Sabunçu Tibb Mərkəzində problemlər artır?-Vətəndaşlardan narazılıq siqnalları

Sabunçu Tibb Mərkəzində problemlər artır?-Vətəndaşlardan narazılıq siqnalları
Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov vəzifəsindən azad edilərək, bu vəzifəyə Anar Bayramov təyin edildi.
Yeni təyinat bir çox insan kimi məndə də ümid yaratdı ki, səhiyyə sistemində, xüsusilə də TƏBİB-in fəaliyyətində müşahidə olunan problemlərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılacaq. Lakin müşahidələrimə görə, yeni rəhbərliyin fəaliyyətinin ilk mərhələsi daha çox kadr dəyişiklikləri ilə yadda qaldı. Bir sıra rəhbər şəxslər vəzifədən uzaqlaşdırıldı, onların yerinə yeni təyinatlar həyata keçirildi. Bu arada vətəndaşların keyfiyyətli tibbi xidmət alması məsələsinin arxa planda qaldığı barədə fikirlər səsləndirilir.
Bir müddət əvvəl Sabunçu Tibb Mərkəzinə rəhbərlik etmiş sabiq direktor Nurəngiz Bəşirovanın fəaliyyəti dövründə bu tibb müəssisəsində həyata keçirilən yeniliklər, tibbi personalın xəstələrə münasibəti və yaradılan şərait barədə müsbət fikirlər səsləndirilirdi. Müasir tibbi avadanlıqlarla təchiz edilmiş Sabunçu Tibb Mərkəzi bu gün isə bəzi vətəndaşların narazılığına səbəb olan problemlərlə gündəmə gəlir.
İddialara görə, xəstəxanada müayinə və müalicə üçün müraciət edən vətəndaşlar və onların yaxınları uzun növbələr gözləməli olur, lakin koridorlarda kifayət qədər oturacaq yoxdur. Bəzi sakinlər xəstəxananın əvvəllər səliqə ilə saxlanılan ərazisinin və yaşıllıqlarının da əvvəlki görkəmini itirdiyini bildirirlər.
Narazılıq doğuran məsələlərdən biri də xəstələrin və ya dünyasını dəyişmiş şəxslərin daşınması ilə bağlıdır. Vətəndaşların sözlərinə görə, bu sahədə qiymətlərin süni şəkildə artırılması halları müşahidə olunur. Onlar bildirirlər ki, bəzi hallarda xəstə və ya cənazənin rayonlara aparılması üçün tələb olunan məbləğ bazar qiymətlərindən xeyli yüksək olur.
Eyni zamanda, bəzi sürücülər xəstəxana ərazisinə daxil olmaq və fəaliyyət göstərmək üçün əlavə qeyri-rəsmi ödənişlər tələb olunduğunu iddia edirlər. Bu iddiaların nə dərəcədə həqiqəti əks etdirdiyi isə aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır.
Səhiyyə sistemi hər bir vətəndaş üçün həyati əhəmiyyət daşıyan sahədir. Buna görə də səsləndirilən narazılıqların diqqətlə araşdırılması, mövcud problemlərin aradan qaldırılması və vətəndaş məmnuniyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi vacibdir.
Ümid edirik ki, aidiyyəti qurumlar səsləndirilən iddialara münasibət bildirəcək və zəruri araşdırmalar aparılacaq.
Abuzər CƏFƏRLİ 

скачать dle 12.1
Geri qayıt