Humanizm missiyası, yoxsa reytinq oyunu?-"TƏSİR DAİRƏSİ"
Bilman İSAQ
“Təsir dairəsi” proqramı: Humanizm missiyası, yoxsa reytinq oyunu?
Son illər Azərbaycan televiziyalarında sosial problemləri işıqlandırdığını iddia edən müxtəlif şou xarakterli proqramlar meydana çıxıb. Bu verilişlər özlərini “xalqın səsi”, “ümidsizlərin ümid yeri” kimi təqdim etsələr də, bir çox hallarda ortaya ciddi suallar çıxır: doğrudanmı məqsəd insanlara yardım etməkdir, yoxsa insanların faciəsi üzərindən reytinq və qazanc əldə etmək?
Bu suallar yenidən Təsir dairəsi proqramı ilə bağlı yaranan narazılıqlardan sonra aktuallaşıb. Verilişin aparıcısı Lalə Azərtaş uzun illərdir efirdə sosial problemlərin həlli istiqamətində çıxış etdiyini bildirir. Lakin bəzi vətəndaşların yaşadığı münasibət, efirdə görünən görüntü ilə gerçək yanaşma arasında fərqin olduğunu göstərir.
Qarabağ əlilinin gözlərinin müalicəsi ilə bağlı yardım istəyi üçün proqramın əlaqə nömrəsinə edilən müraciət zamanı qarşı tərəfin problemi sona qədər dinləmədən “burada göz həkimi yoxdur, YAŞAT Fonduna müraciət edin” cavabı verməsi ciddi narazılıq yaradıb. Burada əsas məsələ təkcə kömək edilməməsi deyil. Əsas problem insanın dərdinin laqeydliklə qarşılanmasıdır.
Əgər bir televiziya proqramı özünü sosial yardım platforması kimi təqdim edirsə, o zaman ən azı müraciət edən vətəndaşı diqqətlə dinləmək, istiqamətləndirmək və mənəvi dəstək göstərmək onun etik borcudur. Xüsusilə söhbət Qarabağ qazisindən gedirsə, məsuliyyət daha da artır. Çünki bu insanlar Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlıqlarını itirmiş şəxslərdir.
Cəmiyyətdə artıq belə bir fikir formalaşır ki, bəzi proqramlar əslində problemləri həll etməkdən çox, canlı efirdə emosional səhnələr yaratmağa üstünlük verirlər. Verilişlərə müxtəlif həkimlərin, iş adamlarının və sponsorların çıxarılması da “yardım missiyası”ndan daha çox reklam xarakteri daşıdığı barədə iddiaları gücləndirir. İnsanların göz yaşları, xəstəlikləri və çətin həyatı bəzən reytinq uğrunda istifadə olunan vasitəyə çevrilir.
Ən təhlükəli məqam isə budur: insanlar televiziya ekranında gördüklərinə inanır, ümid edir və son çarə kimi bu proqramlara müraciət edirlər. Qarşılarında isə bəzən biganə münasibət görürlər. Bu isə cəmiyyətin mediaya olan etimadını sarsıdır.
Əlbəttə, televiziya proqramları dövlət qurumu deyil və hər problemi həll etmək imkanına malik olmaya bilər. Amma humanizm nümayiş etdirdiyini iddia edən bir platforma heç olmasa insanı dinləməyi bacarmalıdır. Əgər məqsəd doğrudan da yardım etməkdirsə, o zaman vətəndaşa “biz edə bilmirik, amma sizi filan quruma yönləndirə bilərik” kimi peşəkar və hörmətli münasibət göstərilməlidir.
Bu gün Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətin həssas təbəqələrinə qarşı daha məsuliyyətli davranmaqdır. Qarabağ qazilərinin problemləri efir üçün material deyil, dövlət və cəmiyyət üçün vicdan məsələsidir.
Televiziyalar reytinq uğrunda yarışarkən unutmamalıdırlar: insan taleyi şou predmeti deyil. Xalqın etimadı isə bir dəfə itirildikdən sonra onu geri qazanmaq çox çətin olur.
