GERİ QAYIDIN

GERİ QAYIDIN
Naxçıvandan kənarda yaşayan naxçıvanlı şair və yazıçılara səsləniş...

ZEYNAL VƏFA

Bağrına bas Araz adlı sazı sən,
Zeynal Vəfa, Naxçıvanı vəsf elə.
Gözlərini yollarına tikdiyin
Nuh yurdunu—o məkanı vəsf elə.

ƏBÜLFƏZ NAXÇIVANLI

Qulaq ver, şairim, bu tərəflərin,
Hər dağı, dərəsi, düzü çağırır.
Öz oğlu Əbülfəz Naxçıvanlını
Qoca Şərqin dilbər qızı çağırır.

KƏMALƏ AĞAYEVA

Vətən deyiləndə şair ürəyi
Naxçıvan mehiylə ətirlənəcək.
Həmin an Kəmalə Ağayevanın
Gizli duyğuları sətirlənəcək.

ELMİRA QASIMOVA

Kövrək olur şairlərin ürəyi,
Darıxar ayrılsa doğma yuvadan.
Hər axşam Bakıdan Naxçıvanadək
Yol gələr Elmira Qasımova da.

RAMİQ MUXTAR

Dolan bu dünyanı, hey ara, axtar,
Harda yaşasan da, Naxçıvan olmaz.
Qayıt gəl, yurduna, ay Ramiq Muxtar!
Övladı sən olan Vətən basılmaz.

GÜLLÜ MƏMMƏDOVA

Güllü Məmmədova, qayıt, bu günün
Sabah tarix olan romanını yaz.
Sözüylə yurdunu vəsf eyləyəni
Tarix də, vətən də heç vaxt unutmaz.

BAYRAM İSKƏNDƏRLİ

Bayram İskəndərli göndər oxuyaq,
Kiçik hekayəyə tamarzı qaldıq.
Sənin də buradan ayrılmağına
Yazar dostlar kimi narazı qaldıq.

RÜSTƏM BEHRUDİ

Öz kəndin çağırır, Rüstəm Behrudi,
Ana çağrışına oğul səs verər.
Ruhu yurd yerindən layla dinləyər
Şair yuxusunda gül-çiçək görər.

İNQİLAB ORXAN

Keçmiş xatirələr, İnqilab Orxan,
Yatmaz, sübhə kimi gecələr burda.
Şair övladının şeirlərini
Vətənin hər daşı hecələr burda.

DƏRVİŞ CAVANŞİR

Dərvişim, havada durna səsi var,
Bu nə köçhaköçdü, bu nə gedişdi?
Məni çağırmayın öz səfinizə,
Ta gəlməz bu şair, gecdi, gecişdi.

ƏMİR PƏHLƏVAN

Təzə ssenari yaz, Əmir Pəhləvan,
Vətən həsrətinin kinosunu çək.
Bəlkə də o filmin hər kadrından
Ana nəvazişi boy göstərəcək.

BUDAQ TƏHMƏZ

Sən dəmi qoşuldun köç karvanına
Səfər hayanadı, ay Budaq Təhməz?
Nə qədər nazını çəksə də vallah
Qürbət yad oğulun qədrini bilməz.

ƏHMƏD QƏŞƏMOĞLU

Qayıt, doğma kəndin dadını çıxart,
Əhməd Qəşəmoğlu, hələ gec deyil
Şıdırğı yağışla çiçəkli bağın
Sevgisi gəl təzə şeir yaz deyir.

NƏRİMAN ZEYNALZADƏ

Qürbətdə Nəriman Zeynalzadənin
Necə xoş olar ki, halı, əhvalı.
Mən hansı məkana yığışım demə,
İlk və son məkan da vətən olmalı.

ALLAHVERDİ AQİL

Allahverdi Aqil, ay qərib yolçu,
Bir də nə vaxt düşər yolun bu yana.
Elə istəyirəm çay süfrəsində
Danışaq, dərdləşək sənlə doyana.

SƏFƏR ALIŞARLI

Bir oğul payını alıb getmisən,
Səfər Alışarlı boylan bu yurda.
Yad yerdə həmişə gözlər yol çəkər—
Gözün alışarmı ordan bu yurda?

ƏLABBAS

Sənin ki, hər sözün kənd havasıdı,
Əlabbas, şəhərdə necə dözürsən?
Qayıt öz yurduna, a köhnə kişi,
Sən kənddə olanda bil ki, özünsən.

MƏMMƏD TAHİR

Söz Tanrı nəfəsi, İlahi paydı,
Şeir Tanrının da xoşuna gəlir.
Vətənçün darıxan Məmməd Tahirin
Gördüyü yuxular başına gəlir.

KƏMALƏDDİN QƏDİM

Hər fikrin yenidi, hər sözün Qədim,
Gələr qayıtmağın yeri, dönərsən.
Şəhərdə ruhunu dindirməz hər sim
Layla havasına geri dönərsən.

RAFİQ ODAY

Rafiq Oday, yön çevir yurd yerinə,
Bir yol başlamısan, geriyə də bax.
Şıltaq uşaqlığın qalan o yerlər
Səni dostu kimi qucaqlayacaq.

SƏRVƏR MƏSUM

Baxma dağdı, daşdı, güldü, çiçəkdi,
Vətən də duyğulu bir sözə möhtac.
Hərdən bir vətənə gəl, Sərvər Məsum,
Bəlkə pıçıltını duya ot-ağac.

KƏMALƏ NƏSRİN

Dəniz yoxdu deyə, Kəmalə Nəsrin,
Gələ bilmir gəmilər Naxçıvana.
Nə vaxtsa vüsala yetişmək üçün
Çevir həsətini sən də ümmana.

RASİM GƏNZƏLİ

Vətənə məhəbbət “Qara sevda”dı,
Qayıt gəl, sevindir obanı, eli.
Gənzə ana kimi dağlar başından
Yoluna göz tikib, Rasim Gənzəli.

ALƏMZAR SADIQQIZI

Bu el çağrışıdı, eşidirsənmi?
Soruşur Aləmzər hardadır, harda?
Sən səssiz-səmirsiz çıxıb gedəndə
Həsrət qaldı balasına ana da.

NİZAMİ MURADOV

Suyundan içdiyin bu tərəfləri
Nizami Muradov, hərdən yada sal.
Şairi köç edən yurd mənzərəsi:
Qayası lal, çiçəyi lal, gülü lal.

LÜTVİYYƏ ƏSGƏRZADƏ

Qürbət səmalarda xəyala dalıb
Yollara boylanan bir göyərçinsən.
Vüsala qanad çal Lütviyyə xanım,
Sənin də yolunu gözləyir Vətən.

ƏLƏDDİN EYVAZOV

Ələddin Eyvazov, sən də köç ettin--
Susdu qürub çağı, susdu dan yeri.
Hələ ki gec deyil, qayıt yurduna,
Silsin göz yaşını, gülsün Danyeri.

FİRUDİN ŞAHBUZLU

Bax, səni səsləyir, hər dərə, hər dağ:
--Doğma yerləri də yad eylə, bir keç.
Cuşa gəlib şair təbin coşanda,
Firudin Şahbuzlu darıxmazmı heç?

HÜSEYN BAĞIROĞLU

Hüseyn Bağıroğlu ruh adamıdı
Sözü qoymaz düşsün dəyərdən şair.
Gedib o dünyaya dəyib gələndə
Bu tərəflərə də dəy hərdən, şair.

ARZU NEHRƏMLİ

Təbiət ilhamın bu yerdə alar,
Qayıt öz kəndinə, Arzu Nehrəmli.
Qayıt ki, bu yurdun bulaqları da,
Yolunu gözləyir gözləri nəmli.

ADİLƏ NƏZƏR

Ürəyin atlanar o kəndə sarı,
Uzaqdan eyləsən adicə nəzər.
Uşaqlıq illərin haraylar səni,
Cavab ver o səsə, Adilə Nəzər.

RƏHİM MEHNƏT

Rəhim Mehnət, doğma yurda qayıt ki,
Tərtəmiz havası ruhunu sarsın.
Büllur bulağından ovuclayıb iç,
Səhər küləyindən gözün yaşarsın.

JALƏ RZABƏYLİ

Sənsiz hər gecəsi qəmli bayatı...
Qayıt gəl, uzaqdan səsini dinlə.
Jalə Rzabəyli, doğma kəndinin
Döyünür ürəyi sənin eşqinlə.

İLQAR QULUSOY

Sənin də getməyin, İlqar Qulusoy,
Bu yurdun xətrinə yaman dəyibdi.
Səni hər görəndə hiss edirəm ki,
Vətən gözlərində çiçəkləyibdi.

RAHİB SALEH

Rahib Saleh, naxçıvanlı balası,
Qərib ellər səni xoşbəxt edərmi?
Şahbuz kimi el-obası olan kəs,
Öz yurdunu tənha qoyub gedərmi?

İMAN ƏLİOĞLU

Şairlər ilk eşqdən yaralanırlar,
İman, əruzunda gözəli yaşat.
Getdiyin yerlərdə qəzəlxan çoxdur,
Dön geri, yurdunda qəzəli yaşat.
Vətənin adından Elxan Yurdoğlu
Dil açdı, dərdini sizlə bölüşdü.
Bu gündən birləşin, bir müjdə verin
Sabah Naxçıvana sözlü dönüşdü.
04-01-2014—04-01-2015
Naxçıvan
скачать dle 12.1
Geri qayıt