15 iyun Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir

15 iyun Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir

Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.  Ümummilli liderin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ilk növbədə ölkədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Qanunsuz silahlı dəstələrin fəaliyyəti məhdudlaşdırıldı, dövlət institutlarının fəaliyyəti bərpa edildi, idarəetmə sistemində nizam-intizam yaradıldı. Azərbaycan dövlətçiliyinin əsasları möhkəmləndirildi, hüquqi dövlət quruculuğu prosesinə başlanıldı.

Qurtuluşdan sonrakı dövr Azərbaycanın inkişaf tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə sabitlik təmin edildi, iqtisadi islahatlar həyata keçirildi, beynəlxalq əlaqələr genişləndirildi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoyaraq ölkəmizin dünya enerji xəritəsində strateji mövqeyini möhkəmləndirdi. Prezident İlham Əliyevin sözləri ilə desək, danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.

Bu gün fəxrlə qeyd edə bilərik ki, əsası 15 iyun 1993-cü ildə qoyulmuş bu möhtəşəm siyasi kurs, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamı olaraq, Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə və böyük qətiyyətlə reallığa çevrilir. Milli Qurtuluş Gününün gətirdiyi milli həmrəylik və sarsılmaz dövlətçilik ənənəsi Azərbaycanı tarixi Zəfərə – torpaqlarımızın tam azad olunmasına və ərazi bütövlüyümüzün bərpasına çatdırdı.

Türkanə Mübariz 

скачать dle 12.1
Geri qayıt