Şuşanı gördük, Şuşanı gəzdik, Şuşadan doymadıq

Şuşanı gördük, Şuşanı gəzdik, Şuşadan doymadıq
29 avqust bir çox ziyalılar, elm, ədəbiyyat, mədəniyyət xadimləri, deputat həmkarlarım kimi, mənim də taleyimə qızıl hərflərlə yazıldı. Həmin gün böyük bir heyətlə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə yollandıq. Hamımız həyəcanlı idik, hamının üzündən sevinc, fərəh yağırdı. Kiçik məsələ deyildi, Şuşanı görmək arzusunda olan on milyonlarla azərbaycanlı içərisində bu gün bu xoşbəxtlik bizə qismət olmuşdu...
Yol boyu gördüyümüz mənzərə bizə fərqli hisslər yaşadırdı. Bir tərəfdə erməni işğalından azad olunmuş torpaqlarımızda erməni vəhşiliyinin törətdiyi acı mənzərə – kəndlərin, şəhərlərin xarabalıqları, digər tərəfdə bu ucsuz-bucaqsız ərazilərin Azərbaycan əsgəri tərəfindən düşməndən azad edilməsinin doğurduğu qürur, iftixar hissi!
Zəfər yoluna qədəm qoyandan Şuşaya qədər üzüyuxarı – zirvəyə doğru qalxdıq. Qısa vaxtda dağlar, meşələr qoynundan çəkilən bu yol qəhrəman Azərbaycan əsgərinin Şuşaya qədər uzanan döyüş yolunun əbədi abidəsidir. Təsadüfi deyil ki, insanlar, tam haqlı olaraq, bu yolu Ali Baş Komandanımızın şərəfinə İlham Əliyev yolu da adlandırırlar. 
Zəfər yolu ilə getdikcə sinəmiz qürur hissi ilə qabarır, millət və dövlət olaraq böyüklüyümüz, gücümüz, qüdrətimizlə bir daha fəxr etdik. Uzaqdan qayalar başına qartal kimi qonan Şuşa şəhərini, şəhəri dövrəyə alan sıldırım qayaları seyr etdikcə bu əzəməti yaradan Allahın qüdrəti və bu əzəmətli qayaları fəth edən qalib Azərbaycan əsgərinin hünəri qarşısında baş əyməyə bilmirsən...
Səhərisi isə bu Zəfəri, bu Qüruru millətinə yaşadan Müzəffər Ali Baş Komandan, tarix yaradan əbədi Prezidentimiz İlham Əliyevi və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident kimi bu Zəfərdə böyük xidmətləri olan dəyərli Mehriban xanım Əliyevanı görməyin sevinci və həyəcanı...
Erməni vandallarının Şuşada darmadağın etdiyi Azərbaycan izini – 40 il əvvəl Ulu Öndər Heydər Əliyevin ucaltdığı Vaqif məqbərəsini səkkiz ayda tam bərpa edərək yenidən ucaldan Müzəffər Ali Baş Komandan bu əzəmətli abidə önündən ermənilərə və onların havadarlarına bir daha mesajlar verdi. Təbii ki, qananlar öz hesabını götürəcək, qanmazların hesabını kəsmək isə yenə bizə borc olacaq.
Üç gün Şuşada sanki nağıl dünyasında idik, 30 illik Şuşa həsrətini üç gün ərzində gözümüzə, könlümüzə sığdırmağa çalışdıq. Nə Cıdır düzünün əsrarəngiz mənzərəsindən doyduq, nə də şəhərin küçələrini yuxarı-aşağı gəzməkdən yorulduq. Üzeyir bəyin, Natəvanın, Bülbülün güllələnmiş heykəllərini ziyarət etdik, Bülbülün bərpa olunmuş evini gəzdik, Mir Möhsün Nəvvabın evini-həyətini dolaşdıq, Əhməd bəy Ağaoğlunun dağılmış ata evini, Sadıqcanın quru divarları qalmış imarətini, Haqverdiyevin evini axtarıb tapdıq, Natəvan bulağından su içdik. 
Şuşanı gördük, Şuşanı gəzdik, amma Şuşadan doymadıq. 
Əziz Ələkbərli
Milli Məclisin deputatı

Şuşanı gördük, Şuşanı gəzdik, Şuşadan doymadıq

 

Şuşanı gördük, Şuşanı gəzdik, Şuşadan doymadıq

 

 

Şuşanı gördük, Şuşanı gəzdik, Şuşadan doymadıq

 


скачать dle 12.1
Geri qayıt