Kimsə soruşur: “Əsl azərbaycanlı kimdir?”

Məhərrəm TAĞIZADƏ
Bu sual bəzilərinə sadə görünə bilər. Amma bu, sadəcə bir kimlik axtarışı deyil, bütöv bir xalqın yaddaşı ilə üz-üzə qalmaqdır. Bəzən susuruq bu sual qarşısında, çünki onun cavabı nə kağız üzərindədir, nə də statistika sənədlərində. Onun cavabı ürəkdə döyünür, nəfəsdə yaşayır, davranışda görünür. Əsl azərbaycanlı...
O, səhər evindən çıxanda anasının “dua ilə get, oğul” sözünü yadından çıxarmayan, qapıdan keçərkən böyüyə baş əyən, çörəyi yerə düşəndə öpüb alnına qoyan insandır.
O, bayrağa baxanda yalnız üç rəngi deyil, bir millətin tarixini, göz yaşını və qürurunu görəndir.
Azərbaycanlı olmaq Qarabağ deyiləndə ürəyi döyünməkdir, Xocalı deyiləndə gözə yaş gəlməkdir,
amma eyni zamanda yaxşılıq etdiyində onu sağ əli ilə gizlədə bilməkdir.
Əsil azərbaycanlı çay süfrəsinin başında dostuna yol yoldaşı olan, düşmən qarşısında isə dağ kimi dik duran şəxsdir.
O, qonağın ayağını gözləyən, yetimin başını oxşayan, ağsaqqalın sözünü susub dinləyəndir. O, hərbi geyimdə torpağı qoruyan əsgərdir, arxada dua edən nənədir, dərs dediyi sinifdə uşaq üçün gələcək quran müəllimdir.
Azərbaycanlı olmaq, təkcə sevmək deyil, can verməyə hazır olmaqdır – bəzən silahla, bəzən qələmlə, bəzən də sükutla. Bəlkə də bu sualın cavabı bir nəfərdə deyil, o günəş altında alnı tərli traktorçudadır, taxta skamyada əlində çörək parçası tutan qocadadır, oxuduğu kitabdan başını qaldıran tələbədədir.
Və bəlkə də ən çox–əqidəsində düz duran, ədalətdən dönməyən, susmayan insanlardadır.
Azərbaycanlı olmaq üçün harada doğulmaq vacib deyil – harada durduğun, nəyə dözdüyün, nəyə boyun əymədiyin önəmlidir. Axı biz yalnız bir coğrafiyanın övladı deyilik – biz Babəkin inadında, Nizaminin sözündə, Xətainin qılıncında, Cavad xanın son nəfəsində doğulmuş bir millətik.
Əsl azərbaycanlı olmaq – bu torpağın təkcə üstündə yaşamaq deyil, altındakı şəhidlərə layiq yaşamaqdır!