Cəmiyyət üçün bal kimi FAYDALI OLAQMI?

Cəmiyyət üçün bal kimi FAYDALI OLAQMI?
Məhərrəm TAĞIZADƏ
Səssiz-səmirsiz uçan bir bal arısı – nə hay-küy salar, nə şikayət edər, nə də istirahət arzulayar. Amma onun qanadlarında təbiətin min illik hikməti, niyyətində isə həyatın özü gizlidir. 
Mən bu gerçəyi Türkiyədə keçdiyim arıçılıq kurslarında daha dərindən anladım – sadəcə bal istehsalını deyil, arının insan üçün örnək ola biləcək dəyərini kəşf etdim. Qazandığım biliklər mənim qəlbimə yazılan heyranlığa çevrildi. Bal arıları həyatlarını bir damla bal üçün fəda edirlər. O bal ki, onun üçün on minlərlə çiçəyə baş vururlar, kilometrlərlə məsafə qət edirlər. Hər bir arının işi vardır – kimisi tozcuq daşıyır, kimisi vəzifə başında keşik çəkir, kimisi ana arıya qulluq edir. Heç biri “bu mənim işim deyil” deməz. Hamı vəzifəsini öz vicdanı qədər yerinə yetirər. Bu nizam, bu sistem, bu fədakarlıq insanlara öyrədilən dərsdir: “Hər kəs öz işini ləyaqətlə görsə, dünya bal qədər şirin olar.” Bal arısının içində sanki bir sənətkar ruhu var. O bal pətəklərini altı küncdə, milimetr səhvsiz inşa edir. Elmi araşdırmalarda bu memarlığın mükəmməlliyi sübut olunub – amma bilin ki, arı heç bir universitet oxumayıb. Onun təhsili – müşahidədir, zəhmətdir, nizam-intizamdır. Bu fikri tələbələrə izah edəndə deyirəm: “Əgər bir bal arısı bu qədər mükəmməl sistem yarada bilirsə, siz – təhsil alan, düşünən, öyrənən insanlar nələr edə bilməzsiniz ki?”
Arı təbiətin ona öyrətdiyi dərsi əmələ çevirir. Biz də oxuduğumuzu, bildiyimizi davranışa çevirdiyimiz gün, cəmiyyət üçün bal kimi faydalı olacağıq. Mən bu kiçik canlıya indi tamam fərqli gözlə baxıram. Onun hər qanad çırpışı, hər çiçək ziyarəti, bir ömrün pıçıltısıdır – faydalı olmaq, iz buraxmaq. O, bizə heç sözlə deyil, hərəkətləri ilə öyrədir:
“Yaşamaq yalnız nəfəs almaq deyil. Yaşamaq – başqalarına işıq saçmaq, bir damla da olsa şəfa olmaq, iz buraxmaqdır.” Bu səssiz müəllim – bal arısı – insanlara hay-küy etmədən nümunə göstərir. Sözlə deyil, əməllə danışmağı, fədakarlığın səssiz formasını, səbrlə qurulan gələcəyin gözəlliyini göstərir. Hər gün günəş doğmamış pətəkdən çıxır, geri dönəndə bədəni yorğun, qanadları titrək olur – amma qəlbi doludur. O bilir ki, bu gün də bal damlasına töhfə verib. Bəli, bal arısı təbiətin dil açmayan müdrikidir. Ondan öyrənən insan isə sükutun içində həqiqəti duyan, sadəliyin içində dərinliyi anlayan insandır.

скачать dle 12.1
Geri qayıt