Azərbaycanın enerji siyasəti uğurlu perespektivlər VƏD EDİR

2023-cü ilin fevralın 13-də Bakıda "Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib və Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirdə çıxış edib. O əminliklə bildirib ki,biz 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik və bu, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Mingəçevir hazırda elektroenergetika sahəsində Azərbaycanın əsas şəhəridir və orada fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki,Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Sovetlər İttifaqının tərkibində olduğumuz dövrdə ümumi generasiya gücü 2400 meqavat olan stansiyanın tikilməsi ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür.
Azərbaycan prezidenti daha sonra vurğulayıb ki,təbii olaraq illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış bu bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi demək idi.
Həmin tədbirdə president vurğulayıb ki, Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Prezident qeyd edib ki, yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.
Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də, ilk növbədə, bu məqsədi güdür.
Beləliklə, biz az vəsaitlə böyük enerji potensialına malik olacağıq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi "Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Yenə də nəzərə alsaq ki, burada iş əmsalı çox yüksək olacaq, təbii qaza böyük qənaət olacaq, bir neçə il ərzində əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq.
Yəni, bu, hərtərəfli uğurlu bir layihədir. Baxmayaraq ki, hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Buna baxmayaraq, ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir.
Azərbaycan prezidenti bildirib ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətlər və "Made in Italy” naziri iştirak edir. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik. Əlbəttə ki, "Azərenerji” ilə İtaliyanın "Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. Bildirməliyəm ki, "Azərenerji” ilə "Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də "Ansaldo” və "Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev İtaliya ilə Azərbaycan arasında strateji əməkdaşlıq münasibətlərinin əhəmiyyətinə geniş şəkildə toxunub. O qeyd edib ki, şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və "Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir.
İlkin Əliyev
YAP Qaradağ rayon təşkilatının fəal gənci