Peşənin böhranı, yoxsa transformasiyası?

Peşənin böhranı, yoxsa transformasiyası?

   Dünyanı sözlər idarə edir. Sözlərin daşıyıcısı olan qələm, həqiqəti qoruyan ən böyük silahdır. Günümüzdə isə informasiya, sellər kimi sərhəd tanımadan axır, smartfon ekranlarından, sosial şəbəkələrin bitib-tükənməyən lentlərindən axaraq cəmiyyətin şüuruna dolur. Hər kəs özünü xəbər daşıyıcısı kimi görür, hər əlində telefon tutan, bir “canlı yayım” açan qəflətən özünü jurnalist adlandırır. Lakin bu sonsuz axın içində jurnalistikanın ruhu, səsi və əxlaqı harada qalır? Bəşəriyyətin informasiya bolluğunda boğulduğu bu əsrdə jurnalistika böhran içindədirmi, yoxsa öz qılıncını yenidən itiləmək üçün transformasiya dövrünü yaşayır?
   Jurnalistika sadəcə xəbər vermək deyil, həqiqəti işıqlandırmaq, insan vicdanına sığal çəkmək, xalqın ruhunu diri tutmaq deməkdir. Bu sahənin qapısından girən hər kəs anlamalıdır ki, obyektivlik və qərəzsizlik  peşə tələbindən daha çox mənəvi borcdur. Hadisələri rəngləmədən, şəxsi təhlillərlə çirkləndirmədən, təhrif etmədən olduğu kimi göstərmək, həqiqəti olduğu kimi demək, jurnalistin ən böyük cəsarətidir. Hər paylaşılmamış xəbər, yoxlanılmamış məlumat, öz təsdiqini tapmamış hər iddia bir insanın taleyini qırar, bir millətin gələcəyinə kölgə sala bilər. Ona görə də jurnalist özünün susmayacağını, səhv etdiyi halda cavabdeh olduğunu bilməli və buna hazır yaşamalıdır. Çünki jurnalist qələminə sahib çıxmayan millət səsinə sahib çıxa bilməz.
  Amma indi fərqli bir dövrdəyik. Sosial medianın sərhədsizliyi, texnologiyanın əlçatanlığı, “vətəndaş jurnalistikası” adlanan sürətli informasiya yayımları cəmiyyətə bir tərəfdən nəfəs, digər tərəfdən xaos gətirdi. Hər kəsin xəbər yaymaq səlahiyyəti qazandığı bir dövrdə xəbərin qiyməti, informasiya məsuliyyəti çoxlarının gözündə ucuzlaşdı. Bu gün peşəkar jurnalistikanın üzərindəki kölgə, bəzi media qurumlarının qərəzli mövqeyi və tərəf tutmaları ilə daha da qatılaşır. İnsanlar xəbərə deyil, sensasiyaya, gerçəyə deyil, klik sayına önəm verməyə başladıqca jurnalist peşəsinin özəyi sarsılır. Əslində bu transformasiya çağırışını da içində gizlədir: doğru sözün səsi ucalsın deyə sükutla, yalanın tozunu üfürəcək qədər dürüst və cəsur jurnalistlərə ehtiyac var.
Bu xaosda “saxta jurnalistlər”in yaratdığı fəsadlar daha dəqiq görünür. Sosial mediada yayılan dezinformasiyalar millətin zehinlərini bulandırır, cəmiyyətdə çaşqınlıq yaradır, hətta dövlətlərin sabitliyini sarsıdır. Faktlara dayanmayan iddialar insanların şərəfini hədəfə alır, şəxsi həyat toxunulmazlığını pozur, inamsızlıq toxumları səpir. Min bir əziyyətlə gerçəyi ortaya çıxaran peşəkar jurnalistin əməyini, illərlə qazanılmış etibarını bir status dağıda bilir. Halbuki jurnalistika cəmiyyətin güzgüsüdür, onu sındırmaq millətin özünü sındırmaqdır.
Belə bir məqamda həqiqi jurnalisti necə tanıyacağıq? Əsl jurnalist araşdırmaqdan, axtarmaqdan, gecənin qaranlığında səhərin xəbərini yazmaqdan çəkinməz. Faktların ardınca gedər, onları dəqiqliklə yoxlayar, məlumatı tənqidi süzgəcdən keçirib oxucusuna əmanət edər. Onun cümlələri  cəmiyyətin ürəyinə toxunan, xalqın ruhuna səs verən cümlələrdir. Həqiqi jurnalist hər kəlməsinin arxasında durmağı bacarar, məsuliyyəti ilə nəfəs alar, prinsipini zamanın sərt dalğaları qarşısında belə əldən verməz. O, qələmi ilə qaranlığa işıq tutar, sükutu pozar, səsi olmayanların səsi olar.
Bu gün hər əlinə qələm götürənin özünü jurnalist adlandırdığı bir dövrdə cəmiyyət olaraq seçim etməliyik: “informasiya zibilxanasında”boğulacağıqmı, yoxsa həqiqətin nurunu görmək üçün jurnalistikaya sahib çıxacağıqmı? Bu seçim yalnız jurnalistlər üçün yox xalq üçün də vicdan məsələsidir. Jurnalistika təhsilinin keyfiyyətinin artırılması, media savadlılığının yüksəldilməsi və saxta xəbərlərlə həqiqəti ayırd etmə bacarığının aşılanmasıpeşə ilə yanaşı cəmiyyətin də xilası deməkdir. Peşəkar jurnalistlərin əməyinin qiymətləndirilməsi və qorunması, onların səsi batmasın deyə dəstək olunması bu günün ən vacib çağırışıdır.
  Bəli, jurnalistika çətin dövrünü yaşayır. Amma hər çətinlik, hər sarsıntı içində yeni doğuluş üçün zəmin yaradır. İnformasiyanın sonsuz olduğu bu əsrdə həqiqəti ayırd edə biləcək gözlərə, sözün cəsarətinə, qələm tutan əllərin vicdanına ehtiyac var. Jurnalistika bu gün də millətin vicdanıdır, ruhudur, gələcəyin yolunu işıqlandıran mayakdır. Yalanın tozunu üfürüb həqiqəti üzə çıxarmaq üçün jurnalistlər meydandadır və qalacaq. Çünki bu peşə çətinliklərə baxmayaraq, millət üçün nəfəsdir, ruhdur və gələcək üçün ümiddir.
İlahə Allahverdiyeva 
Jurnalist 
скачать dle 12.1
Geri qayıt