VƏTƏNİN ARİF ÖVLADI

VƏTƏNİN ARİF ÖVLADI
Arif Məhərrəmov 1965-ci il sentyabr ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalında dünyaya gəlmişdi. 1983–1985-ci illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub.
1988-ci ildən etibarən düşmənlərin bizə qarşı, torpaqlarımıza açıq-aşkar olan talançılığa qarşı etirazlarda iştirak edib. 1990-cı ilin 20 yanvarında yaralanaraq birinci  qrup əlil olub. Daha sonra 1992–1994-cü illərdə Qarabağda döyüşüb. Şəhid qardaşı idi. Rəhmətlik Arif müəllim 1994–1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997-ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. Qəhrəman idi Arif müəllim, bəli, əsil qəhrəman, əsil müəllim idi, ziyalı idi, zəhmətkeş idi, irsən döyüşçü ruhu vardı (eləcə də ailə üzvlərinin) canında, qanında...
Rəhmətlik Ariif müəllimlə hələ  iyirmi il bundan əvvəl bu son illərə qədər  tədbirlərdə, toplantılarda, maraqlı diskussiyalarda tez-tez görüşərdük. Mərd xasiyyəti, güclü iradəsi, ailəcanlı, dostcanlı ünsiyyəti, sarsılmaz vətən eşqi Arif müəllimi  zirvələrə ucaltmışdı.  2015-ci il, şaxtalı  yanvar günü, axşam saatlarında danışdıq, müalicə almaq üçün xəstəxanada olduğunu dedi, dayanmadan Bakı Sağlamlıq Mərkəzinə yollandım. Bir neçə dəfə baş çəkdim, maraqlı döyüş söhbətlərini dinlədikcə, həmsöhbəti  ruhlanardı. Semaşko adına xəstəxanada müalicə alarkən dəfələrlə baş çəkib, söhbətləşdik. Tez-tez danışardıq, zəng edərdi, yolda olsam belə, münasib bir yerdə dayanıb, onun avovlu Vətən eşqi ilə alovlanan səsini dinləyərdim. Həmişə deyərdi ki, elə bilirəm əsil kişi dostlarımdan biri də sənsən, bunu sidq ürəkdən deyərdi rəhmətlik.
2018-ci ildə bacım rəhmətə gedəndə Əmircana, atamgilə gəlib, mənə təsəlli verməyi yadımdan çıxmaz. Son vaxtlar danışığımız hələ də telefonun yaddaşındadı, sarsılmaz insan idi Arif müəllim.
 Rəhmətlik elə insan idi ki, ruhunda bir inqilab vardı, Vətən uğrunda məhəbbət,  haqq yolunda üsyan vardı. Arif müəllimin daxilində, genində,  mayasında məzlumun umdadına yetişmək ruhu vardı, torpağına göz dikən yağını  yerlə yeksan etmək ruhu vardı. Onun bütünlüklə cismi Vətən uğrunda qüvvətli bir altruizm (özünü qurbanvermə) eşqi daşıyıb. Millətinə, Dövlətinə, Bayrağına  görə yüksək əməllər uğrunda hər cür fədakarlıqlara hazır idi. Haqqında qələmə aldığım yazıları böyük məhəbbətlə oxuyardı rəhmətlik. Onun haqqında danışdıqca bitməz. Cild-cild kitablar yazılsa belə, azdır. Nə yaxşı ki, belə bir qəhrəmanı tanımışam, şanslı adam olmuşam demək, onunla yaxından söhbət edə bilmişəm, əl tutub salamlaşa  bilmişəm. Təəssüf ki, artıq Arif müəllim haqqında keçmiş zamanda danışırıq.
Allah rəhmət eləsin, ruhu şad olsun! Allah ailəsinə, əzizlərinə, dostlarına səbr versin.
Mayisə Əsədulla Əliyeva
скачать dle 12.1
Geri qayıt