Müəllim nüfuzu sarsılır: PROBLEM KİMDƏDİR?

Müəllim nüfuzu sarsılır: PROBLEM KİMDƏDİR?

Müasir dövrdə təhsil yalnız bilik ötürmək prosesi deyil, həm də şəxsiyyət formalaşdıran mühüm sosial mühitdir. Bu mühitdə isə əsas rol üç tərəfin – şagird, müəllim və valideynin üzərinə düşür. Onların davranış modeli birbaşa olaraq təhsilin keyfiyyətinə təsir edir. Lakin son illər məktəblərdə münasibətlər sistemində yaranan gərginliklər cəmiyyətdə ciddi suallar doğurur.

Şagird məktəbdə yalnız bilik alan tərəf deyil, həm də davranış nümunəsi göstərən fərddir. O, müəllimə və sinif mühitinə hörmət etməli, dərs prosesində aktiv iştirak etməlidir. Lakin bu hörmət kor-koranə itaət anlamına gəlməməlidir.

Müasir təhsil yanaşmasına görə şagird sərbəst düşünməyi bacarmalı, sual verməkdən çəkinməməli, fikrini etik şəkildə ifadə etməlidir.

Bu keyfiyyətlər olmadan yaradıcı və analitik düşüncəli nəsil yetişdirmək mümkün deyil.

Müəllim təhsilin əsas dayağıdır. Onun davranışı həm şagirdin psixologiyasına, həm də dərsə münasibətinə birbaşa təsir edir. 

Peşəkar müəllim şagirdlərə qarşı ədalətli olmalı, emosiyalarını idarə etməli, nizam-intizam yaratmalı, lakin bunu qorxu ilə deyil, nüfuzla etməlidir

Unutmaq olmaz ki, qorxu ilə yaradılan “intizam” müvəqqətidir, hörmətlə qurulan münasibət isə uzunmüddətlidir.

Valideyn məktəb mühitinin ayrılmaz hissəsidir. Onun mövqeyi çox vaxt vəziyyətin necə inkişaf edəcəyini müəyyən edir. Bəzi valideynlər uşağın dediklərini şərtsiz qəbul edərək müəllimə qarşı aqressiv mövqe tutur. Bu isə problemi həll etmir, əksinə daha da dərinləşdirir.

Sağlam yanaşma isə belə olmalıdır, məsələni araşdırmadan hökm verməmək, müəllimlə açıq dialoq qurmaq, uşağın həm hüququnu, həm də məsuliyyətini dərk etdirmək.

Valideyn–müəllim əməkdaşlığı olmadıqda, şagird bu boşluqdan sui-istifadə edə bilər.

Bu sual ətrafında fikirlər birmənalı deyil. Əslində burada “çəkinmək” anlayışının məzmunu həlledicidir.

Əgər çəkinmək qorxu, psixoloji gərginlik, cəza qorxusu deməkdirsə, belə mühitdə keyfiyyətli təhsildən danışmaq çətindir.

Amma əgər çəkinmək, müəllimə hörmət, məsuliyyət hissi, intizam kimi başa düşülürsə, bu, təhsilin vacib elementidir. 

Deməli, ideal model belədir, şagird müəllimdən qorxmamalı, amma onu ciddi qəbul etməlidir.

Məktəbdə sağlam mühit nə qorxu, nə də tam sərbəstlik üzərində qurulmalıdır. Əsas prinsip balansdır. Şagird, müəllim və valideyn arasında qarşılıqlı hörmət, anlayış və əməkdaşlıq olduqda təhsil həqiqətən keyfiyyətli olur.

Bu üç tərəf eyni məqsədə – savadlı və sağlam düşüncəli nəsil yetişdirməyə xidmət etdiyini unutmadıqda, məktəb yalnız təhsil ocağı deyil, həm də düzgün cəmiyyətin təməli olur.

İlhamə ABADOVA

скачать dle 12.1
Geri qayıt