Gözlənilən xəbər gəldi: Bakı–Naxçıvan uçuşları bərpa edildi

Gözlənilən xəbər gəldi: Bakı–Naxçıvan uçuşları bərpa edildi

Naxçıvan istiqamətində baş verən təhlükəsizlik hadisəsindən sonra müvəqqəti olaraq dayandırılan hava əlaqəsi yenidən bərpa edilib. 

Məlumata görə, Bakı ilə Naxçıvan Beynəlxalq Hava Limanı arasında uçuşlar artıq həyata keçirilməyə başlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl regionda baş verən dron insidenti səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilmiş və hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılmışdı. Hadisədən sonra ərazidə təhlükəsizlik və texniki yoxlamalar aparılıb, zərər görmüş hissələrdə bərpa işləri həyata keçirilib.

Rəsmi qurumların məlumatına görə, görülən tədbirlərdən sonra hava limanı yenidən fəaliyyətə hazır vəziyyətə gətirilib və Bakı–Naxçıvan istiqamətində reyslərin həyata keçirilməsinə icazə verilib.

Uçuşların bərpası ilə bağlı əsas daşıyıcı şirkət olan Azərbaycan Hava Yolları (AZAL) sərnişin daşımalarının mərhələli şəkildə bərpa olunduğunu bildirib. Məlumata əsasən, yaxın günlərdə reyslərin tam qrafik üzrə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, uçuşların dayandırıldığı müddətdə sərnişinlərin daşınması üçün alternativ marşrutlardan da istifadə olunmuşdu. Bu çərçivədə sərnişinlərin bir hissəsi Türkiyənin İğdır şəhərinə uçuşlarla daşınır, oradan isə quru yolu ilə Naxçıvana çatdırılırdı.

Hazırda isə vəziyyət stabilləşib və Bakı ilə Naxçıvan arasında hava əlaqəsi yenidən təmin olunub.


скачать dle 12.1
Geri qayıt