Bu bir seçki yox, DÖNÜŞ TARİXİ İDİ...

Bu bir seçki yox, DÖNÜŞ TARİXİ İDİ...
Məhərrəm TAĞIZADƏ
Mən o illəri yaşamamışam… Çünki həmin hadisələr baş verəndə hələ uşaq idim, yaddaşım bu qədər böyük bir tarixi yükü qavraya bilmirdi. O günlərin ağrısını, gərginliyini öz gözlərimlə görmədim. Amma böyüklərimdən eşitdim, kitablardan oxudum, sənədlərdən araşdırdım. Hər dəfə oxuduqca və dinlədikcə bir şeyi hiss etdim: 3 oktyabr 1993-cü il təkcə bir seçki tarixi deyilmiş – bu, Azərbaycanın xilası, dövlətçiliyimizin dönüş nöqtəsi imiş.
Böyüklər danışır: O illərdə ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə idi, insanlar ümidsizlik içində idi, torpaqlar işğal altında idi. Xalq sanki qaranlıq tuneldə bir çıraq axtarırdı. Və o çıraq – Ulu Öndər Heydər Əliyev idi. Xalq 3 oktyabrda öz xilaskarına səs verdi.
Mən oxuduqca anlayıram ki, bu tarixi gün təkcə bir liderin hakimiyyətə gəlməsi deyildi. Bu, bir xalqın qurtuluşu idi. Ulu Öndər Heydər Əliyev dövlətimizi dağılmaqdan xilas etdi, sabitlik yaratdı, milli həmrəyliyi təmin etdi, ordunun əsasını qoydu, xalqı bir amal ətrafında birləşdirdi.
Bu gün mənim üçün 3 oktyabr 1993-cü il yalnız tarix deyil, həm də bir dərsdir: xalqın iradəsi, xalqın seçimi hər şeyi dəyişə bilər. Bu tarix biz gənclərə göstərir ki, güclü lider, güclü xalqla birləşəndə dövlət xilas olur, yüksəlir.
Mən o illəri yaşamamışam, amma o günün nə demək olduğunu hiss edirəm – çünki bu gün güclü, sabit və söz sahibi Azərbaycan varsa, bu, həmin günün qoyduğu təməlin üzərindədir. 3 oktyabr bizim milli yaddaşımızın və dövlətçilik şüurumuzun simvoludur.
Və bu gün, bir gənc müəllim kimi, mən həmin tarixə baxaraq böyük qürur duyuram. Çünki Ulu Öndər Heydər Əliyevin xalqla bir yerdə atdığı addım sayəsində mən güclü bir dövlətin vətəndaşıyam. Daha da qürurvericisi isə budur ki, bu yol bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev atasının başladığı böyük və şərəfli missiyanın layiqli davamçısı olaraq, Azərbaycanı daha da gücləndirir, ölkəmizi qalibiyyətlərə aparır.
скачать dle 12.1
Geri qayıt