Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərinə Rusiya mediasında inanılmayacaq səviyyədə qəribə, öz adı ilə desək, qeyri-siyasi, qeyri-diplomatik və primitiv reaksiya verilib.
GunAz.az xəbər verir ki, Kremlə bağlı olan və Kremldən gələn siyasi direktivlərlə fəaliyyət göstərən “Lenta.ru” portalı Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan deputatı Aleksandr Tolmaçevin fikirlərini işıqlandırıb.
Gənc deputat Tolmaçev isə öz düşüncəsinə uyğun davranıb, Azərbaycanın “Ermənistanın yolunu tutmaq niyyətində olduğunu” uydurub:
“Bakı İrəvanın yolunu tutmaq niyyətindədir. Qeyd etmək istərdim ki, Rusiyadan uzaqlaşmaq və Avropaya yaxınlaşmaq heç vaxt heç kimə uğur gətirməyib. Əksinə, təcrübənin göstərdiyi kimi, belə bir qərar iqtisadi və siyasi problemlərə səbəb olur. Ermənistan artıq Rusiya ilə etibarlı, güclü və perspektivli əlaqələrin kəsilməsindən yaranan çətinliklərlə üzləşir”.
Qəribədir ki, Vahid Rusiyanın 33 yaşlı deputatlıq verilən gənci bununla kifayətlənməyib, Azərbaycanı hədələməyə davam edib, “Təəssüf ki, Azərbaycan Ukrayna və Ermənistanın səhvlərindən dərs çıxarmır” sözləri ilə normal siyasətçiyə utanc gətirən açıqlamalarına davam edib:
“Avropa ölkələri ilə tərəfdaşlıq pis bir şey deyil, lakin problem ondadır ki, "yeni dostlar" Rusiya ilə əlaqələri kəsməyi əsas şərt kimi qəbul edirlər. Və bu, təkcə iqtisadi aspektlə deyil, həm də mədəni, mənəvi və tarixi aspektlə bağlıdır. Ölkə ortaq keçmişindən və Rusiya ilə məhsuldar gələcəkdən imtina etməyə məcbur edilir. Bunun müqabilində onlar qısa müddətə "Avropa ağası"ndan lütf və başlarına sığal alırlar. Və sonra əsl oyun başlayır: qonşu ölkəni Moskva ilə əməkdaşlıqdan məhrum edərək, onu müdafiəsiz və dəstəksiz qoyan avropalılar onu şahmat fiquru kimi yeyirlər”.
Bu gəncin, deyəsən, ümumiyyətlə, şahmat haqda təsəvvürü yoxdur və siyasətdə şahmat terminlərindən istifadə anlayışına da malik deyil. Məsələ ondadır ki, normal, səviyyəli, ən azı, 2 kitab vərəqləmiş siyasətçi şahmatla müqayisədə hansısa fiquru “qurban verirlər” ifadəsini işlədir. Ancaq Kremlin irəli verdiyi və “Lenta.ru”nun fikrinə istinad etdiyi bu gənc şahmat fiqurunun yeməli olduğu düşüncəsinə malikdir və belə görünür ki, onun beynində ancaq yeməkdir.
Tolmaçev ola bilsin ki, Azərbaycan müstəqil siyasət yürütdüyünü, heç bir ölkədən ianə almadığını, əksinə, yardımedən olduğunu təsəvvür etmir, zatən “şahmat fiquru yeyən” beyindən fərqli nəsə gözləmək mümkün deyil. Ancaq “Lenta.ru” və kuratorları ən azı bilirlər ki:
1. Azərbaycan öz dövlət maraqlarına uyğun siyasət yeridir və “başına sığal çəkilən” yox, “başa sığal çəkməyi” və yeri gələndə kimlərəsə yal atmağı bacaran ölkədir;
2. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov elə dünən Moskvada idi və yüksəksəviyyəli görüşlər keçirdi;
3. Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirdiyini Berlində ifadə etməklə Azərbaycanın neytrallığına/tərəfsizliyinə və həm də təhlükəsiz ölkə olmasına məxsusi bir diqqət çəkdi. Azərbaycan elə bir təhlükəsiz, rahat ölkədir ki, Rusiya və Almaniya nümayəndələri rəhbərliyə xəbər etmədən, təhlükəsizlik tədbirlərinin görülməsini istəmədən arxayın şəkildə Bakıya gəlib, burda görüşə və danışıqlar apara bilirlər. İlham Əliyev isə sülh yaradacağı təqdirdə bu danışıqları alqışlamağa hazır olduğunu bildirir.
Azərbaycanın bu dürüst, səmimi, açıq, müstəqil siyasəti qarşısına Tolmaçevi çıxaran Kremldə, deyəsən, doğrudan “panik-atak” düşüncəsi hakimdir.
скачать dle 12.1
Geri qayıt