20 oktyabr Böyük Qayıdışın, qələbə ruhunun təntənəsidir
Tariximizdə çox parlaq anlar, hadisələr və qələbələr olub. Onların arasında Zəngilanın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunması hesab edilirdi. Bu baxımdan, düz iki il bundan əvvəl Zəngilanın azad edilməsi və bununla bağlı 20 oktyabr tarixi də şanlı zəfər tariximizin silinməz salnamələrindəndir. 27 ildən sonra rəşadətli Azərbaycan Ordusu Zəngilanı düşməndən azad etdi. Bununla da Müstəqil Azərbaycanın zəfər salnaməsində yeni bir səhifə açıldı. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır. Zəngilanın azad olunması müharibənin gedişatında mühüm strateji əhəmiyyət daşıyırdı. Rayonun Ermənistanla sərhəddə yerləşməsi Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində uğurlu əməliyyatların aparılmasına imkan yaratdı. Bununla Azərbaycan Ordusu Qarabağın cənub hissəsində tam üstünlüyə nail oldu və düşmənin müdafiə xətti dağıldı. Bu gün Zəngilan azadlıqdan sonra sürətlə dirçəlir. “Böyük Qayıdış” proqramı çərçivəsində rayonun bərpası və yenidən qurulması davam edir. Zəngilan şəhərinin Baş planı təsdiqlənib, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri əsasında müasir infrastruktur yaradılıb. Ağalı kəndi artıq bu konsepsiyanın parlaq nümunəsi kimi dünyaya təqdim olunur. İlk pilot layihə kimi Ağalı kəndində inşa edilən “Ağıllı kənd” kompleksi dünyanın ən müasir kənd modellərindən biri kimi təqdim olunur. Ağalı kəndində 200 müasir ev tikilmiş, enerji və ekoloji davamlılıq prinsiplərinə əsaslanan ağıllı idarəetmə sistemi qurulmuşdur. Burada günəş panelləri, su elektrik turbini, təmizləyici bioloji sistemlər və yüksək sürətli GPON internet infrastrukturu mövcuddur. Kənddə məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” xidmətləri fəaliyyət göstərir. 2022-ci ilin mayından etibarən 175 ailə, yəni 871 nəfər doğma torpaqlarına qayıdıb və peşə ixtisaslarına uyğun işlə təmin olunub. Ağalı layihəsi Azərbaycanın “yaşıl enerji” konsepsiyasının, innovativ yanaşmasının və kənd həyatının müasir modelinin parlaq nümunəsidir.
Zəngilan uğrunda döyüşlərdə misilsiz şücaət göstərən 6974 hərbi qulluqçu Prezident İlham Əliyevin 26 noyabr 2020-ci il tarixli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edildi. Bu amillər Zəngilan əməliyyatında yazılmış qəhrəmanlıq tarixinin əbədi təntənəsidir. Dövlətimizin başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi təsis edildi. Həmin qərar Zəngilanın azadlıqdan bərpaya, beləliklə, müasir inkişaf mərhələsinə keçidini təcəssüm etdirir.
Türkanə Mübariz
