Bu səs gələcək nəsillərə YOL GÖSTƏRƏCƏK
Məhərrəm TAĞIZADƏ
Böyük dövlətlərin diqqətini cəlb edən, beynəlxalq münasibətlərdə yeni səhifə açan hadisələr hər zaman tarixin yaddaşına yazılır.
Bu gün isə həmin səhifələrin ən parlaq nümunəsini biz – Azərbaycan xalqı, öz Liderimizin qətiyyətli çıxışında gördük.
Nyu-Yorkda BMT Baş Assambleyasının möhtəşəm zalında səslənən sözlər təkcə bir dövlətin mövqeyi deyil, bütöv bir millətin iradəsi, gələcək yol xəritəsi və dünya nizamında haqq səsinin carçısı idi.Vaşinqton Sammiti ilə başlayan yeni mərhələ Azərbaycan-ABŞ münasibətlərinə xüsusi dinamizm qazandırdı. Tarixin bu dönüş nöqtəsində Cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi bir daha təsdiq etdi ki, Azərbaycan artıq bölgədə sadəcə iştirakçı deyil, oyun qurandır. Müstəqil siyasətin, milli maraqlara əsaslanan diplomatiyanın nəticəsi olaraq ölkəmiz bu gün qlobal proseslərin mərkəzində dayanır.Sammitin mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) əslində, Azərbaycanın uzun illərdir müdafiə etdiyi strateji xəttin real təcəssümüdür. Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin olunması təkcə region üçün deyil, bütöv Avrasiya məkanı üçün yeni bir nəfəsdir. Bu, iqtisadi inteqrasiyanın, mədəni körpülərin, dostluq və əməkdaşlığın yoludur.Cənab Prezident İlham Əliyev illər öncə bəyan etmişdi: “Zəngəzur dəhlizi bizim tarixi haqqımızdır.” Bu gün isə həmin haqq beynəlxalq aləmdə təsdiqini tapır. Onun uzaqgörənliyi, prinsipial mövqeyi, dönməz qətiyyəti nəticəsində Azərbaycan təkcə öz milli maraqlarını deyil, bütün regionun rifahını təmin edən layihələrin müəllifinə çevrilib.Bu tarixi çıxışda səslənən hər bir cümlə gənc nəsil üçün dərs, siyasi müşahidəçilər üçün mesaj, böyük dövlətlər üçün isə xəbərdarlıq idi: Azərbaycanın səsi artıq qlobal miqyasda eşidilir.Vaşinqton Sammitində açılan yeni səhifə göstərdi ki, Cənab Prezident İlham Əliyev yalnız ölkəmizin deyil, bütöv regionun inkişafına, sülh və sabitliyinə yol açan liderdir.
Azərbaycan isə bu yolun mərkəzində parlayan ulduz kimi yüksəlir.Dövlətimizin bugünkü uğurları hər bir vətəndaş üçün qürur mənbəyidir. Çünki bu uğurların arxasında gecə-gündüz çalışan, milli maraqları hər şeydən üstün tutan, xalqının etimadını şərəflə doğruldan Liderin – Cənab Prezident İlham Əliyevin imzası dayanır.Azərbaycan səsi bu gün BMT kürsüsündən dünyaya yayıldı. Bu səs sabah da gələcək nəsillərə yol göstərəcək. Və mən əminliklə deyirəm ki, sülhün və rifahın yolunda Azərbaycanı daha böyük zirvələr gözləyir.
