İran İslam Respublikası ərazisindən Naxçıvana qarşı həyata keçirildiyi bildirilən dron hücumu regionda onsuz da həssas olan geosiyasi vəziyyəti daha da gərginləşdirən ciddi hadisə kimi qiymətləndirilir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikanın mülki obyektinin – hava limanının hədəfə alınması təkcə iki dövlət arasında münasibətlər müstəvisində deyil, bütövlükdə beynəlxalq hüquq və regional təhlükəsizlik baxımından da ciddi suallar doğurur.
Rəsmi Bakı hər zaman qonşuluq prinsiplərinə sadiq qaldığını, ərazisindən heç bir ölkəyə qarşı təhlükə yaranmadığını dəfələrlə bəyan edib. Hətta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı vermiş, İran səfirliyini ziyarət edərək həmrəylik nümayiş etdirmişdi. Belə bir fonda mülki infrastruktura qarşı dron zərbəsi iddiaları cəmiyyət tərəfindən ciddi narahatlıq və haqlı etirazla qarşılanır.
Hadisənin bütün detalları aydınlaşdırılmalı, məsuliyyət məsələsinə hüquqi-siyasi qiymət verilməli və regionda sabitliyin qorunması üçün təxirəsalınmaz addımlar atılmalıdır. Azərbaycan tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır və baş verənlərə münasibətdə prinsipial mövqe sərgiləyəcəyini bəyan edir.
Bilman İSAQ
