XII əsrin ən dinamik şəhəri – NAXÇIVAN
XII əsr… Əsrlər sonra tarixçilər tərəfindən İntibah dövrü kimi dəyərləndiriləcək bir zaman. Bu dövrdə əsası qoyulan mədəniyyət 900 il yaşayacaq, öyrəniləcək və heyranlıq doğuracaq. Maraqlıdır ki, həmin əsrdə nə Avropada, nə də digər türk dövlətlərində bu miqyasda mədəni yüksəliş müşahidə olunurdu. Azərbaycanda isə mədəniyyət bütün sahələr üzrə inkişaf edirdi.
Bu inkişafın mərkəzlərindən biri Naxçıvan idi. Burada dövrün bütün bilik və bacarıqlarını özündə birləşdirən nadir şəxsiyyət yaşayırdı — Əcəmi Əbubəkir oğlu Naxçıvani. O, həm həndəsəni, həm riyaziyyatı, həm memarlığı bilən, həm də böyük ustad idi. Onun ölçü vahidi isə kərpic idi. Bəs bir ömrə neçə kərpic sığar?
XII əsrin ən dinamik şəhəri – Naxçıvan
XII əsrdə Naxçıvanı regionun ən dinamik şəhərlərindən biri hesab etmək olar. Paytaxt statusu daşıması və Böyük İpək Yolunun buradan keçməsi ticarətin, əhali artımının və geniş quruculuq işlərinin sürətlənməsinə səbəb olmuşdu. Dövrün elmi bilikləri əsasən mədrəsələrdə yayılırdı və savadlılıq səviyyəsi yüksəlirdi.
Əcəmi Naxçıvani də bu mühitin yetirməsi idi. O, dünyəvi elmləri dərindən mənimsəmişdi. Əks halda bu qədər mürəkkəb mühəndislik möcüzələrini yaratmaq mümkün olmazdı. Əcəmi üslubu riyazi düşüncənin memarlıqda təcəssümüdür. Çoxbucaqlı formalar, vertikal kompozisiyalar, həndəsi ornamentlər, kərpiclərin xüsusi düzülüşü, proporsiya və simmetriya onun biliklərinin səthi olmadığını sübut edir.
O, yalnız öz dövrü üçün tikmirdi — yüzilliklərə, hətta minilliklərə hesablanmış abidələr yaradırdı. Maraqlıdır ki, bu möhtəşəm tikililərin inşası cəmi bir və ya iki il çəkirdi. Bəs layihələndirmə nə qədər vaxt aparırdı? Əcəmi layihələrini həm estetik, həm riyazi, həm də seysmik tələbləri nəzərə alaraq hazırlayırdı. Naxçıvanın seysmik zonada yerləşdiyini bilən memar tikililəri buna uyğun inşa edirdi. O, yalnız bu günü yox, əsrlər sonranı da düşünərək qururdu — və məqsədinə çatdı.
Yusif ibn Küseyir türbəsi – Əcəmi üslubunun başlanğıcı
Əcəmi üslubunun ilk möhtəşəm nümunəsi Yusif ibn Küseyir türbəsidir. Bu gün bayrağımızda daşıdığımız səkkizguşəli ulduzun memarlıq ifadəsi hələ 1162-ci ildə daşda əbədiləşmişdi.
Türbə özünəməxsus memarlıq üslubu ilə seçilir. Xarici ornamentlər simmetrik və mürəkkəb kompozisiyaya malikdir, daxili məkan isə sadəliyi ilə diqqət çəkir. Sanki iç məkan fani insan ömrünə, zahiri görünüş isə əsrlərə xitab edir. Ornamentlər bəzəkdən daha çox düşüncə formasıdır. Sufi fəlsəfəsinin dairə, mərkəz və çoxluq anlayışları burada memarlıq dili ilə ifadə olunub.
Bu möhtəşəm abidənin tikintisi cəmi bir il davam edib. Bu gün sadə tikililərin belə illərlə davam etdiyini nəzərə alsaq, bu fakt daha da heyrətamiz görünür.
Möminə Xatun türbəsi – qadına verilən dəyərin simvolu
Möminə Xatun türbəsinə yalnız memarlıq nümunəsi kimi baxmaq doğru olmaz. Bu abidə XII əsr Azərbaycanında qadının cəmiyyətdəki yerini göstərən nadir simvollardandır. Qərbdə qadınların hüquqlarının məhdud olduğu bir dövrdə, Naxçıvanda qadın adına möhtəşəm türbə ucaldılması böyük mədəni göstəricidir.
Türbə həm memarlıq baxımından şah əsərdir, həm də dərin mənəvi məna daşıyır. Tikintisi 24 ay davam edib, hündürlüyü isə tikinti müddətindən bir vahid artıqdır. Texnikasız dövrdə bu sürət və dəqiqlik yalnız Əcəmi Naxçıvani kimi “Şeyxül-mühəndis” ləqəbli dahilərə məxsus idi.
Dövrümüzə çatmayan əsərlər
Tarixçilərin fikrincə, Əcəminin bizə gəlib çatmayan onlarla əsəri olub. Bunlardan biri Qoşa Minarəli baştağdır. XIX–XX əsrlərdə Rusiya imperiyası dövründə bir çox dini abidələr ya dağıdılıb, ya da şəhərsalma bəhanəsi ilə sökülüb. Qoşa Minarəli baştağ isə sadəcə dağıdılmayıb, sənədsiz şəkildə tarixdən silinib. Lakin onu xalq yaddaşından silmək mümkün olmayıb.
Əcəmi məktəbi – əsrləri aşan irs
Görünən budur ki, Əcəmi yeni bir şəhər quracaq gücə malik idi. Ömrü vəfa etsəydi, bəlkə də bunu bacarardı. Amma o, bir şəhərdən daha qiymətli miras qoydu — Əcəmi məktəbini.
Bu memarlıq məktəbi əsrlərdir Azərbaycan memarlığına xidmət edir. Onun təsirini təkcə ölkəmizdə deyil, yaxın regionların memarlıq üslubunda da görmək mümkündür.
900 illik yubiley və Memarlıq ili
2026-cı il ölkə başçısının sərəncamı ilə həm Memar Əcəminin 900 illik yubileyi, həm də “Şəhərsalma və Memarlıq ili” elan olunub. XII əsrdə əsası qoyulan Azərbaycan memarlıq düşüncəsi bu gün yenidən mənəvi dirçəliş mərhələsinə qədəm qoyur.
Bu, təsadüf deyil — tarixi köklərə söykənən düşünülmüş mədəni istiqamətin nəticəsidir.
Bəli, Əcəmi kərpicləri ölçürdü, biz isə onu sonsuz dəyərlə ölçürük.
Əliyarlı Röya
NMR Hidrometeorologiya Mərkəzinin əməkdaşı
