20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir

20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir

Qanlı Yanvar hadisələrindən 36 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycan tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 36 il əvvəl həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı əlaltılarına dərin nifrətini bildirir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. 20 Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.

20 Yanvar hadisələrinə ilk dəfə açıq və prinsipial siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. O, Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanatla sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və baş verənləri insanlığa qarşı ağır cinayət adlandırdı. Sonradan müstəqil Azərbaycan dövlətinin qurulması ilə bu faciəyə rəsmi siyasi-hüquqi qiymət verildi, 20 Yanvar şəhidləri milli qəhrəmanlıq rəmzinə çevrildi.
Bu gün 20 Yanvar təkcə matəm günü deyil, eyni zamanda milli qürur günüdür. Çünki məhz o qanlı gecə Azərbaycan xalqının müstəqil dövlət qurmaq iradəsinin sarsılmaz olduğu sübuta yetirildi. 20 Yanvar şəhidlərinin axıtdığı qan 1991-ci ildə dövlət müstəqilliyinin bərpasına aparan yolun mənəvi təməlini qoydu.

1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi, 30 ildən sonra da tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində eyni birliyi və qətiyyəti nümayiş etdirdi. Beləliklə, Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyə qayıdış, azadlıq və müstəqillik uğrunda mübarizə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə başa çatdı. 

Türkanə Mübariz

скачать dle 12.1
Geri qayıt