Xocalı Soyqırımı Memorialının Xocalıda açılışı ədalətin təntənəsidir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.
Açılışda cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Heydər Əliyev Fondu fəaliyyətə başladığı ilk dövrlərdən etibarən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirmişdir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası qısa müddətdə geniş coğrafiyanı əhatə etmiş, bir çox ölkələrdə tədbirlər, konfranslar və sərgilər təşkil olunmuşdur. Bu hərəkat Xocalı soyqırımının tanıdılması və tarixi ədalətin bərpası istiqamətində mühüm rol oynamışdır.
Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan Ordusu 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı düşməni darmadağın etmiş, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur. Bu qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilmiş, işğala son qoyulmuşdur. Prezident qeyd etmişdir ki, bu tarixi zəfər xalqın birliyi, ordunun gücü və siyasi iradənin qətiyyəti sayəsində mümkün olmuşdur.
Cənab Prezident öz çıxışında bu vacib məqamları bir daha xatırlatdı. Xarici ölkələrin hərbçilərinin bizim torpağımızda bizim icazəmizlə müvəqqəti olaraq yerləşməsi Azərbaycanı öz məqsədlərindən çəkindirə bilməz. Azərbaycan dəfələrlə Ermənistan tərəfinə xəbər göndərmişdi ki, separatçılığa son qoyulsun, qanunsuz xunta rejimi fəaliyyətini dayandırsın, Qarabağ torpağında yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Lakin qarşı tərəf nəinki adekvat cavab vermir, əksinə, separatçılar və onların arxasında duran qüvvələr daha da azğınlaşırdı. Buna görə də Azərbaycan bir neçə saat ərzində davam edən antiterror əməliyyatını həyata keçirdi və öz gücünü bunu bütün dünyaya göstərdi.
Türkanə Mübariz
