9 May Qələbəsinin Azərbaycanlı Əsgəri — İbrahim Pənahovun Şərəfli Ömür Yolu
İLAHƏ ALLAHVERDİYEVA yazır
Bəzən insan bir şəkilə baxanda illərin səsini eşidir. Solmuş bir fotonun içindən keçmişin nəfəsi gəlir, gözlərdə qalan yorğunluq isə danışılmayan taleləri pıçıldayır. İbrahim Pənahov haqqında düşünəndə də ilk hiss olunan məhz bu olur — zamanın içindən boylanan sakit, qürurlu və ağır bir ömür...
O, müharibənin adını kitablardan oxuyanlardan yox, barıt qoxusunu nəfəsində hiss edən insanlardan idi. Gənc yaşlarında Vətənin çağırışına səs verdi, milyonlarla insan kimi İkinci Dünya müharibəsinin sərt yollarına yollandı. O yollar ki, insanı bir anda böyüdür, gəncliyi vaxtsız qocaldırdı. Hər gün ölümün kölgəsi ilə üz-üzə dayanmaq, sabaha çıxacağın məlum olmadan yaşamaq asan yük deyildi.
İbrahim Pənahov partizan dəstəsində və kəşfiyyat qrupunda xidmət etmişdi. Döyüş yoldaşlarının xatirələrində onun cəsarətli və iradəli biri olduğu xüsusi vurğulanırdı. Alman hərbi qərargahının ələ keçirilməsi əməliyyatında iştirak etməsi, alman generalının əsir alınması zamanı göstərdiyi şücaət onun necə böyük risklərdən keçdiyini göstərirdi. Həmin illərdə qəhrəmanlıq bəzən bir addım irəli getmək, qorxunu içində susdurmaq idi.
Müharibə bitəndən sonra o, sinəsində medallarla kəndinə qayıtdı. “Qələbənin 25 illiyi”, “Qələbənin 40 illiyi” yubiley medalları, “Əmək veteranı” təltifi və müxtəlif fəxri mükafatlar onun keçdiyi yolun dövlət tərəfindən verilən dəyəri idi. Amma onu tanıyanların yaddaşında İbrahim Pənahov medallardan əvvəl insanlığı ilə qalmışdı. Çünki bəzi adamlar qazandıqları titullardan daha böyük görünürlər.
O, savaşdan qayıtdıqdan sonra torpağa bağlandı. Sadə kənd həyatı yaşadı, zəhmətlə nəfəs alan insanlardan biri oldu. Danışığında hay-küy yox idi, baxışlarında isə çox şey gizlənirdi. Müharibədən danışanda səsində qəribə bir sakitlik duyulardı. Sanki o illər onun içində heç vaxt tam bitməmişdi. Çünki səngərdən qayıdan insanlar əslində bir ömür boyu xatirələrin içində yaşayırlar.
9 May gələndə isə üzündə başqa bir ifadə yaranardı. Bu tarix onun üçün sadəcə bayram deyildi. Həmin gün itirdiyi dostların xatirəsi, çətin yollar, gecələr boyu davam edən döyüşlər gözlərinin önündən keçərdi. Qələbəyə sevinirdi, amma o sevincin içində illərin ağrısı da yaşayırdı.
İbrahim Pənahov 16 iyun 2002-ci ildə Qarabağlar kəndində dünyasını dəyişdi. Lakin bəzi insanlar torpağa tapşırılandan sonra da unudulmurlar. Çünki onların həyatı bir ailənin yox, bütöv bir xalqın yaddaşına çevrilir.
Bu gün 9 May Qələbə Günündə İbrahim Pənahov kimi insanların ömür yolunu xatırlayanda anlayırıq ki, tarix yalnız böyük hadisələrlə yazılmır. Tarixi yazan həm də səssizcə Vətən üçün yaşayan, ağır illərin içindən ləyaqətlə keçən insanlardır.
