El yaddaşında abidəyə dönmüş BABA PÜNHAN

El yaddaşında abidəyə dönmüş  BABA PÜNHAN
     5 noyabr  - el yaddaşında abidəyə dönmüş  Baba Pünhanın (Atababa Seyidəli oğlu Mədətzadə) mövlud günüdür.      Unudulmaz şairimizi ehtiramla, rəhmətlə anır və sağlığında özünün  poetik ovqatında - satirik ruhda   yazdığım, yaddaşımda yarpaqlayan  “Söz qamçınla neçə nadan döyürsən" şeirimi  işıqlı xatirəsinə salam olaraq dilə gətirirəm:
Şallaq vurur Hacı Əbdül, ay Baba,
Səcdə eylə millətdəki bu taba!
Səmt götürüb işlərimiz xaraba...
Söz deməyə “Qulp”a doğru yüyür sən!

Müxalifət-iqtidara bölündük,
Qarada ağ, ağda qara göründük.
Axtarırıq qarşılıqlı xor, dönük...
Yavanlığa yalan vədlər yeyirsən.

Partiyalar baş sındırır baş olsun,
Fəqət bircə lider halı xoş olsun.
Nicat yolun bilən varsa, kaş olsun...
“Borc içində” güzəranı öyürsən.

Məmur var ki, hələ bilmir işini,
Gələn gündən itiləyib dişini.
Qara basır məyusluqdan kişini...
“Ölü lütdü, diri lütdü”- deyirsən.

Qəzetçilər çəkilirlər divana,
Yazdıqları yetişəndə ünvana.
Haqq gəzənə desələr də divanə,
Söz qamçınla neçə nadan döyürsən...
   Tapdıq ƏLİBƏYLİ
скачать dle 12.1
Geri qayıt