Yazıram, sonra dəqiqəbaşı zəng etməyin...

Yazıram, sonra dəqiqəbaşı zəng etməyin...
Mehri,dən keçən kimi ilk kənd Ordubadın Kotam kəndidir.
 Yolunuz hələ davam edəcəksə qavırmalı maş şorbası Əndəmicdə (Ordubadın kəndidi) "Şora Çeşmə" restoranında verirlər, möhtəşəmdi. Ordubadda gecələyəcəksizsə "Su Səsi"nə qalxarsız. Məncə Naxçıvana ilk dəfə qonaq gedirsizsə ən azı Ordubadda 2-3 gün qalın, yuxarı tərəflərə baş çəkin.
Culfa tərəfə gəldinsə, hər yerdə dadlı yeməkxana-restoranlar doludu. Yaycı kəndindəki yeməkxanada kabab ələ düşməz, Culfa poçtunun yanında qəşəng restoran var - Tuqay. Ya da hərbi hissənin yanındakı (çıxışda) Daşarxda toqqanın altını bərkidin. Çalışın Culfada (şəhər) qalmayın, ya külək birtəhər edəcək, ya da isti.
Culfadan çıxdınsa və səfərin yay aylarına düşdüsə, Bənəniyarda dondurma yemədinsə günaha batırsan. Mən bu dəfə günaha batdım. Bənəniyar⁩a gəlib Kırna üzümü ilə pendir-çörək yeməmək - cənnətdən qovulmaq hesab olunur. Əlincə qalasının altında mütləq bir samovar çayı için. Üzü yuxarı Ərəfsədə qəşəng balıq restoranı da var.
Naxçıvana gələn Əshabi-Kəhfi mütləq görmək istəyir. Çünki dəhşət müsbət aurası var. Ora çatmamış 15-20 dəqiqə fasiləli bulaqdan mütləq əl-üzünüzü yuyun, o sudan için.
Endizsə üzü şəhərə tərəf - sizi Babək rayonu qarşılayır. Restoran saysız-hesabsız. Yeməklər də adamı özü ilə potensial düşmən edir. Yemək deyir ye, ürək deyir kökələssən. Bu dəfə yeməyi yeyin, heç nə olmaz.
Canım ay Naxçıvan  - Söyüdlükdə döymə, xan kababı, Naxış Nərgizdə sazan kababı, mikrorayon dikindəki Milli Yeməklərdə Akif ustanın bişirdiklərindən, Dan Yeri Pubda sümüksüz qırçın kababı və pətənə, saçaqlı pendirlə noxud qarışımı yemədinsə, heç yanda Naxçıvanda olduğunuzu deməyin.
Kəngərli yol üstündədi, benzini ordan vurun, su alıb için, təki pul xərcləyin. Niyə dayanmayın Kəngərlidə? Gümüşlü gölün (Şərur) üstündəki restoranı qoyub Kəngərlidə vaxt itirməyə dəyməz. Sədərəyə ən azı Ağrı dağına daha yaxından baxmaq üçün getmək mütləqdi.
Həə, qaldı Şahbuz. Şahbuz ərazisinə girdiz, harda restoran-kafe gördüz, könül xoşluğu ilə dayana bilərsiz. Batabata qalxmaq mütləqdi. Ora qalxmadınsa bir də Naxçıvan adı çəkmə...
Zarafat edirəm, nə lazım olsa soruşarsız...
Müəllif : Hüseyn Əsgərov
 "Tərəqqi" medallı mükafatçısı, yazıçı-publisist.
Naxçıvan MR-in Əməkdar jurnalisti. Şərur rayonunun Şəhriyar kəndində doğulub.
 Hazırda Naxçıvan şəhərində yaşayır,
Təqaüdçüdür.

скачать dle 12.1
Geri qayıt