Qarabağdakı vəziyyəti gərginləşdirən kimdir?

Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb. Sənəddə açıq şəkildə "Dağlıq Qarabağ ərazisi” və "Dağlıq Qarabağ silahlı birləşmələri” sözləri yer alıb. Rusiya MN israrla bizi daha sərt addımlar atmağa təhrik edir.
Bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.
O iddia edib ki, bu gün Xankəndi və ətrafında vəziyyətin gərginləşməsi ən çox Rusiyaya sərf edir:
"Bunun səbəbləri isə aşağıdakılardır:
1) Dünyanın diqqətini Ukraynadan az da olsa yayındırmağa nail olmaq;
2) Dünyada indi yeganə "pozitiv” aktivi olan ölkəmizdəki "sülhməramlılıq” missiyasını vurğulayaraq öz vacibliyini önə çəkməyə çalışmaq;
3) Qərb dövlətlərini bu mövzuda Moskva ilə danışmağa, təmaslar qurmağa məcbur etmək;
4) Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması cəhdlərini baltalamaq;
5) Azərbaycan və Türkiyənin Ukrayna mövzusunda tutduqları mövqedən qəzəbini ifadə etmək”.
Politoloqun fikrincə, bütün bunları anlayaraq, çox ehtiyatlı, diqqətli, səbirli davranmalıyıq, indiki zamanda Rusiya MN-in təxribatlarına getmək olmaz:
"Bu gün ölkədə kimlərsə, "məqamdı, Rusiyanın başı qarışıb, gəlin Xankəndi və ətrafını təmizləyək”, kimi fikirlər səsləndirənlər bilərəkdən, ya bilmədən Kremlin əlinə oynayır, ya da siyasi və geosiyasi olaraq savadsızdılar. Bu gün Rusiya MN-in açıqlaması bizi daha da sərtləşməyə təhrik etmək üçündür, bunu unutmayaq”.