Biz nəyə layiqik?

Biz nəyə layiqik?
Məhərrəm TAĞIZADƏ
Bəzən həyatın səssizliyində qəribə bir həqiqət insanın qəlbinə toxunur: “İnsan var hər şeyə sahibdir, layiq deyil… İnsan da var hər şeyə layiqdir, sahib deyil.” Bu cümlə təkcə bir aforizm deyil, içində insan talelərinin, ədalətin, zəhmətin və mənəviyyatın ağır nəfəsini daşıyan bir fəlsəfədir.
Cəmiyyətimizdə zaman-zaman görürük ki, imkanlar bəzən yanlış adamların əlinə düşür. Bəziləri var ki, malik olduqları sərvətin, mövqenin, hətta aldığı nəfəsin belə qədrini bilməz. Onlar üçün sahib olmaq həyatın mənası kimi görünür, amma layiq olmaq məsuliyyətini heç vaxt daşımırlar. Həyat onların əllərinə çox şey verib, amma vicdanın, mərifətin, xeyirin qapısından içəri buraxmayıb.
Amma bir də insanlar var…
Məhz onların adına “layiq” sözü yaraşır. Onlar zəhmətiylə, təvazökarlığıyla, dürüstlüyüylə həyatın hər yaxşısına layiqdir. Əllərində olmasa belə, könüllərində böyük bir aləm daşıyarlar. Sahib olmadıqları imkanlar onların böyüklüyündən heç nə əskiltmir; əksinə, insanlıq dəyərini daha da ucaldır. Çünki bəzi insanlar var ki, sahib olduqları ilə yox, sahib olmadıqları halda belə necə davrandıqları ilə ölçülürlər.
Bu iki insan tipi arasında görünməz bir xətt var — ədalət xətti. O xəttin bir yanında “verilmiş, lakin dəyərsizləşdirilmiş” həyatlar dayanır, digər yanında isə “verilməmiş, amma dəyər qazanmış” talelər.
Əslində, həyat kimə nə verdiyi ilə yox, kimin nəyi necə daşıdığı ilə mənalı olur.
Bəzən kasıb bir insanın simasında zəngin bir qəlb görərsən…
Bəzən də var-dövlət içində boğulan birində mənəviyyat aclığı.
Həyatın ibrəti də buradadır: Sahib olmaq müvəqqəti, layiq olmaq isə həmişəlikdir. Mövqe də ötəridir, zaman da… Amma insanın özünə verdiyi dəyər, başqasına göstərdiyi hörmət, içində daşıdığı vicdan heç vaxt köhnəlmir.
Cəmiyyətin tərəqqisi də bu dəyər üzərində qurulur — layiq olanın sahib olacağı, sahib olanın isə layiq olmağa çalışacağı bir sabah üçün…
Bəlkə də sual budur:
Biz nəyə sahibik?
Yoxsa daha vacibi — biz nəyə layiqik?
скачать dle 12.1
Geri qayıt