Azərbaycanlı jurnalistin pandemiya MACƏRALARI

712 NÖMRƏLİ PALATA
Dünyada Koronavirus pandemiyasının elan olunmasından 5 il ötür. Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Dünya Səhiyyə Təşkilatına naməlum pnevmoniyanın başlaması barədə məlumat verib. 2020-ci il martın 11-də isə dünyada koronavirus pandemiyası elan edilib. Bu görünməyən bəla Azərbaycana həmin ilin fevral ayının 28-də ayaq açıb. O andan etibarən koronavirus, pandemiya, peyvənd, karantin rejimi kimi terminlər gündəlik həyatımıza daxil oldu. Tibbi maska, qoruyucu əlcək, spirt kimi vasitələr “məsafə saxla”, “evdə qal”, “biz birlikdə güclüyük” kimi şüarlar, sms icazə, tam və ya qismən qapanma və sair tələb və məhdudiyyətlər ömrümüzün ayrılmaz hissəsinə çevrildi. Çoxları planetimizi çənginə alan bu pandemiyanın nədənsə çox qısa müddət sürəcəyini düşünsə də, bu vəziyyət dünyada 2023-cü ilədək davam etdi. Küçəyə çıxmaq, toplaşmaq, məscidə getmək, işləmək qadağaları; toy etmək, yas məclisləri təşkil etmək, bir sözlə, kütləvi tədbirlər yasaqlandı. Hətta biz – televiziya işçiləri olaraq da şirkətə növbəli şəkildə gedirdik. Axşam saatlarından etibarən ictimai nəqliyyat fəaliyyətini dayandırır, xəttə məhdud sayda xüsusi nəqliyyat vasitələri buraxılırdı. Bütün bunlar keçmişdə qalsa da, ölkəmizdə hələ də xüsusi karantin rejimi tətbiq edilir. Bu isə quru sərhədlərimizin bağlı olması ilə əlaqədardır. Dünya Səhiyyə Təşkilatının vaxtaşırı yeni pandemiyaların yayılması ilə bağlı xəbərdarlıqlarına baxmayaraq dünyada bu təhlükə artıq tarixə qovuşub. Lakin bir anlıq 2020-ci ilə qayıdaq... Boş küçələr, bağlı mağazalar, yollarda yalnız təcili tibbi yardım və xüsusi nəqliyyat vasitələri hərəkət edir... Televiziyaların, saytların, bir sözlə ölkə gündəminin yalnız koronavirus xəbərləri ilə zəbt olunduğu o günləri yada salaq... Ən azından ona görə ki, həyatda qalmaq kimi şansımız oldu. 2020-ci ilin may ayının sonları idi... Yadınızdadırsa, mənim koronavirusa yoluxmağım haqqında xəbərlər ölkə mediasında ildırım sürəti ilə yayıldı. Bu məsələ ictimaiyyələşən kimi çalışdığım telekanala həkimlər göndərildi, bütün əməkdaşlar koronavirus testindən keçdi. Mən isə artıq Tibb Universitetinin Tədris - Cərrahiyyə Klinikasında müalicə alırdım, vəziyyətim orta-ağır idi. Bir anlıq mənə elə gəlirdi ki artıq, televiziya ulduzuna çevrilmişəm. Təbii ki o dönəmdə mənim boynuma daha bir vəzifə düşürdü, o da bu xəstəliyin həqiqətən insan sağlamlığı üçün təhlükəli olduğu haqqında geniş tamaşaçı auditoriyasını maarifləndirmək. Bu isə özü-özlüyündə baş verdi. Xoşbəxtlikdən ayaqda dayanmağa gücüm taqətim var idi. Əsasən də axşamlar yatdığım çarpayının böyüründə istər çalışdığım telekanal istərsə də digər telekanallara müsahibə verməklə məşğul idim. Bu barədə sağalaraq evə qayıtdıqdan sonra da bir neçə dəfə çıxışlarım olub. Nəyahət, pandemiya xəstəxanasında yaşadıqlarım barədə xüsusi reportaj hazırladım. O zaman ekran başında oturan hər kəs məhz bu reportajlara diqqət kəsilirdi. Buna baxmayaraq tamaşaçılar arasında, hətta çiyin-çiyinə çalışdığım həmkarlarım içində mənim sözlərimə inanmayanlar da az deyildi. Mən isə yalnız yaşadıqlarımı danışdırdım.
Bu arada hamıya mənim ilk növbədə bu virusa hansı yolla yoluxduğum maraqlı idi. Əvvəlcə onu deyim ki, Azərbaycanda pandemiya xəstəxanasından reportaj çəkən ilk jurnalist mən olmuşam. Həmin videomaterial mart ayının 26-da eksklüziv olaraq “ATV Xəbər” proqramında dəyərli həmkarım, teleaparıcı Lalə Azərtaşın təqdimatı ilə yayımlanıb. Odur ki, mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan tamaşaçısı pandemiya xəstəxanasında yaşananları ilk bizim çəkiliş komandasının gözləri ilə görüb və məlumatlanıb. Onu da qeyd edim ki, may ayının əvvəllərində yenidən bu dəfə başqa pandemiya xəstəxanasında çəkiliş apardıq. Lakin bu dəfə çəkilişdə digər telekanalların əməkdaşları da iştirak etdi. İkinci çəkilişdən bir-iki həftə sonra xəstələndim. Açığı bu hadisə məni o qədər narahat etdi ki, bu barədə nəvaxtsa mütləq mətbuatda yazacağıma qərar verdim. Hətta xəstəxanadan evə buraxıldıqdan sonra ilk işim demək olar ki bu məqaləni yazmaq oldu. Qeyd edim ki, sözügedən yazını 5 il bundan öncə həmin vaxt yaşadıqlarımın təəssüratları altında qələmə almışam. Odur ki, yanaşma tərzim qəribə də gələ bilər. Amma bunlar hamısı həqiqətdir. 712 nömrəli palatada yaşadıqlarımı sizlərlə bölüşürəm. Buyurun oxuyun...
Axşam saat 10 radələrində “103” xidmətindən zəng gəldi. Orta yaşlı bir kişi, çox güman növbətçi həkim idi, məni telefona çağırdı. Dəstəyi götürdüm... Qarşı tərəf bir qədər ehtiyatla və yorğun səslə:
- Axşamınız xeyir, Mahmuddur? – deyə soruşdu.
- Bəli, mənəm... – həyacanla cavab verdim.
- Sizin COVİD-19 testiniz pozitivdir... Bu qeyd etdiyiniz küçə hansı tərəfdə idi? Mən oraları yaxşı tanıyıram amma küçə tanış gəlmədi...
Xülasə, 10 dəqiqədən sonra təcili yardım briqadasının evimizin yaxınlığında olacağını bildirdilər. Yubanmadan hazırlaşdım. Həmin gün dadbilməm tamami ilə itmişdi. 2 gün əvvəl yüksək hərarət (38.1 dərəcə) və halsızlıq simptomları ilə əlaqədar “103” xidmətinə məlumat vermişdim. Xəstəxanaya getdiyim gün hərarətim, demək olar ki, yox idi, odur ki, ailəm tezliklə sağalacağıma inanırdı. Üzərimdə yalnız sənəd, mobil telefon və lazım olar deyə bir az pul götürdüm.
Saat 22.45-də təcili yardım maşını ilə koronaviruslu xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanaya çatdırıldım. İlk olaraq rentgen müayinəsindən keçdim. Xoşbəxtlikdən ağciyərimdə ciddi xəstəlik aşkarlanmadı. Vəziyyətimin nisbətən yaxşı olduğunu nəzərə alaraq növbətçi tibb işçisi məni palatada tək və ya nisbətən yüngül simptomlu xəstə ilə yerləşdirmək istədiyini bildirdi. Bir neçə mərtəbəni gəzdik, nəhayət, 7-ci mərtəbədə iki nəfərlik boş palataya yerləşdirildim. Lakin bu imtiyaz uzun çəkmədi, çünki virusa yoluxanların sayı çoxaldığından xəstəxanada yerlər artıq məhdud idi. Gecə saatlarında 1 saylı Kliniki Tibbi Mərkəzdən yüksək hərarət və ağır öskürəyi olan 44 yaşlı kişi mənimlə eyni palatada yerləşdirildi. Həkimlər dərhal onun müalicəsinə başladılar.
Səhər açıldı. Palata yoldaşım özünü nisbətən yaxşı hiss edirdi. Saat 9 tamamda səhər yeməyimizi verdilər. Xəstəxanada qida qəbulu gündə 3 dəfədir: səhər 9-da, günorta 1-də və axşam saat 5-də. Su və çay isə daimidir. Xəstələrin gündə 2-3 dəfə hərarəti və təzyiqi ölçülür və bu məlumatlar hər xəstə üçün xüsusi açılmış kitabçalara qeyd olunur. Bundan əlavə növbətçi həkim də daxil olmaqla digər tibb işçiləri də növbəli rejimdə səhər və axşam saatlarında palataları gəzərək xəstələri narahat edən simptomları qeyd edirlər. Sonda həkim bütün göstəricilərə nəzər salaraq hər xəstəyə ayrılıqda müalicə təyin edir. Bizim mərtəbədə təxminən 30 xəstə müalicə alırdı, onlara cəmi 2 həkim və 2 tibb bacısı nəzarət edir. Bu o deməkdir ki, 15 xəstənin müalicəsinə bir həkim və bir tibb bacısı nəzarət edir. Həkimlərin hansı əziyyətə qatlaşdığını təsəvvür etmək yəqin ki, çətin deyil.
Xüsusi rejimli xəstəxanada 1-ci yatış günüm idi. Yavaş-yavaş xəstəxana ab-havasına köklənirdim. Axşam həkim bildirdi ki, başqa palataya köçürülməliyəm. 712-ci palataya keçdim. Yeni palata yoldaşım 34 yaşlı cavan kişi idi. COVİD-19 səbəbi ilə sətəlcəm olmuşdu. Bir neçə gün ürəkbulanma, iştahsızlıq, halsızlıq kimi simptomlar oldu. Özümü çox pis hiss edirdim. Qaldığım bir həftə tamam oldu və iki dəfə ardıcıl olaraq burun və boğazdan yaxma üsulu ilə test götürdülər. Hər iki testin nəticəsi mənfi olduğu təqdirdə evə yazıla bilərəm. Testlərin cavabı ilə yanaşı ağciyərlərimin ümumi vəziyyəti də qənaətbəxş olmalıdır. Əgər ağırlaşmalar baş verərsə, tam sağalanadək həkim nəzarətində qalmaq şərtdir. Mən xəstəxanada 16 gün qaldım.
Xəstəxanada müalicə olunarkən psixoloji hazırlıq olduqca vacibdir. Çünki buradakı mühit: xəstələrin çoxluğu, qonşu palatalardakı ağır xəstələrin sağalmaq uğrunda gərgin mübarizəsi, testin nəticələrini həyəcanla gözləmək və digər amillər istər-istəməz təsir edir. Palatalar arası ümumi pəncərə olduğundan divarlar arası kiçik ara var idi, qonşu palatadan gələn səsləri, xüsusi ilə gecə saatlarında aydın şəkildə eşitmək olurdu. Bir gecə qonşu palatadakı yaşlı bir qadının vəziyyəti pisləşdi. Bir neçə tibb işçisi və həkim yaşlı qadına kömək etməyə çalışırdı. Həkimin “əgər reanimasiyaya getmək istəmirsənsə imkan ver səni müalicə edək” sözlərindən anladım ki, xəstənin vəziyyəti ağırlşmışdı. Reanimasiyaya getmək isə süni tənəffüs aparatına qoşulmaq demək idi. Həmin gecə qonşu palatadakı qadının çəkdiyi əziyyətləri hiss etmək və həkimlərin onun sağlamlığı uğrunda mübarizəsini duymaq çox çətin idi. Qəribəsi odur ki, pandemiya dövründə tibb işçilərinin özlərinin belə adi diqqətə ehtiyacı olur. Onların xüsusi mühafizə geyimində çalışmaları özü böyük fədakarlıqdır. Onlar gün ərzində azı 8 saat fasiləsiz çalışır. Bu vaxt ərzində qapalı geyimdə olanlar nə qida qəbul edir nə də su içirlər! Təəssüf ki, bunu hər pasiyent anlamır.
12 gündən sonra palata yoldaşımı evə yazdılar. Onun yerinə mən və elə həkimlər də sevinirdik. Ümumiyyətlə koronavirusa qalib gəlmək həm xəstələrin həm də həkimlərin kiçik olsa da böyük bəlaya qələbə çalmasına bərabərdir. Mən səhhətimin yaxşılığa getdiyi vaxtda palataya ağır xəstənin gətiriləcəyindən ehtiyatlanırdım. Təcili yardım briqadası axşam saatlarında xəstəxanaya daha bir ağır xəstə gətirmişdi. Lakin xoşbəxtlikdən, növbəti 4 gün ərzində palatada tək müalicə aldım. 14-cü günün tamamında yenidən test götürdülər. Təkrar rentgen müayinəsindən keçdim. Ağciyərlərimdə ciddi problemin olmadığını dedilər. Növbəti gün yenidən test götürüldü. Cavabın neqativ olduğu deyiləndə özümü göyün 7-ci qatında hiss elədim. Elə həmin gün xəstəxanadan evə ambulator müşahidəyə yola salındım. Evdə məni 14 günlük karantin gözləyirdi. Bu müddət tamamlandıqdan sonra tam sağlam olduğumu deyə bilərəm. Müalicəmə görə Azərbaycan dövlətinə və bütün həkimlərə dərin təşəkkürümü bildirirəm.
Müəllif: Mahmud Rövşənoğlu