BMU nümayəndə heyəti Koreyada səfərdədir - Fotolar

GunAz.az xəbər verir ki, BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) üzrə Rəhbər Komitənin növbəti iclasında iştirak etmək məqsədilə gerçəkləşən səfər çərçivəsində iki ali təhsil ocağı arasında görüş keçirilib.
Görüşdə İNHA Universitetinin rektoru Cho Myeong Voo iki ölkə arasında inkişaf edən əlaqələrin möhkəmlənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi payının olduğunu vurğulayıb və hazırda İDP çərçivəsində təhsil alan tələbələrin bu münasibətlərin gələcək inkişafında önəmli rol alacaqlarına inandığını bildirib.
BMU-nun rektoru Yaqub Piriyev səmimi görüşə və xoş sözlərə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışan rektor bu sənəd çərçivəsində həyata keçirilən ikili diplom proqramlarının önəmini vurğulayıb. BMU-İNHA İDP-nin uğurlu icrası üçün indiyə qədər Azərbaycan dövləti tərəfindən atılan addımları qeyd edən Yaqub Piriyev, həmçinin proqram üzrə sonuncu kursu Koreyada təhsil alan tələbələr üçün Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn formatda təşkil olunan magistraturaya qəbul imtahanlarına diqqət çəkib və yaradılmış şəraitə görə rektor Cho Myeong Vooya təşəkkürünü bildirib.
Sonra BMU-İNHA İDP üzrə Rəhbər Komitənin növbəti iclası keçirilib. İclasda ötən ilin maliyyə hesabatı, 2024/2025-ci tədris ilinin payız semestri üzrə tədris nəticələri, planlaşdırılan fəaliyyətlər, yeni ixtisas istiqamətləri üzrə proqramın uzadılması barəsində Rəhbər Komitə üzvlərinə məlumat verilib. Digər çıxış və müzakirələrin ardınca səs çoxluğu ilə müvafiq qərarlar qəbul olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Koreya Respublikasındakı səfirliyində də olub. Görüşdə səfir Ramin Həsənov səfirliyin yeni istifadəyə verilmiş binasında ilk qonaq kimi BMU nümayəndə heyətini qarşılamaqdan məmnunluğunu ifadə edib. O, həmçinin dünyanın qabaqcıl ölkələrindən biri olan Koreya Respublikası ilə təhsil sahəsində əməkdaşlığın önəminə diqqət çəkib. Səfir BMU-İNHA İDP çərçivəsində hazırda bu ölkədə təhsil alan 83 tələbə ilə mütəmadi görüşlərin keçirildiyini, onların gündəlik qayğıları ilə daim maraqlandıqlarını qeyd edib.
Rektor Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təhsillə bağlı təsdiq olunan Dövlət Proqramlarının əhəmiyyətini vurğulayıb. Rektor Koreyada təhsillərinin sonuncu kursunu davam etdirən İDP tələbələrinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub.





