Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam şəhəri
"Ağdam" günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
1993-cü il iyulun 23-də Ağdam şəhərini və rayon ərazisinin 73 faizini işğal edən erməni silahlı dəstələri ərazidə görünməmiş vandalizm həyata keçiriblər. Ermənilər 27 il ərzində Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam işğaldan azad ediləndə viranəyə çevrilmiş xarabalıqları xatırladırdı. Ağdam şəhərində səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırmışlar.
27 il işğalın ağrı-acısı ilə yaşadıq. Hər il o qara günü ürək ağrısı ilə yada saldıq. Ağdam I Qarabağ müharibəsi zamanı hadisələrin episentri idi.İşğal nəticəsində ərazisi 1154 kvadrat kilometr, əhalisi 147000 nəfər olan Ağdam rayonunun 77,4 faizi ermənilərin əlinə keçmişdi. Ermənilər Ağdamın işğal olunan ərazilərindəki tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri darmadağın etmişdilər. İşğal nəticəsində 128 min nəfər doğma ev-eşiyindən didərgin düşmüşdü, Azərbaycan iqtisadiyyatına 3 milyard manatdan artıq ziyan dəymişdi. İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu və sair olub.
Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam I Qarabağ müharibəsində 6 mindən çox şəhid verən rayondur. Ağdam hər zaman düşmənə gözdağı olub.
Bu gün Ağdam həqiqətən də cənnətməkana çevrilməkdədir. 2021-ci il mayın 28-i, Müstəqillik Günündə yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi "Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun" fikri düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan məkanın çox qısa zamanda əvvəlkindən də gözəl rayona çevriləcəyinin nidası oldu.
Ağdamın strateji əhəmiyyəti, eləcə də acı mənzərəsi tikinti-quruculuq işlərinin ilk olaraq məhz buradan başlanması zərurətini yaradırdı. Bu səbəbdən də ilk baş planı təsdiqlənən şəhər də Ağdam oldu.
Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanıldı. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı, ötən iki il ərzində “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur.
Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi bərpa olunub. Həmçinin Ağdamda tamaşaçı tutumu 15 min nəfər olan və şəhərin geniş infrastruktura malik guşəsində yeni stadion inşa edilir. Yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 4-cü ən böyük yaşayış məskəninə çevriləcək.
Türkanə Mübariz
