Saniyələrlə ölçülən xəbər, illərlə qurulan etibar

Saniyələrlə ölçülən xəbər, illərlə qurulan etibar
İLAHƏ ALLAHVERDİYEVA yazır
 Barmağın ekran üzərində yüngül hərəkəti ilə dünya dəyişir: bir hadisə baş verir, paylaşılır, şərh olunur, yayılır və bir neçə dəqiqə sonra artıq köhnəlmiş sayılır. Bu sürət insanı heyrətləndirir, eyni zamanda düşündürür: bu qədər tez dolaşan məlumatın içində həqiqət harada dayanır?
 Müasir dövrdə oxucu artıq passiv izləyici kimi qalmır. O, xəbərin içindən keçir, mənbələr arasında dolaşır, müqayisə aparır, gizli məqamları sezə bilir. Bu davranış forması medianın qarşısına yeni reallıq çıxarır: diqqət uğrunda mübarizə arxa plana keçir, etibar isə əsas meyara çevrilir. İnamın formalaşması isə bir paylaşımın deyil, uzunmüddətli yanaşmanın nəticəsi kimi yaranır.Məhz bu məqamda  redaksiyanın nəfəsi hiss olunur. Hər cümlənin arxasında dayanan seçim, hər başlığın daşıdığı məsuliyyət görünməsə də, oxucu onu duyur. Tələsik yazılmış bir xəbər ilə dəqiqliklə işlənmiş mətn arasındakı fərq ilk baxışda kiçik görünə bilər, lakin təsiri dərin qatlarda üzə çıxir. Birində ani maraq yaranır, digərində isə etibar kök salır.
 Sürət amili bu konteksdə xüsusi çəki qazanır. Xəbəri ilk çatdırmaq istəyi çox vaxt jurnalistin çiyinlərinə əlavə yük qoyur. Bu yük yalnız operativlikdən ibarət qalmır, həm də seçimin məsuliyyətini daşıyır: hansı məlumat dərhal yayımlansın, hansı isə əlavə yoxlamadan keçsin? Bu qərarların hər biri medianın sabahını formalaşdırır.
Eyni zamanda, informasiya mühitində diqqət çəkən başlıqların da rolu danılmazdır. Lakin cazibəli ifadə ilə məzmun arasında tarazlıq pozulduqda oxucu ilə media arasında görünməz məsafə yaranır. Bu məsafə böyüdükcə etibar zədələnir. Halbuki həmin bağın möhkəmliyi uzun yolun əsas dayağına çevrilir.
 Bu mənzərədə jurnalistin rolu daha da aydın görünür. O, sadəcə məlumat ötürən vasitə kimi çıxış etmir; informasiya axınının içində istiqamət verən, qarışıqlıq içində aydınlıq yaradan fiqura çevrilir. Mənbələrin yoxlanılması, kontekstin qurulması, faktların bir-biri ilə əlaqələndirilməsi – bütün bunlar xəbəri mətn səviyyəsindən çıxarıb mənaya çevirir.Redaksiya daxilində formalaşan mühit də bu prosesə təsir göstərir. Birgə qərarlar, ortaq prinsip və yanaşmalar nəticədə oxucuya vahid üslub kimi təqdim olunur. Bu üslub təkcə yazı dili ilə ölçülmür; onun içində yanaşma, məsuliyyət və mövqe də yer alır. Oxucu məhz bu bütövlüyü hiss etdiyi zaman həmin mənbəyə geri dönür.
Artıq rəqəmsal dövr oxucu ilə medianı daha da yaxınlaşdırıb. Demək olar ki, məsafə anlayışı aradan qalxıb, qarşılıqlı reaksiya saniyələr içində formalaşır. Bir şərh, bir paylaşım, bir sual – bütün bunlar medianın fəaliyyətinə birbaşa təsir edir. Bu qarşılıqlı təsir isə münasibətləri daha canlı, eyni zamanda daha həssas edir.
 Bütün bu dinamikanın içində bir həqiqət aydın görünür: xəbər tez köhnəlir, etibar isə zamanla dərinləşir. 
скачать dle 12.1
Geri qayıt