Bakı boğulur: Problemin adı yağış deyil, İDARƏETMƏDİR

Bakı boğulur: Problemin adı yağış deyil, İDARƏETMƏDİR
Rauf İLYASOĞLU
Son illər Bakıda yağan hər güclü yağış eyni mənzərəni ortaya qoyur: küçələr çaya dönür, körpülər su altında qalır, evləri su basır, insanlar çarəsiz vəziyyətdə qalır. Bu artıq təbii hadisə yox, idarəetmə böhranıdır. Paytaxtın kanalizasiya və drenaj sistemi müasir şəhər tələblərinə cavab vermir və bu şəhər ört-basdır etmək mümkün deyil.
Rəsmi açıqlamalarda tez-tez “yağış normadan artıq idi” kimi bəhanələr səsləndirilir. Halbuki problem yağışın miqdarında deyil – problem bu şəhərin belə hallara hazır olmamasındadır. Müasir şəhərlər məhz ekstremal hava şəraitinə hesablanaraq planlaşdırılır. Bakı isə sanki hər dəfə yağışa “hazırlıqsız yaxalanır”.
Şəhərin kanalizasiya sistemi köhnəlib, bir çox yerlərdə isə ümumiyyətlə düzgün qurulmayıb. Yeni tikilən binalar, asfaltlanan sahələr torpağın suyu hopdurma qabiliyyətini azaldır, amma paralel olaraq suyun axıdılması üçün infrastruktur inkişaf etdirilmir. Nəticədə bir neçə saatlıq yağış belə fəlakətə çevrilir.
Körpülərin və tunellərin su ilə dolması isə artıq adi hala çevrilib. Bu, təkcə narahatlıq deyil, həm də insan həyatı üçün real təhlükədir. Su basmış yollar, işləməyən drenaj xətləri, vaxtında görülməyən tədbirlər – bunların hamısı məsuliyyət məsələsidir.
Digər mühüm problem isə Bakıya nəzarətsiz axındır. Regionlarda iş yerlərinin, kənd təsərrüfatının yetərincə inkişaf etməməsi insanları paytaxta üz tutmağa məcbur edir. Nəticədə Bakı həddindən artıq yüklənir, infrastruktura düşən təzyiq artır. Bu isə şəhərin nəqliyyatından tutmuş kanalizasiya sisteminə qədər hər sahədə problemləri dərinləşdirir.
Əgər həqiqətən çıxış yolu axtarılırsa, bu məsələ kompleks şəkildə həll olunmalıdır:
Birincisi, Bakının kanalizasiya və drenaj sistemi tam yenidən qurulmalı, müasir standartlara uyğunlaşdırılmalıdır.
İkincisi, şəhərsalma siyasəti ciddi şəkildə yenidən nəzərdən keçirilməli, plansız tikintiyə son qoyulmalıdır.
Üçüncüsü, regionlarda – xüsusilə kənd təsərrüfatı sahəsində real inkişaf təmin olunmalıdır ki, insanlar paytaxta axın etməsin.
Əks halda, hər yağışdan sonra eyni sözləri eşidəcəyik: “yağış çox güclü idi”. Amma həqiqət budur ki, güclü olan yağış yox, problemlərin illərlə yığılmasıdır.
Bakı bir şəhər kimi inkişaf etmək istəyirsə, əvvəlcə bu problemlərlə üzləşməyi və onları həll etməyi bacarmalıdır. Əks halda, paytaxt hər yağışda bir az daha batacaq.
скачать dle 12.1
Geri qayıt