Xəzərin pıçıltısı...
İLAHƏ ALLAHVERDİYEVA yazır
Axşam Bakının çiyinlərinə enən sakitlik şəhərin gurultusunu asta-asta öz qoynuna alır. Küçələr işığını saxlayır, səslər uzaqlaşır, sahildə isə tək bir ahəng yaşayır. Dalğaların ahəngi.O ahəng hər axşam eyni sahilə gəlir, eyni qayalara toxunur, eyni şəhərin üzünə baxır. Min illər boyu dəyişən insanlar, zaman, talelər həmin səsin qarşısından ötüb keçir. Dalğalar isə yaddaşın dilini unutmur.Sahildə dayanıb dinləyəndə anlayırsan ki, eşidilən suyun səsi yox, əsrlərin nəfəsidir.
Bu sahillərin ən qədim sakini dənizdir. Qala divarları hələ üfüqə boylanmamış, karvan yolları daşlara iz salmamış, şəhərin adı dillərdə dolaşmamış həmin mavi sonsuzluq burada idi. Günəş hər səhər bu sahildən doğan həyata işıq salır, külək uzaq ellərin qoxusunu gətirirdi.Sonra şəhər böyüməyə başladı.İçərişəhərin dar küçələrində ustaların çəkici daşlara ömür yazdı. Misgərin ocağından qalxan alov sənətin hərarətini yaydı. Xalçaçının ilmələri rəngləri taleyə çevirdi. Karvanlar bazarlara bolluq gətirir, yelkənli gəmilər üfüqlə şəhər arasında görünməyən yollar salırdı.
Bakı əvvəlcə daşdan tikilmədi.Əvvəl insanların zəhmətində ucaldı.Sonra daşlar həmin zəhmətin üzərinə düzüldü.
Zaman axdıqca hökmdarlar dəyişdi, yollar yeniləndi, sərhədlər başqa cizgilərlə çəkildi. Bir dövrün səsi o birinin içində əriyib tarixə qarışdı. Şəhər isə hər dəyişiklikdən sonra öz ruhunu yenidən ayağa qaldırdı. Onun gücü qala divarlarında yox, o divarların arasında yaşayan insanlarda idi. Memarın baxışı, əkinçinin zəhməti, sənətkarın zövqü, alimin fikri, müəllimin yetişdirdiyi övladlar bu şəhərin görünməyən sütunlarına çevrildi.
Bir gün torpaq sinəsində əsrlərlə qoruduğu sirri açdı.Qara qızıl yerin dərinliyindən gün işığına çıxdı.Həmin gün təkcə buruqlar ucalmadı. Bakının taleyi də ucaldı.Dünyanın müxtəlif guşələrindən gələn yollar bu şəhərdə kəsişdi. Limanda fərqli dillər eşidildi, küçələrdə yeni simalar göründü. Zavodların fit səsi məktəblərin zəngi ilə qoşa səsləndi. Kitabxanaların qapısı açıldı, teatrların pərdəsi qalxdı, memarlıq şəhərə yeni çöhrə bəxş etdi. Zəhmət sərvət doğurdu, sərvət isə elmə, mədəniyyətə və quruculuğa çevrildi.
Dəniz bütün bu dəyişiklikləri dinməz baxışla izləyirdi.Onun dalğaları tələsmirdi.Əsrlərin necə doğulduğunu da görmüşdü, necə qovuşduğunu da.Bu şəhərin taleyi yalnız yüksəlişdən ibarət olmadı.Külək hər zaman duz qoxusu gətirmədi. Elə günlər yetişdi ki, sahilə ayrılığın nəfəsi qondu. Evlərin çırağı yol gözlədi, anaların baxışları üfüqdə dondu, Vətənin ağrısı minlərlə ailənin taleyinə çevrildi. O günlərdə şəhər əvvəlki şəhər idi, dəniz əvvəlki dəniz. Dəyişən yalnız insanların baxışları idi. Bir xalqın yaddaşına yazılan acı illər keçdikcə köhnəlmədi, əksinə, hər nəsillə daha dərindən mənalandı.
Sahilə çırpılan hər dalğa bir həqiqəti xatırladır, zaman yaraları örtür, yaddaşı silmir.İllər ötüb.Bakı yenə böyüyüb.Səma ilə danışan binalar ucalıb, bulvar dənizlə şəhər arasında uzanan böyük görüş yerinə çevrilib. Gündüz minlərlə addımın səsi eşidilən küçələr axşam işıqların ahənginə bürünür. Şəhər müasir ritmlə yaşayır, qədim nəfəsini də qoruyub saxlayır. Burada şüşə fasadların kölgəsi qala divarlarının üstünə düşür, keçmişlə bu gün eyni küçədə yanaşı addımlayır.Bakının gözəlliyi təkcə memarlığında görünmür.Onun ən qiymətli sərvəti yaddaşıdır.Bu şəhər yaşını divarlarla ölçmür. Hər nəsil öz zəhməti ilə onun ömrünə yeni bir səhifə əlavə edir. Usta çəkicini yerə qoyur, alim kitabını bağlayır, müəllim sinifdən çıxır, əsgər Vətən keşiyində dayanır. Onların hərəsi görünməyən bir daş qoyur bu şəhərin bünövrəsinə. Elə buna görə Bakı hər səhər yenidən doğulur, hər axşam yenidən tarixə çevrilir.
Gecə yenə sahilə enir.Şəhərin səsi yavaş-yavaş uzaqlaşır.Külək suyun üzünü oxşayır.Dalğalar sahilə toxunur.Sonra geri çəkilir.Arxalarınca başqaları gəlir.Əsrlər də dalğalar kimidir. Biri çəkilir, o biri gəlir. Hərəsi öz izini qoyur, hərəsi öz sözünü deyir. Sahildə qalan isə insanın yaratdığı dəyər, qoruduğu ad, yaşatdığı xatirə olur.Ona görə dənizin səsi heç vaxt adi səs təsiri bağışlamır.Orada ustanın çəkici də var.Karvan zənginin ahəngi də.Neft buruqlarının gurultusu da.Hamısı eyni dalğanın yaddaşında yaşayır.Axşam yenə Bakının çiyinlərinə enəcək.Sahil yenə həmin sahil olacaq.Dalğalar yenə qayalara toxunacaq.İnsanlar gələcək, gedəcək.Dəniz isə tələsməyəcək.Onun min illərdir qoruduğu bir əmanət var.Yaddaş.
Elə buna görə sahildə dayanıb diqqətlə dinləyən hər kəs eyni həqiqəti duyur.Pıçıldayan dəniz deyil.Dalğaların dilinə köçən zamanın özüdür.
