Fırıldaq sxemləri necə işləyir?

Fırıldaq sxemləri necə işləyir?

Bilman İSAQ

Son dövrlər sosial şəbəkələrdə vətəndaşların aldadılması halları sürətlə artmaqdadır. Saxta investisiya təklifləri, uduş vədləri, bank məlumatlarının ələ keçirilməsi və müxtəlif “asan qazanc” sxemləri ilə insanlar ciddi maddi zərərə məruz qalırlar. Bu vəziyyət isə cəmiyyətdə haqlı suallar doğurur: görəsən məsul qurumlar bu prosesdən xəbərsizdir, yoxsa yetərli tədbirlər görülmür?

Müşahidələr göstərir ki, dələduzlar daha çox sosial platformalar üzərindən fəaliyyət göstərir. Onlar tanınmış şəxslərin adından saxta səhifələr yaradır, reklam yerləşdirir və insanları “yüksək gəlir” vədi ilə cəlb edirlər. Bəzi hallarda isə vətəndaşlara zəng edilərək bank kartı məlumatları əldə olunur və ya guya sərfəli kredit vemək adı ilə aldadılırlar.

Bu cür halların texniki baxımdan izlənilməsi və mənbəyinin müəyyən edilməsi müasir dövrdə mümkündür. IP ünvanları, bank köçürmələri, telefon nömrələri və digər rəqəmsal izlər vasitəsilə cinayətkarların tapılması real görünür.

Bəs niyə nəticə görünmür?

Əsas narahatlıq doğuran məqam da məhz budur. Cəmiyyət arasında belə bir fikir formalaşır ki, bu cür halların qarşısının alınmaması müəyyən səhlənkarlıqdan, bəlkə də koordinasiyanın zəifliyindən irəli gəlir. Hətta bəzi vətəndaşlar daha sərt suallar səsləndirərək, bu proseslərdə müəyyən maraqlı tərəflərin olub-olmadığını da sorğulayır.

Lakin bu kimi iddiaların sübuta yetirilməsi üçün ciddi araşdırmalar və şəffaf məlumatlandırma vacibdir. Əks halda, ictimai inam daha da zəifləyir.

Çıxış yolu nədir?

Mütəxəssislər hesab edir ki, problemin həlli üçün bir neçə istiqamətdə paralel addımlar atılmalıdır. 

Hüquq-mühafizə orqanlarının daha operativ və açıq fəaliyyəti, sosial şəbəkə platformaları ilə əməkdaşlığın gücləndirilməsi, maarifləndirmə kampaniyalarının artırılması, vətəndaşların kibertəhlükəsizlik savadının yüksəldilməsi.

Sosial şəbəkələrdə dələduzluq artıq tək-tək hadisə deyil, sistemli problemə çevrilmək üzrədir. Bu isə həm dövlət qurumlarını, həm də cəmiyyəti daha diqqətli və məsuliyyətli olmağa çağırır. Ən əsası isə şəffaflıq və operativlik təmin edilməlidir ki, vətəndaşlarda suallar deyil, inam formalaşsın.

скачать dle 12.1
Geri qayıt