyada qiymət artımı daha tez-tez və daha kəskin baş verdiyi üçün inflyasiya onlara daha yüksək səviyyədə təsir edir.
Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının ixracyönümlü məhsul istehsalı sahəsindəki tədbirləri, inflyasiyanı xarici amillərin təsirindən daha etibarlı qoruyur. Belə ki, dünya bazarlarında ərzaq, enerji və xammal qiymətlərində baş verən dəyişikliklər, eləcə də logistika xərclərinin artması gecikmədən daxili bazara ötürülür. Bu isə rəsmi göstəricilərlə bazar reallığı arasında fərq yaradır.
Bununla yanaşı, inflyasiya gözləntiləri də mühüm rol oynayır. Sahibkarlar gələcəkdə xərclərin artacağını ehtimal etdikdə qiymətləri əvvəlcədən artırır, istehlakçılar isə daha çox alış etməyə meyllənir. Bu davranış inflyasiyanı əlavə olaraq sürətləndirir və nəticədə rəsmi rəqəmlərdən daha yüksək “hiss olunan inflyasiya” formalaşır.
-Demək olarmı ki, inflyasiyanın əsas yükü daha çox müəyyən sahələrdə hiss olunur?
Bəli, inflyasiyanın təsiri istehlak səbətinin strukturuna uyğun olaraq fərqli sahələrdə müxtəlif intensivlikdə hiss olunur. Ən kəskin artım və hissiyat ərzaq məhsullarında müşahidə edilir. Çörək, ət, süd məhsulları, yağ və tərəvəz kimi gündəlik istehlak olunan malların qiymətindəki dəyişikliklər dərhal əhalinin büdcəsinə təsir edir. Bu səbəbdən inflyasiya ən çox məhz bu sahədə hiss olunur.
Xidmət sektorunda isə qiymət artımı daha çox aylıq və dövri xərclər üzərindən özünü göstərir. Kirayə haqları, nəqliyyat, kommunal xidmətlər, təhsil və səhiyyə xərcləri artdıqda bu, ailə büdcəsində uzunmüddətli maliyyə yükü yaradır. Bu artımlar gündəlik deyil, periodik ödənişlərlə bağlı olduğu üçün psixoloji olaraq ərzaq qədər kəskin hiss edilməsə də, ümumi rifaha ciddi təsir göstərir.
Qeyri-ərzaq mallarında – geyim, məişət texnikası, elektronika və s. – qiymət artımı nisbətən zəif hiss olunur. Bunun əsas səbəbi bu məhsulların gündəlik deyil, daha nadir hallarda alınmasıdır. Hətta bəzi hallarda bu sahədə qiymətlərin sabit qalması və ya endirimlər ümumi inflyasiya göstəricisini aşağı salsa da, əhali bunu gündəlik həyatında ciddi şəkildə hiss etmir.
-Mövcud şəraitdə dövlətin apardığı siyasət inflyasiyanı nə dərəcədə cilovlaya bilir?
-Dövlətin, xüsusilə Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasəti inflyasiyanın tənzimlənməsində mühüm rol oynayır. Faiz dərəcələrinin artırılması, kreditlərin bahalaşdırılması və pul kütləsinin nəzarətdə saxlanılması vasitəsilə bazarda ümumi tələb azalır və bu da qiymət artım təzyiqlərini zəiflədir. Bu baxımdan monetar siyasət qısa və orta müddətdə inflyasiyanın cilovlanmasında effektiv alət hesab olunur.
Lakin inflyasiya yalnız monetar amillərlə izah olunmur. İdxal inflyasiyası, logistika xərclərinin artması, daxili bazarda rəqabətin zəifliyi və bəzi sahələrdə inhisarçılıq meyilləri pul siyasətinin təsir imkanlarını məhdudlaşdırır. Yəni faizlərin artırılması ilə daxili tələbi azaltmaq mümkün olsa da, xarici qiymət şoklarını və struktur problemləri bu yolla tam aradan qaldırmaq olmur.
Bundan əlavə, həddindən artıq sərt pul siyasəti iqtisadi aktivliyi zəiflədə, kreditləşməni azalda və investisiyaların həcminə mənfi təsir göstərə bilər. Buna görə də burada balanslı yanaşma xüsusi əhəmiyyət daşıyır.
–Bu vəziyyətdən çıxış yolu kimi nəyi önə çəkmək olar?
İnflyasiyanın uzunmüddətli və dayanıqlı şəkildə nəzarətdə saxlanılması üçün əsas çıxış yolu iqtisadiyyatın strukturunda islahatyönümlü dəyişikliklərin aparılmasıdır. İlk növbədə yerli istehsalın gücləndirilməsi vacibdir. Kənd təsərrüfatı və emal sənayesinin inkişafı idxaldan asılılığı azaldaraq daxili bazarda təklifin artmasına səbəb ola bilər. Bu isə qiymətlərin sabitləşməsinə müsbət təsir göstərər.
Digər mühüm istiqamət rəqabət mühitinin yaxşılaşdırılmasıdır. Antiinhisar siyasətinin gücləndirilməsi, bazara giriş maneələrinin azaldılması və kiçik və orta sahibkarlığın dəstəklənməsi qiymətlərin daha şəffaf və ədalətli formalaşmasına şərait yaradar.
Eyni zamanda logistika və nəqliyyat xərclərinin optimallaşdırılması, infrastrukturun inkişafı və təchizat zəncirinin səmərəliliyinin artırılması da qiymət artımının qarşısının alınmasında mühüm rol oynayır.
Nəticə etibarilə, inflyasiya ilə mübarizə yalnız qısa müddətli tədbirlərlə deyil, kompleks və sistemli iqtisadi islahatlarla mümkün ola bilər. Bu istiqamətdə atılacaq addımlar həm qiymət sabitliyini təmin edəcək, həm də əhalinin real rifahının yüksəlməsinə şərait yaradacaq.

 Gülay Yalçınqızı
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi
скачать dle 12.1
Geri qayıt