Zabit ömrünün görünməyən səhifələri

Zabit ömrünün görünməyən səhifələri
İLAHƏ ALLAHVERDİYEVA yazır
Biz onları çox vaxt yalnız nizamlı addımlarında, çiyinlərindəki rütbə ulduzlarının soyuq parıltısında, hər cür hissdən arındırılmış məğrur baxışlarında və rəsmi mərasimlərin sarsılmaz nizamında görürük. Cəmiyyətin mütləq intizam rəmzi, dövlət iradəsinin canlı təcəssümü kimi qəbul etdiyi bu insanların çiyinlərində daşınan yük isə əslində sadəcə rütbələrdən ibarət deyil; orada bütöv bir xalqın taleyi, görünməyən bir ömrün ən ağır və ən şərəfli fədakarlıq hesabatı gizlənir. 
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günündə diqqətimizi ordumuzun möhtəşəm paradlarından, modern silahlarından daha çox, məhz bu uğurları qanla, tərlə və səssiz fədakarlıqla var edən zabit ömrünün o vərəqlənməyən, gizli səhifələrinə yönəltməyimiz bu səbəbdən vacibdir. Çünki zabitlik sadəcə bir peşə seçimi deyil, bütün şəxsi arzulardan imtina edərək Vətəni bir yaşayış formasına çevirmək sənətidir.
Sıravi vətəndaş üçün zaman 24 saatlıq bəlli bir nizama söykənirsə, zabit üçün vaxt anlayışı "həyəcan" siqnalı ilə "rahat" komandası arasındakı o sonsuz, gərgin boşluqda əriyib gedir. Onun xidmət sutkası şaxtalı qış gecələrində, dumanlı dağ zirvələrində postda dayanan əsgərin arxasında ucalan bir himayə kölgəsi kimi başlayır və heç vaxt bitmir. Bu sonsuz zaman kəsiyində zabitin çiyinlərinə çökən ən böyük ağırlıq isə tabeliyindəki hər bir əsgərin can məsuliyyətidir. O, yalnız hərbi tapşırığın icrasına cavabdeh deyil, həm də ata evindən yenicə ayrılmış onlarla gəncin komandiri, sirdaşı və sığınacağıdır. Əsgərin ayağına dəyən hər daşın ağrısı birinci onun ürəyinə sızıb keçir. Vətən müharibəsində və ondan sonra keçirilən bütün lokal əməliyyatlarda zabitlərimizin öz əsgərinə "İrəli!" yox məhz "Arxamca gəlin!" deyərək ölümün üzərinə birinci atılması məhz bu atalıq məsuliyyətinin və liderlik fəlsəfəsinin ən ali təzahürü idi.
Lakin bu amansız rəhbərlik və döyüş meydanındakı polad iradə reallıqda zabit ömrünün ən az danışılan, bəlkə də ən dərində sızıldayan başqa bir səhifəsi – ailə tərəfi ilə paralellik təşkil edir. Bir zabit xanımı, bir zabit övladı olmağın çətinliyini yalnız hərbi şəhərciklərin soyuq divarları, bir rayondan digərinə daşınan yarımçıq xatirələr bilir. Öz evinin istisini Vətən sərhədlərinin təhlükəsizliyinə qurban verən zabit, övladının ilk addımını, ilk sözünü çox vaxt xidmət etdiyi dumanlı yüksəkliklərdə, telefon dəstəyinin o başından eşidir. Daxilindəki darıxma hissini, ailə həsrətini heç bir əsgərinə bəlli etmədən hər səhər sıraya dik duruşla keçən bu insan, şəxsi həyatına dair bütün planlarını hər an tək bir cümlə ilə təxirə sala bilir: "Vətən çağırır!".
Bu mənəvi fədakarlıq modern dövrün zabitindən həm də yüksək intellekt, sürətli taktiki zəka və saniyələr içində qərar vermək bacarığı tələb edir. Çünki müasir döyüş meydanı təkcə fiziki gücün yox, həm də elmi strateji düşüncənin savaşıdır və zabitin gərgin anlarda verəcəyi tək bir səhv qərar insan itkilərinə, əməliyyatın uğursuzluğuna səbəb ola bilər. Bu daimi gərginlik və psixoloji yük illər keçdikcə onların saçlarına vaxtsız dən salsa da, üzlərindəki dərin cizgilər Şuşa qayalarını əliyalın dırmaşan, düşmənin illərlə qurduğu istehkamları zəka ilə yaran şərəfli hərb tariximizin vizual pasportudur.
Və nəhayət, bu şərəfli ömrün ən son, ən uca səhifəsi gəlib şəhadətə dayanır ki, o səhifə artıq qanla yazılaraq xalqın yaddaşında əbədi olaraq açıq qalır. Bu gün milli hərb tariximiz  öz canını millətin varlığına fəda edərək zamanın fövqünə ucalan zabitlərin dastanları ilə zəngindir. Bu gün 26 İyunda ordumuzun qüdrətini seyr edərkən unutmamağımız gərəkən ən böyük həqiqət budur: biz evlərimizdə rahat uyuyarkən, haradasa soyuq bir dağ zirvəsində ulduzlu göy üzünə baxıb növbəti günün mühafizə planını quran o məğrur zabitlərin görünməyən ömür səhifələri, bu millətin azadlıq və müstəqillik kitabının ən müqəddəs sətirləridir. Bayramınız mübarək, Vətənin sadiq aslanları!
скачать dle 12.1
Geri qayıt