FAİZİN DİLİ - Satirik düşüncə
Bir il əvvəl 3500 manat kredit götürdüm. Hər ay pensiyamı alan kimi 226 manatı banka aparırdım. Elə bilirdim ki, borcum gündən-günə əriyir.
Bir il tamam oldu. Yolumu Kapital Bankın filialına saldım. Növbəmi gözlədim, əməliyyatçı kompüterə baxıb sakitcə dedi:
– Borcunuz 2950 manatdır.
Elə bildim qulağım məni aldadır.
– Necə yəni? Bir ildir ödəyirəm axı...
– Kreditiniz 28,2 faizlədir. Ödənişinizin böyük hissəsi faizlərə gedib.
Bankdan çıxanda fikirləşirdim: mən borcu ödəyirdim, yoxsa faiz borcu məni ödəyirdi?
El arasında deyirlər ki, sələmçinin də bir həddi olar. Deyəsən, müasir dövrdə faiz kalkulyatoru köhnə sələmçini də təqaüdə göndərib.
Bir dostum Almaniyadan danışırdı. Deyirdi ki, iki il krediti vaxtında ödədiyinə görə qalan borcu bağışlayıblar. Bunun hər yerdə belə olub-olmadığını bilmirəm. Amma o söhbəti eşidəndə öz-özümə dedim: "Bizdə isə borc azalanda sevinirik, faiz artanda təəccüblənirik."
Sonra ürək dərmanımı içib uzandım. Yuxuda gördüm ki, bank mənə zəng edib deyir:
– Təbrik edirik! Faizləriniz sağlam böyüyür, əsas borcunuz isə hələ böyümək dövrünü yaşayır...
Oyandım. Şükür etdim ki, heç olmasa yuxudakı kreditə zamin durmamışam.
Rauf İLYASOĞLU
