Əsl üçüncü dünya MÜHARİBƏSİ
Yerin altında, sözün altında, niyyətlərin və hadisələrin dərin qatlarında başqa bir dünya mövcuddur. Hətta dünyanın özünün belə dərin kökləri var.
Biz çox zaman yalnız görünən aləmlərdən, baş verən hadisələrin zahiri təsirlərindən danışırıq. Məsələn, qlobal iqlim dəyişikliklərini insanın təbiətə təsiri ilə əlaqələndiririk. Görürük ki, meşələr məhv edilir, çayların axarları dəyişdirilir, torpaq asfaltlanır və betonlaşır. Tikilən binalar günəş şüalarının torpağa çatmasına mane olur. Ətraf mühit çirkli tullantılarla yüklənir.
Bütün bunlar insanın da bir parçası olduğu təbii mühitin tarazlığını pozur. Bunlar görünən aləmlərdir.
Lakin bir də görünməyən aləmlər var ki, bəzən dünya alimlərinin belə diqqətindən kənarda qalır və ya kifayət qədər araşdırılmır. Elə həmin görünməyən aləmlərdən biri 2020-ci ildə bütün dünyanı evlərə qapanmağa məcbur etmədimi?
Görünməyən aləmlər təkcə viruslar, mikroblar və mikroorqanizmlərdən ibarət deyil. Bunlar bioloji görünməyənlərdir. Bundan əlavə:
Fiziki görünməyənlər – müxtəlif dalğa uzunluqlu işıq şüaları, elektromaqnit dalğaları, maqnit sahələri və s.
Kimyəvi görünməyənlər – torpağın, havanın, canlı orqanizmlərin kimyəvi tərkibi və ümumi fonu.
Riyazi görünməyənlər – nisbətlər, faizlər, qatılıqlar və sistemli ölçülər.
Təsəvvür edin: Bakıda oturub regionlardan biri ilə səsli və ya görüntülü danışıq edirsiniz. Bu, sadə proses deyil – elektromaqnit dalğaları ötürücüdən qəbul ediciyə doğru fasiləsiz axır. Dünyada eyni anda milyonlarla insanın telefonla danışdığını nəzərə alsaq, əgər bu dalğalar görünən olsaydı, ətrafımızda nə qədər xaotik və nəhəng mənzərə yaranardı...
Televiziya kanallarını dəyişdikcə, fərqli tezliklər və dalğa sistemləri evimizə daxil olur. Böyük televiziya şəbəkələri, mobil operatorlar və xüsusilə 5G texnologiyası yerə yaxın fəzanın təbii fiziki fonuna nə dərəcədə təsir edir – bu, düşündürücü sualdır.
Biz bunu görmürük, amma təsiri varmı?
Kosmosa göndərilən raketlər, hərbi məqsədlərlə istifadə olunan texnologiyalar, bombalar, nüvə sınaqları və atom elektrik stansiyalarının fəaliyyəti yerin və atmosferin fiziki və kimyəvi strukturuna təsirsiz ötüşmür.
Hər bir maddənin – torpağın, havanın, canlı və cansız aləmin – özünəməxsus kimyəvi tərkibi var. Bu tərkib dəyişdikdə hansı nəticələrin ortaya çıxdığını izah etməyə ehtiyac yoxdur.
Eyni zamanda, bütün mövcudat riyazi qanunlar əsasında qurulub. Müəyyən nisbətlər, faizlər və qatılıqlar mövcuddur. Məsələn, insan bədən temperaturunun cəmi 2 dərəcə artması belə ciddi nəticələrə səbəb ola bilər. Hüceyrədaxili və hüceyrəxarici mühitdə natrium (Na) və kaliumun (K) qatılığı fərqlidir. Lakin ölüm baş verdikdən sonra bu fərq sürətlə aradan qalxır.
Bütün bunlar göstərir ki, insan görünməyən aləmlərə qarşı təsirsiz deyil. Əksinə, bəzən fərqində olmadan bu sahədə “mübarizə” aparır. Təbiidir ki, bu təsirlərə qarşı cavab da yalnız bir istiqamətdə olmur.
Bu “cavablar” sərhəd tanımır. Harada baş verməsindən asılı olmayaraq, təsir qlobal miqyas ala bilər. Yerə yaxın fəzanın fiziki, kimyəvi və riyazi strukturunun pozulması gələcəkdə gözlənilməz – bəzən tədrici, bəzən isə ani fəlakətlərə səbəb ola bilər.
Genetik quruluşa ən çox təsir edən amillər sırasında radiasiya, elektromaqnit dalğaları və kimyəvi maddələr dayanır. Bu təsirlər hər zaman inkişaf və təkamülə deyil, çox vaxt xəstəliklərə və məhvolmaya gətirib çıxarır.
Sabah mutasiya nəticəsində elə bir virus və ya yeni canlı növü yarana bilər ki, ondan qaçmaq mümkün olmasın.
Bəşəriyyət üçün ən böyük təhlükə görünməyən aləmlərdə – torpağın, havanın və yerə yaxın fəzanın təbii fiziki, kimyəvi və riyazi balansının pozulmasında gizlənir.
Bəlkə də əsl “üçüncü dünya müharibəsi” insanla görünməyən aləmlər arasında gedəcək.
Tanrı bütün canlı və cansız aləmi, Yer kürəsini və özünü hər şeydən üstün hesab edən, amma əslində olduqca həssas və aciz olan insanı qorusun.
