İnsanlığı xatırladan şair – Nəriman Zeynalzadə. Adilə NƏZƏR YAZIR

İnsanlığı xatırladan şair – Nəriman Zeynalzadə. Adilə NƏZƏR YAZIR
Hər hansı bir sənətkarın yaradıcılığı haqqında yazılan rəy (məqalə) yazacağı adamdan asılı olmayaraq, müəllifin özünün də sənət haqqında hisslərini, fikir və düşüncələrini ortaya qoyur. Məlumdur ki, bu, çox iddialı və mənası sübut məzmunlu olmayan yazı növüdür. Burada müəllif öz üslubunda çox səmimidirsə, yazı tərzini danışıq üslubuna, zarafata, tənqidə və ya təhlilə çevirə bilər. Bu kontekstdə rəy-məqalə yazmaq diqqət və səmimiyyət tələb edir. Bəlkə də bu səbəbdən ən çox oxunan və sevilən janrlar sırasındadır. 
Sevinci və hüznü ta gənclik yaşlarından qəlbinə, qəlbindən də qələminə yükləyən humanist şair Nəriman Zeynalzadə haqqında yazmaq şairin ömrünün yetmişinci ilinə təsadüf edir.  80-ci illərdə Naxçıvanda tanınan istedadlı qələm sahiblərinin arasında onun da olmasına baxmayaraq, mən onu daha sonralar, illər öncə bir qrup naxçıvanlı ziyalılarla birgə təsis etdiyimiz  “Hüseyn Cavid ədəbi məclisi”ndə tanımışam. 
Nəriman Zeynalzadə ictimai həyatda ayrıntılara fikir verən şairdir. Bu, təbii ki, onun bu yaşadək şahidi olduğu həyat hekayələri və yaşadığı həyat təcrübəsindən irəli gəldiyi qədər də müəllim peşəsindən yaranıb. Şeirlərindən əlavə, publisistik yazıları, statusları, bəzi xatirələri və müsahibələri var. Yetəri qədər olmasa da bəlli bir oxucu qrupu və təqibçiləri vardır. 
Çox vaxt romantizmin xəyalpərəstliyindən uzaqlaşıb realist poeziyaya üz tutan şairin şeirləri də özü kimi sadə, təvazökar, pafossuzdur. 
Müsahibələrinin birində deyir: “Həm vaxta, həm də baxta bağlıyıq. Vaxtımız əlimizdə, baxtımız Allahdandır.”
Vaxtı əlində olan şair tez-tez həm reallıqda, həm də xəyalının gücü ilə Naxçıvanın, qoxusu burnundan getməyən dogma kəndinin yolunu tutur. 
Çıxmaram heç vədə dönük əhdimə,
Gəldim imanıma, gəldim dinimə,
Qayıdıb gəlmişəm doğma kəndimə,
Qol salıb boynuna gözündən öpdüm. 

-deyən şair romantik vəziyyətdən çıxıb sosial problemlərin yaratdığı real sıxıntıları dilə gətirir. Axar-baxarlı, səs-küylü, get-gəlli evlərin qapı-pəncərəsinin bağlı qalması onu üzür:
Tanrımı bu kəndin yolun bağlayıb,
Düşəndə yadıma qulun ağlayıb,
Hörümçək tor salıb qurum bağlayıb,
Qapı- pəncərənin tozundan öpdüm. 

Nəriman Zeynalzadə keçmişinə etibarlıdır, yaşadıqlarını unutmur, əksinə dönə-dönə xatırlayır. Özünün də aid olduğu nəsilin necə sınaqlardan çıxıb gəldiyini indiki gənclərə nümunə göstərir. Adətən, “ətə-qana gətirib bələdiyi” – qəlibə saldığı poetik fikirlərini bəzən fərqli üslublarda da təqdim edir. Poeziyasının qabıq dəyişdirdiyi şeirlərindən biri – “Böldük, böyüdük”də nəsihət sözləri olmasa da, şeirin ümumi məzmunu müasir Azərbaycan gəncliyinə bir növ öyüddür. 
Köhnə təndirimiz vardı,
Məkədən çörəyimiz vardı,
Bölməyə ürəyimiz vardı,
Böldük, böyüdük.

 
Yoxsulluq gözlərə oxuydu,
Gözümüz-kölnümüz toxuydu,
Hər evdə, hər şeydən yoxuydu -
Böldük, böyüdük.

 
Dilimiz yalanı yemədi,
Kimsə də ayağa yenmədi,
Bu sənin, bu mənim demədi,
Böldük, böyüdük.
 
İçimiz, ruhumuz diriydi,
Bircə o Tanrımız bilirdi,
Hamının dərd-səri biriydi,
Böldük, böyüdük.

Nəriman Zeynalzadənin misralarında həyat şövqü, özünə doğru gedən yolda ayaqları doğru yerə basan, bəzən sakit, hüzün dolu yorğun bir ahıl, bəzən bayram sevincli gənc bir yolçunun hərəkətini, yürüşünü görürük. O, bu məqamların heç birində realistliyini pozmadan irəliləyir. Hərdən də eşq küçələrində dolaşır, Eşq badəsinin nəşəsindən səslənir oxucuya. “Eşq badəsidir, / qaranlıqda yanan şam, / Mən eşq şərabından sərxoşam…”  deyərkən, onun ah-naləsini eşidirik. Amma bu ah-nalənin içində fikirlərdəki hikmət də diqqəti cəlb edir: 
Eşqdən yanmasa sinəsi,
Bir şərab şüşəsi,
Sərxoş etməz badəni.
Eşq badəsidir,
qaranlıqda yanan şam,
Mən eşq şərabından sərxoşam,
Şərab sərxoş etməz məni.
Vücuduma hopub
Eşq şərabının nəşəsi,
Tərk etməz məni.
Atəşindən yandırsa da dodaqlarımı,
Səndən özgəsi ala bilməz
əlimdən badəni

Bəzən problemlər tez-tez qarşısında divar kimi dayansa da, ətrafında boşuna dolanmaqdansa həyatın ortasında olmağı seçdiyini şeirlərində görə bilirik. Hara gedib çatacağını bilmədən yürüməyi seçən şair həyatın ritmini tutaraq sözə çevirməyə həvəslə davam edir. Əslində başqa yolu da yoxdur, çünki şeir şairə adi həyat yaşamaq haqqı vermir. O da bu həqiqəti gizlətmir, “palaza bürünüb, ellə sürünə” bilmir. “Qurudan yaş ala bilsən, / Torpaqdan daş ala bilsən, / Azca daş-baş ala bilsən, / Yaşaya bilsən, gözəldir.” – deyir. Amma həssas şair qəlbilə o “gözəlliyi” yaşamağı bacarmır. Şeir onun ağlına həyatının tən ortasından qanad kimi, lələk kimi düşür bəzən. Bəlkə də heç işlətməyi düşünmədiyi sözlər, fikirlər, real həyatından qopub yavaş-yavaş ağ kağıza düşür.
Əynimdədir yol paltarım,
 
Heç olmadı toy paltarım,
 
Yamaqlıydı pal- paltarım,
 
Üzüm yamaq götürmədi.
-deyir. 

 Və beləcə Nəriman Zeynalzadənin yaradıcılığına nəzər saldıqca orada, həqiqətən də itmiş bir şair görürük… 
O, bədbinliyi ilə belə romantikdən çox realistdir. Çünki hiss etdikləri, yaxşı tanıdığı ağrının real əksidir. Buna baxmayaraq, onun həyata bağlılığı və zaman-zaman artan həvəsi də eyni cür dəyərləndirilə bilər. 
Şeirinin birində şair qəlbinin həssaslığı, digər şeirindəki pedaqoq - müəllim baxışının reallığı ilə birləşir. 
…Palçıqdan keçilməz küçələrindən,
Adamlar düzülüb cığır açırlar.
Küçədə oynayan dəcəl uşaqlar,
Ayaq izlərini qoyub qaçırlar.
 
Şairlər sevgidən şeir yazırlar,
Ömrümün, günümün yalqız vaxtıdır.
Saralır içimdə sevgi yarpağı,
Mənim ürəyimin payız vaxtıdır.
            ***
Dolsa da gözlərin ağlama, gözəl,
Gözünün yaşını kirpikdə saxla.
Dərdlərə dərmanı batman demirəm,
Əlində, ovcunda, çimdikdə saxla.

Yaşadığı dövrün sevincinə, kədərinə qucaq açan humanist şair, hər şeirində, hər sözündə insana insanlığı xatırladan Nəriman Zeynalzadəni ömrünün payız vaxtında 70 illik yubileyi münasibətilə təbrik edir, uzun və sağlam ömür, yaradıcılıq uğurları arzulayıram! 
 Adilə Nəzərova
Filologiya üzrə fəlsəfə doktoru
скачать dle 12.1
Geri qayıt