Ölkəmizdə X Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 2-dən 8-dək Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair – 2024) keçiriləcək. Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunan yubiley sərgisində 18 ölkə təmsil olunacaq. Bakı Ekspo Mərkəzində keçiriləcək sərgi müəyyən edilmiş indekslər üzrə regionun ən böyük kitab festivalıdır.Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. Son üç ildə 5 gün keçirilən kitab bayramı bu il 7 gün davam edəcək. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək.Sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq.Sərgiyə giriş ödənişsizdir.