HİRKAN KURQANLARI

Lənkəran rayonunun arxeoloji abidələri sırasında Hirkan kurqanları da vardır. Kurqanlar rayonun eyniadlı qəsəbəsinin ərazisində ayrı-ayrı məkanlarda yerləşir. 1965-ci ildə Hirkan qəsəbəsi ərazisindəki kurqanlardan birində qədim silah nümunələrindən tunc qılınc tapılmışdır.
Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fərman Mahmudova istinad olunan "Lənkəran: ensiklopedik məlumat” kitabında tapılmış bu qılınc haqqında yazılır: "Tunc qılıncın ensiz tiyəsinin ortası hər iki üzdən qabarıq olub, kəsikdə dairə əmələ gətirir. Tiyənin çiyinlərində onu dəstəyə bərkitmək üçün deşiklər açılmışdır. Qılıncın saplağı qopmuşdur. Tiyənin uzunluğu 69 sm, eni 2,8 sm-dir. Jak –de Morqan bildirir ki, bu tip qılınc tiyələr Talışın Son Tunc dövrü qəbir abidələri üçün səciyyəvidir. "Avrora” (indiki Hirkan – İ.Ş.) qəsəbəsində tapılmış xəncər dəstəyinin formasına görə Masallı rayonunun Hişkədərə kəndində əldə edilmiş xəncərlərə yaxındır. Tunc dövrünə aid xəncərlərə Lerikin Veri, Coni kəndlərində də rast gəlinmişdir” (Mirhaşım Talışlı, Etibar Əhədov. II nəşr. B., 2017, səh. 533).
Bu tip qılınclardan ikisi Lənkəran tarix-diyarşünaslıq muzeyində saxlanılır. Muzeyin qədim dövr bölməsində İlk Tunc dövründən başlamış Orta əsrlər dövrünə qədər qiymətli materiallar toplanmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Hirkan kurqanları 1510 invertar sayı ilə Tunc dövrünə (e.ə. IV-II minillik) aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınmışdır.
Qeyd edək ki, Hirkan qəsəbəsi Lənkəran şəhərindən 15 km cənubda, Bakı-Astara şose yolunun üstündə, Astara rayonu ilə sərhəddə yerləşir. Yaşayış məntəqəsinin əsası çayçılıq təsərrüfatının yaradılması ilə əlaqədar 1933-cü ildə qoyulmuş, 1964-cü ildə qəsəbə statusu almışdır. Qəsəbə 1999-cu ilə qədər "Avrora” adlanmışdır. Qəsəbənin ərazisi 472 hektar, əhalisi iki min nəfərdir.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun
Havzava kənd tam orta məktəbinin tarix müəllimi