SƏDAQƏT...

SƏDAQƏT...
Məhərrəm TAĞIZADƏ
Həyatda çox şey dəyişir: mövsümlər, illər, insanlar, baxışlar... Amma bir dəyər var ki, zamanın heç bir tufanı onu silkələyə bilmir — sədaqət. Sədaqət elə bir nemətdir ki, o olmayan yerdə dostluq da, məhəbbət də, vətənə bağlılıq da puç bir xəyal kimi dağılır.
Sədaqətli insan — torpaq kimi möhkəmdir. Yağış yağanda da, günəş doğanda da, fırtına əsəndə də o torpaq öz yerindədir. Sədaqətli insanın qəlbi də beləcədir: dəyişməz, sınmaz, əyilməz. Onun “bəli”si daş kitabədir, “yox”u dəmir qapıdır, bircə sözü ömürlük müqavilədir.
Bəzən həyat insanı sınaqlardan keçirir. Elə məqam olur ki, hamı səni tərk edir, sözlər əldən düşür, ümidlər dağılır. O an bir nəfər qalır — sədaqətli insan. Onun sadəcə bir baxışı, bir kəlməsi, bir yanında duruşu insanı dirildir, ürəyə güc verir. Və sən anlayırsan: dünya hələ yaxşı insanlara möhtac deyil, yaxşı insanlar dünyanı ayaqda saxlayır.
Unutmayaq: tariximizi ucaldan qəhrəmanlar da sədaqətli olduqları üçün əbədiləşiblər. Vətənə sədaqət göstərən igidlər canından keçdi, amma adından keçmədi. Dostuna sədaqət göstərənlər sirlərini qəbrinə qədər apardı. Ailəsinə sədaqət göstərənlər ömrünü fədakarlıqla sevgi yolunda sərf etdi.
Sədaqət sadəcə bir söz deyil, insanın alnına yazılan şərəf möhürüdür. O möhürü daşıyanlar bu dünyadan köçsə də, adı unudulmur, izi silinmir, xatirəsi nəsillərin yaddaşına işıq kimi hopur.
Və ən gözəli budur ki, sədaqətli insan satılmır, dəyişilmir, yolundan dönmür. O, bir millətin görünməz dayağı, hər evin güvənc yeri, hər dostluğun nəfəsidir.
Sədaqət — insanlığın ən uca zirvəsidir. O zirvəyə qalxanların adı heç vaxt unudulmur.
скачать dle 12.1
Geri qayıt