Vətənpərvərlik hissinin yüksəldilməsi zərurəti və yolları
Mehranə VəliqızıMüasir dövr öz mürəkkəbliyi və həssaslığı ilə fərqlənir. Bu mürəkkəblik və həssaslıqsa ildən ilə daha da artır. Nəqliyyat, rabitə vasitələri, internet, sosial şəbəkələr indiki zamanda cəmiyyətdə böyük bir inqilab etməkdədir. Baş verən siyasi hadisələr, müharibələr görünməmiş problemlər yaratmaqdadır. Belə bir vəziyyətdə hər bir xalqın özünü təsdiq etməsində, tərəqqisində və gələcək taleyində vətənpərvərlik məsələsi daha da aktuallaşır.
Vətənpərvərlik hissi insanlara ölkənin, xalqın gələcək taleyi yolunda birgə uğurlar qazanmağa kömək edir. Vətənpərvərlik hissi bir ali məqsəd kimi qarşıda dayanır və bu hissləri güclü olan hər bir insanı ciddi fəaliyyətə səsləyir.
Təəssüf ki, əksər vaxtlarda vətənpərvərlik haqqında danışanda bir çoxları ümumi, mücərrəd sözlərdən istifadə edərək qeyri-dəqiq izahlar verir.
Vətənpərvərlik xalqın bir bütöv sistem kimi formalaşmasına, bu sistemdə ahəngdar münasibətlər yaranmasına, ümum məqsəd, özünü müdafiə, gələcək uğrunda mübarizədə birlikdə fəaliyyət göstərməyə olduqca güclü şəkildə kömək edən bir güclü amildir.
Vətənpərvərlik haqqında danışdıqda, bəziləri onu şovinizmlə, hətta faşizmlə qarşışıq salır. Buna ən aşkar misal kimi, alman faşizmini və erməniçilik fəlsəfəsini göstərmək olar. Belələri bir qayda olaraq öz mənsub olduqları xalqın fövqəl qüdrətindən, öz mistik üstünlüklərindən danışırlar. Bütün tarix göstərir ki, vətənpərvərliyin bu mənada başa düşülməsi, onun həyata keçirildiyi ərazini hər zaman təhlükəyə, böyük dağıntılara aparır. Vətənpərvərlik, başqa xalqlara hörmət, yer üzünün gələcəyinə qayğı əsasında formalaşdıqda isə, bu həmin ərazinin tərəqqisinə, uğurlarına səbəb olur. Türk dünyasının, eləcə də türk dünyasının bir hissəsi olan Azərbaycanın müdrik insanları hər zaman insanları, xalqları məhz qarşılıqlı hörmətə səsləyib. Buna misal olaraq Türk dünyasının olduqca məşhur olan dastanlarını, eləcə də Xaqanidən, Nizamidən, Nəsimidən, Füzulidən tutmuş, o ənənələr əsasında formalaşmış müasir ədəbiyyatımızda- yazıçılarımızın, şairlərimizin əsərlərində də görmək olar.
Əslində, əksər ciddi elmi nəzəriyyələrin, fəlsəfə elminin göstərdiyi kimi, vətənpərvərlik hansısa bir ölkənin, xalqın üstünlüklərini nümayiş etdirmək deyil. Əksinə, müəyyən bir ərazidə insanlar arasında həmin ərazinin, bütün yer üzünün humanist dəyərlərə əsaslanan tərəqqisinə kömək edən ahəngdar münasibətlərin yaranmasıdır. Bizim folklorumuz da, ədəbiyyatımız da, dinimiz də belə münasibətlərin yaradılmasına çağırır. Biz, bu potensialımızdan daha yaxşı istifadə etdikcə daha da güclənirik.
Biz, öz xalqımızı, ərazi bütövlüyümüzü də, gələcəyimiz uğrunda belə dəyərlər əsasında formalaşdırdıqca, bu dəyərlər uğrunda mübarizə apardıqca, daha çox uğurlara nail oluruq. Bu məsələdə isə təhsil sistemimizin həqiqi, elmdə deyildiyi kimi, “mütərəqqi vətənpərvərliyin” formalaşmasında müstəsna əhəmiyyəti vardır. Amma təəssüf ki, biz hələ təhsil sistemimizin bu potensialından lazım olan qədər istifadə etmirik. Halbuki, biz, bu potensialdan lazımi şəkildə istifadə etsək, bu həm öz xalqımızın, həm də ümumilikdə bütün yer üzünün tərəqqisinə xeyli kömək edə bilər.
Elmə görə, vətənpərvərlik də bir davranış formasıdır. İnsanın davranışının formalaşmasına isə əsasən aşağıdakı 4 amil mühüm təsir edir: 1) insanın, sosial qrupun öz şəxsi keyfiyyətləri; 2) insanın, sosial qrupun fəaliyyətdə olduğu mühit; 3) onların aldıqları informasiyaların intensivliyi və məzmunu və 4) üstünlük verdikləri dəyərlər.
Mən, bu yazımda diqqəti daha çox “mühit” amilinə yönəltmək istəyirəm. Əslində o biri 3 amil də elə mühitin formalaşmasında mühüm rol oynayır. İndiki vaxtda təhsil müəssisələrimizdə mühit heç də arzu olunan şəkildə deyil. Bunu müəllimlərin, şagirdlərin geyimindən tutmuş, bir-birlərinə münasibətlərinə qədər müşahidə etmək olar. Çox təəssüf ki, indi özünü “təhsil eksperti” kimi təqdim edən bəzi insanlar hamıya təlqin etməyə çalışır ki, demokratik cəmiyyətdə başqalarının geyim məsələsinə müdaxilə etmək olmaz. Mən bu müddəanı tamamilə səhv və ziyanlı hesab edirəm. Təhsil alanlarımızın hər biri elə bir yaraşıqlı, təmiz geyinməlidir ki, bu sinifdə gərginlik, dərsə qarşı diqqətsizlik yaratmasın. Xeyli nöqsanları olan sovet təhsil sistemində də bu məsələlərə diqqət verilirdi. Dünyanın aparıcı, ciddi təhsil müəsisələrində də hər zaman təhsil alanların geyimində bu məsələyə mühüm əhəmiyyət verilir. Çox təəssüf ki, bizim məktəblərdə geyim məsələsinə diqqət verilmir. Bəzən müəllimlər dərsə olduqca vulqar bir görkəmdə gəlir. Onları elə görən şagirdlərsə bir az da qabağa gedir, dərs prosesində şagirdlərin diqqəti daha çox geyimdə olur.
Düşünürəm ki, Təhsil Nazirliyimiz, humanitar məsələlərə məsul olan digər hökumət qurumlarımız bu məsələyə daha ciddi yanaşmalı və dünyanın ən aparıcı təhsil müəssisələrinin təcrübəsi əssında lazımi davranış normaları müəyyən etməlidir.
